• şənbə, 26 Sentyabr, 02:44
  • Baku Bakı 22°C

Qrenlandiya uğrunda mübarizədə növbəti mərhələ

26.09.26 02:03 18
Qrenlandiya uğrunda mübarizədə növbəti mərhələ

Avropa və ABŞ arasında Qrenlandiya böhranı sülhlə başa çatıb. Vaşinqton ada üzərində Danimarkanın suverenliyini tanıyıb. Kopenhagen isə ABŞ-nin ada ilə bağlı hərbi planlarına yaşıl işıq yandırıb. 

Qrenlandiya ətrafında ABŞ ilə Avropa ölkələri arasında mübahisə Donald Trampın “maksimum tələb irəli sürmək taktikası”na uyğun bir sazişlə başa çatıb. Vaşinqton, Kopenhagen və Nuuk təhlükəsizlik sahəsində yeni razılaşma əldə ediblər ki, bu da Danimarkanın suverenliyini qoruyur. Eyni zamanda razılaşma ABŞ-yə adada hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirmək yolunu açır, potensial rəqiblərinə isə adaya girişini bağlayır. 

Vaşinqtonun "yazılı razılığı"

Ağ Evin rəhbəri qeyd edib ki, Vaşinqton Qrenlandiyanın və ABŞ-nin təhlükəsizliyini təmin etmək üçün adada "lazım olan hər şeyi" etmək imkanı əldə edib. Trampın sözlərinə görə, razılaşma həmçinin Qrenlandiyada istənilən hərbi mövcudluğun və ya investisiyanın Vaşinqtonun "yazılı razılığı" ilə həyata keçirilməsini nəzərdə tutur. Bu razılaşma Tramp administrasiyasının Qrenlandiya ilə bağlı əvvəlki ritorikasından fərqli olaraq, məsələnin ərazi əldə edilməsi deyil, ilk növbədə strateji təhlükəsizlik və hərbi iştirak müstəvisinə keçirildiyini göstərir. ABŞ artıq Qrenlandiyada mövcud olan hərbi imkanlarını genişləndirmək və Arktikadakı strateji mövqeyini gücləndirmək niyyətindədir. 

Qrenlandiyanın təhlükəsizliyinə “daimi nəzarət”

Razılaşmanın ən mühüm məqamlarından biri Qrenlandiyanın statusu ilə bağlıdır. Tramp razılaşmanın ABŞ-yə Qrenlandiyanın təhlükəsizliyi üzərində “daimi nəzarət” imkanı verəcəyini bildirib. Lakin Danimarka və Qrenlandiya rəhbərliyi bu ifadənin adanın suverenliyinin ABŞ-yə verilməsi anlamına gəlmədiyini vurğulayıb. Danimarkanın Baş naziri Mette Frederiksen razılaşmanın Danimarka Krallığının suverenliyini və ərazi bütövlüyünü, həmçinin Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıdığını bildirib. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen də razılaşmanın onların maraqlarını və beynəlxalq əməkdaşlıqdakı yerini nəzərə aldığını açıqlayıb. 

Beləliklə, hazırkı məlumatlara əsasən, razılaşma Qrenlandiyanın ABŞ-yə birləşdirilməsini və ya onun Danimarkadan ayrılaraq ABŞ-nin tərkibinə keçməsini nəzərdə tutmur. Əksinə, əsas diqqət təhlükəsizlik və hərbi əməkdaşlığın genişləndirilməsinə yönəlib. Razılaşmanın tam mətni isə hələ ictimaiyyətə açıqlanmayıb. Müzakirə olunan daha bir detal – razılaşmada ABŞ raket sistemləri, o cümlədən Trampın yaratdığı "Qızıl Günbəz" HHM-nin elementlərinin adada yerləşdirilməsi ehtimalıdır. Əgər bu planlar sazişin yekun konfiqurasiyasına daxil olarsa, Qrenlandiyanın ABŞ-nin müdafiəsi üçün əhəmiyyəti daha da artacaq.
ABŞ artıq Qrenlandiyanın cənubunda soyuq müharibə dövründən qalan hərbi bazanı bərpa etməyi, həmçinin şərq sahilində daha bir baza yaratmağı planlaşdırır. Bazaların yaradılması ABŞ, Danimarka və Qrenlandiya arasında üçtərəfli sazişdə nəzərdə tutulub. 

NATO daxilindəki kəskin münaqişə aradan qaldırılır

Sazişin daha bir nəticəsi - NATO daxilindəki kəskin münaqişənin aradan qaldırılmasıdır. NATO üçün belə kompromis ikiqat əhəmiyyət daşıyır. Bu razılaşma Qrenlandiyanın statusu ilə bağlı iki NATO müttəfiqi arasında birbaşa münaqişə təhlükəsini aradan qaldırır və eyni zamanda alyansın şimal cinahını gücləndirir. Əvvəllər müzakirə olunan ABŞ rəhbərliyi altında adada blokun çoxmillətli komandanlığı ideyası göstərir ki, söhbət yalnız ABŞ bazasından deyil, daha geniş təhlükəsizlik arxitekturasından gedir.

Rusiya və Çinin mövqeyi necədir?

Nə Moskva, nə də Pekin ABŞ-nin Qrenlandiya üzərində nəzarət qurmaq perspektivini alqışlayıb. Rusiya Prezidenti Vladimir Putin ilin əvvəlində Kremlin Qrenlandiyada baş verənlərlə əlaqəsi olmadığını və bu mübahisəni Danimarka ilə ABŞ-nin həll etməli olduğunu bəyan edib. XİN rəhbəri Sergey Lavrov da Rusiyanın Qrenlandiyanı ələ keçirmək planlarının olmadığını və Vaşinqtonun bunu əla bildiyini təsdiq edib. Onun sözlərinə görə, adada Rusiyaya qarşı yönəlmiş hərbi potensial yaradılarsa, RF "adekvat əks-tədbirlər" görəcək. RF XİN nümayəndəsi Mariya Zaxarova dəfələrlə vurğulayıb ki, nə Rusiya, nə də Çin heç vaxt Qrenlandiya ilə bağlı aqressiv planlar elan etməyib.

Sənəd əbədi qüvvədə olacaq

Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp, həmçinin Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen ümumi təhlükəsizliyin möhkəmləndirilməsinə və ABŞ-nin Qrenlandiyada hərbi mövcudluğunun gücləndirilməsinə yönəlmiş saziş imzalayıblar.
Tramp bu sazişin uzun müddət hazırlandığını qeyd edib: "Bu, Avropa və Birləşmiş Ştatlar üçün böyük bir addımdır".
Frederiksen də bu razılaşmanı yüksək qiymətləndirərək sənədin əbədi qüvvədə ola biləcəyini bildirib. Onun sözlərinə görə, saziş ümumi təhlükəsizliyin və çəkindirmə sisteminin gücləndirilməsini nəzərdə tutur, həmçinin tərəflərin rəqiblər qarşısında birlik nümayiş etdirməsini təmin edir.

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər