AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xocalı soyqırımı: Erməni yalanlarını ifşa edən beynəlxalq sənədlər

Xocalı soyqırımı: Erməni yalanlarını ifşa edən beynəlxalq sənədlər

Cəmiyyət
22 Fevral 2020, 12:30 407
Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında yaşanan Dağlıq Qarabağ debatı bir çox cəhətdən yaddaqalan oldu. Xüsusən Ermənistan Baş naziri N.Paşinyanın tarix, coğrafiya, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurası qətnamələrini təhrif etməsi və ya edə bilməməsi Azərbaycan ictimaiyyəti tərəfindən kəskin reaksiya ilə qarşılandı. Lakin debatı bir cümlə ilə şərh etsək, Prezident İlham Əliyevin hücumda, N.Paşinyanın isə müdafiədə olduğunu deyə bilərik ki, bu da Azərbaycanın 2003-cü ildən başlatdığı "hücum diplomatiyası”nın davamı kimi qiymətləndirilməlidir. Əlbəttə, beynəlxalq ictimaiyyət qarşısında belə bir debat müsbət qiymətləndirilə bilər, çünki Qarabağı azad etmək üçün əvvəla beynəlxalq aləmə Prezident Əliyevin ifadəsi ilə həqiqətləri çatdırmaq vacibdir. Bu mənada, debat son illərdə diaspor və lobbi fəaliyyətində Azərbaycanın əldə etdiyi üstünlüyün davamına xidmət edir.
Lakin debatda yaddaqalan müzakirə məsələlərindən biri də dünya ictimaiyyətinin, dünya mətbuatının, beynəlxalq təşkilatların və 10-dan çox dövlətin parlamentinin qəbul etdiyi və erməni siyasətçilərin istəməyərək etiraf etdiyi Xocalı soyqırımını inkar etməsi oldu. Xocalı soyqırımının qəbulu və tanınması Ermənistan və erməni millətçilərinin dünyada özləri haqqında illərdir formalaşdırmağa çalışdıqları strategiyanın dağıdılması deməkdir.
1991-ci ilin sonuna qədər Dağlıq Qarabağ ərazisində tərəflər arasında ciddi bir silahlı toqquşma yaşanmamışdı. Lakin 1991-ci ilin avqustunda Moskvada yaşanan uğursuz hərbi çevriliş cəhdindən sonra Dağlıq Qarabağdakı separatçılar sürətlə silahlanmağa və mülki Azərbaycan əhalisinə qarşı hücumlarını artırmağa başladılar. Xocalı da Xankəndini nəzarətdə saxladığı üçün strateji əhəmiyyəti səbəbi ilə işğal olunacaq ilk hədəflərdən biri idi.
25 fevral 1992-ci ildə gecə saat 22.00-da Xankəndində olan və çoxu erməni silahlılarından formalaşan 366-cı Motoatıcı Alay Xocalıya üç tərəfdən hücuma keçdi. 26 fevral sabahına qədər ağır silahlardan davam edən atəş nəticəsində 613 nəfər mülkü əhali qətl edildi, 487 nəfər əlil oldu və 1275 nəfər əsir alındı. Bu əsirlərdən 150 nəfərinin hələ də taleyi məlum deyil. Onlardan 68-i qadın və 28-i uşaqdır.
Xocalıda yaşanan soyqırımı dövrün yerli və xarici mətbuatı tərəfindən işıqlandırıldı. Amerikalı ekspert Svante Kornellə görə, ermənilərin Xocalıda yaşayan insanları öldürməklə 2 əsas məqsədi vardı: birincisi, mülki əhalinin Xocalıya qayıtmasının qarşısını almaq, ikincisi isə Xocalıya yaxın ərazilərdə yaşayan mülkü azərbaycanlıları qorxudaraq Dağlıq Qarabağ ətrafındakı rayonların işğalını asanlaşdırmaq. Təsadüfü deyil ki, Xocalıda yaşanan soyqırımı ətraf rayonlarda mülkü əhali arasında bir qorxu yaradaraq işğalı sürətləndirdi.
Hadisədən 1 həftə sonra BMT-nin Memorial İnsan Hüquqları təşkilatı Xocalı hadisəsi haqqında bir hesabat hazırladı. (https://memohrc.org/ru/reports/doklad-pravozashchitnogo-centra-memorial-o-massovyh-narusheniyah-prav-cheloveka-svyazannyh-s). Hesabat Xocalıda törədilən soyqırımında erməni silahlılarını günahkar göstərirdi. Memorial İnsan Hüquqları Təşkilatının hesabatına görə, Xocalıdan qaçan mülki əhali yollarda erməni silahlılar tərəfindən qətlə yetirilmişdi. Əsir alınanlar isə işgəncə ilə öldürülmüşdü. Memorialın qeydlərini o dövrdə Qarabağda xidmət edən rus zabit Yuriy Qirçenko da yazdığı kitabında paylaşmışdır. Qirçenko "Olmayan Dövlətin Ordusu” başlıqlı kitabında bunları yazmışdır: "Naxçıvan istiqamətinə gedən sivil əhali yolda ermənilərin ağır silahlardan atəş açması nəticəsində öldürüldü. Xocalıdan qaçanların bir hissəsi də Gülablı istiqamətinə getdi və onlar da erməni silahlıları tərəfindən öldürüldü. Burdan əsir aldıqları insanları isə işgəncələrlə öldürdülər”.
Əlbəttə, Ermənistanın keçmiş prezidenti və Xocalı soyqırımını törədənlərdən biri olan Serj Sarqisyanın etirafı hamımıza məlumdur. Sarqisyanın Tomas de Valla verdiyi müsahibədə "Xocalıya qədər azərbaycanlılar düşünürdü ki, biz mülkü əhalini öldürmərik, amma Xocalıda biz bunu etdik” sözlərindən başqa da sözlər var. Sarqsyanın "Xocalıya hücum edən əsgərlərimiz Bakıda və Sumqayıtdan qaçan ermənilərdən meydana gəlmişdi”- sözləri mülki əhali öldürməyi əvvəlcədən planlandığını göstərir. Digər tərəfdən erməni polis mayoru Valeri Babayanın "Xocalıya hücum edənlər Sumqayıt və Bakıdan gələn ermənilərdən ibarət idi”, sözləri də Sarqisyanı təsdiqləyir. Görünən odur ki, erməni tərəfi Xocalıda mühasirədə olan əhalini öldürmək üçün xüsusi bir "İntiqam Birliyi” qurmuşdur. Bu isə BMT-nin 1948 Soyqırımın Önlənməsi və Cəzalandırılması Konvensiyası şərtlərinə görə Xocalıda yaşanan hadisənin soyqırımı olaraq qiymətləndirilməsinə yol açır.
Xocalı soyqırımının erməni silahlıları tərəfindən törədildiyi haqqında sübutları daha da çoxaltmaq mümkündür. Bunlardan biri də 1997-ci ildə Ermənistan xarici İşlər Nazirliyinin Xocalı soyqırımı haqqında açıqlamasına Helsinki İnsan Hüquqları Təşkilatının icraçı direktoru Holli Kartnerin cavabıdır. 1997-ci ili mart ayının 3-də Ermənistan Xarici İşlər Nazirliyi açıqlama verərək Xocalının Azərbaycan daxili siyasətində iqtidar-müxalifət çəkişməsi nəticəsində yaşandığını iddia edir. Bu açıqlamadan sonra İnsan Hüquqları Təşkilatınım icraçı direktoru Holli Kartner Ermənistan hökumətinə cavab məktubu yazaraq Ermənistan hökumətinin iddialarının doğru olmadığını və Xocalıda yaşananlardan silahlı ermənilərin məsul olduğunu qeyd etmişdir. Kartner ayrıca bunları qeyd etmişdir "Nə Xocalıda yaşananlar, nə də Xocalıdan köçən azərbaycanlıların ifadələri sizin "azərbaycanlıların özləri daxili siyasət mübarizəsi səbəbi ilə Xocalı qətliamını törətdi” tezisinizi dəstəkləmir.... Biz hələ də Xocalıda mülkü əhalinin qətl olunmasından Qarabağ ermənilərini məsul tuturuq”. (http://www.hrw.org/en/news/1997/03/23/response-armenian-government-letter-town-khojaly-nagorno-karabakh)
Göründüyü kimi beynəlxalq sənədlər və təşkilat rəhbərləri bu məsələnin ermənilər tərəfindən törədildiyini şübhə qalmayacaq şəkildə göstərir. Ermənistan tərəfi istər Qarabağın işğalında, istərsə də 1915-ci il hadisələri məsələsində özlərini məsum və hüquqları pozulan tərəf kimi təqdim etməyə çalışır. Xocalı soyqırımının beynəlxalq aləm tərəfindən tanınması və bunda erməni tərəfini günahkar görməsi isə onların formalaşdırmağa çalışdığı bu mifin qarşısını aldığı üçün Xocalını inkar etməyə çalışırlar.

Cavid Vəliyev,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri