Xilaskarlıq missiyası - Fotolar
XX əsrin sonuna doğru – 1991-ci ildə müstəqilliyini
yenidən bərpa edən Azərbaycanda ilk vaxtlar dərin böhran yaşanıb. AXC-Müsavat
hakimiyyətinin təcrübəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması səbəbindən
idarəetmədə ciddi səhvlərə yol verilib. Ermənistanın Azərbaycan ərazilərini
işğal etdiyi həmin dönəmdə ölkə daxilində vəzifə kürsüsü uğrunda mübarizə kəskin
xarakter alıb. Bununla yanaşı, 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən
silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, ölkə daxilində qardaş
qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə
separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət
kimi varlığına son qoyulması ilə üzləşdirib. Belə bir gərgin və böhranlı vəziyyətdə
xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlayıb. Hətta 1992-ci ilin oktyabrında
bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının
(YAP) yaradılmasını təklif ediblər. 1993-cü ilin 4 iyun hadisələrindən – Gəncədə
qardaş qanı axıdılandan sonra o zamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət
etməyə məcbur olub. O vaxtkı prezident Əbülfəz Elçibəy və siyasi hakimiyyətdə təmsil
olunan digər şəxslər tərəfindən ulu öndər Heydər Əliyev Bakıya dəvət olunub.
İyunun 9-da Bakıya gələn Heydər Əliyev ölkənin xaos, vətəndaş qarşıdurması,
dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi istiqamətində tədbirlərə
əl atıb, tarixi missiyasını həyata keçirib. 1993-cü il iyunun 15-də ulu öndər
Heydər Əliyev Milli Məclisin sədri seçilib və bu gün Azərbaycan xalqının
tarixinə Milli Qurtuluş Günü kimi düşüb.
Milli dövlət
və modern cəmiyyət quruculuğu
Milli Məclisin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq
Hikmət Babaoğlumövzuya dair "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, tariximizə Milli
Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günündə ümummilli lider Heydər
Əliyevin Azərbaycan parlamentinə sədr seçilməsi ölkəmizin siyasi tarixində
keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olub. Onun fikrincə, ölkənin mürəkkəb
kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan
sonra mümkün olub. Millət vəkili deyib ki, ümummilli lider Heydər Əliyevin zəngin
dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və
bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütəmadi
eskalasiya vəziyyətində qeyri-müəyyənliklə təzahür olunan destruktiv proseslərin
mərhələli şəkildə neytrallaşdırılmasına nail olunub: "Həmin tarixi dövrün
qanunauyğunluqlarına və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə
gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu
prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra
dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə
müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda
isə siyasi sabitliyin təmin edilməsi lazım idi ki, ümummilli lider Heydər
Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərindən hərəkət edərək buna
nail oldu”.
Ulu öndərin
sistematik tədbirlər planı
H.Babaoğlu bildirib ki, ulu öndər Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə gəlişindən sonra da dövlət çevrilişlərinə cəhdlər edilsə
də, onların qarşısı siyasi rasionallıqla zamanında atılmış addımlar və görülmüş
tədbirlər sayəsində alınıb: "Əgər 1991-1993-cü illər ərəfəsində edilmiş
çevriliş cəhdləri hakimiyyət boşluğu və böhranından, ölkəyə rəhbərlik edən şəxslərin
siyasi irrasionallığından qaynaqlanırdısa, 1993-cü ildən sonrakı cəhdlər
ümummilli lider Heydər Əliyevin siyasi sabitliyi və ümummilli bütövlüyü təmin
etmək üçün gördüyü tədbirlərə əks reaksiya idi. Ulu öndərin sistematik tədbirlər
planının fonunda məlum çevriliş cəhdlərinin arxasında və əsasında duran
dağıdıcı daxili və xarici qüvvələr ölkəmizdə siyasi sabitliyin təmin edilməsinə
yönəlik strateji tədbirlərin qarşısını almağa və ölkədə yenidən anarxiya mühitini
bərpa etməyə çalışıblar. Lakin ölkədəki situasiya əvvəlki kimi deyildi. Belə
ki, ulu öndər Heydər Əliyevin sürətli strateji tədbirlər planı və milli siyasəti
sayəsində ictimai-siyasi palitrada kardinal səciyyə daşıyan mərhələli
reformativ tədbirlər görülmüşdü və bunun sayəsində bölücü faktorların
neytrallaşdırılması mümkün idi. Bütün bu strateji tədbirlər sayəsində məhz bu
cür də oldu. Yəni, bölücü faktorların neytrallaşdırılmasına və ictimai-siyasi
müstəvidə siyasi sabitliyin təmin olunmasına nail olundu. Bu kritik tarixi
hadisədən sonra Azərbaycan etnik və regional seperatçılıqdan, vətəndaş müharibəsindən
qurtuldu, ölkəmizdə ən yeni siyasi tariximizin fundamental təməlləri yaradıldı
və Azərbaycan sabit və dinamik inkişaf yoluna çıxarıldı. Bu gün də həmin yol
inamla davam etdirilir. Heç şübhəsiz ki, bu Azərbaycan Prezidenti İlham
Əliyevin gərgin əməyi səmərəli fəaliyyəti sayəsində mümkün olur. Olduqca mürəkkəb
bir regionda hazırkı inkişafa və sabitliyə nail olmaq yalnız 4 iyun hadisələrindən
obyektiv dərs çıxarmaq və onun nəticələrini düzgün qiymətləndirməklə mümkün ola
bilərdi ki, Azərbaycan da bunu bacardı”.
Heydər Əliyev
Azərbaycanı məhv olmaqdan xilas etdi
Milli Məclisin
Elm və təhsil komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı da qeyd edib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan
tarixinin şərəfli səhifələrindəndir. Millət vəkili bildirib ki, Azərbaycanın
dövlət müstəqilliyinin bərpası heç də asan olmayıb. Onun sözlərinə görə, hansı
sistemdə və rejimdə yaşamasından asılı olmayaraq, Azərbaycan xalqı daim müstəqilliyə
can atıb: "Dövlət müstəqilliyinin bərpası çox ağır şəraitdə olub. Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü, vətəndaş müharibəsi və ölkənin parçalanmaq təhlükəsi
onsuz da gərgin olan vəziyyəti daha da çətinləşdirmişdi. Yalnız 1993-cü ilin
iyununda ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu təhlükələrin
qarşısı alındı. Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. Ulu öndər
müstəqilliyimizin qorunması, ölkəmizin inkişafı istiqamətində zəruri addımlar
atdı, "Əsrin müqaviləsi” imzalandı, müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası qəbul edildi. 1993-cü ildən ötən 10 il ərzində həm daxili həm də
xarici siyasət tarazlaşdırıldı, dövlətimizin dünya siyasətində rolu artdı, Azərbaycan
rəqabətədavamlı ölkə oldu. Azərbaycan xalqının sabaha ümidi yarandı, nikbinliyi
artdı. 2003-cü ildən sonrakı illərdə isə ulu öndərin siyasəti Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir”.
Müasir tariximizdə
dönüş nöqtəsi
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə deyib ki, ulu öndər Heydər Əliyev həyatının
böyük hissəsini Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə onun əməyi
özünü göstərir. "Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında
göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur” söyləyən millət vəkili vurğulayıb
ki, onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır:
"Müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz
fəaliyyəti ölkəni xaos və anarxiyaya sürükləyirdi, ölkə parçalanmaq, müstəqilliyini
itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Digər tərəfdən, cəbhədəki uğursuzluqlar,
iqtisadi və sosial böhran vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir çətin vəziyyətdə
xalq yeganə çıxış yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında
gördü. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv
olmaqdan, parçalanmaqdan xilas etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra ölkəmiz bəlalardan qurtuldu, həmin dövrdə ulu öndərin həyata
keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və
dünyada tanınmağa başladı. Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi,
Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt
səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid
altında idi, lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində
Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər
həyata keçirilməyə başlandı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan
parlamentinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsi
oldu”.
"İqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir”
A.Hüseynov qeyd edib ki, Heydər Əliyevin
qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı
da inkişaf yoluna qədəm qoyub: "Ölkə iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda
Heydər Əliyev belə bir devizlə çıxış etdi: "İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir”. Həmin dövrdə ulu öndər Azərbaycanın gələcək inkişaf perspektivlərini
çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil
etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı. Məhz
buna görə də o, ölkənin gələcəyinin, dövlətimizin inkişafının məhz
iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkdi. Ümummilli lider Heydər
Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində
dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib”.
Böyük ürəkli Vətən oğlunun öz xalqı qarşısında misilsiz fədakarlığı
Milli Məclisin
Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev də hesab edir ki, Azərbaycan xalqının tələbi ilə
1993-cü il iyunun 15-də yenidən hakimiyyətə gətirilən ulu öndər Heydər Əliyev
öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada
tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.
Onun sözlərinə görə, məhz bu baxımdan 15 iyun Azərbaycanın müstəqillik tarixinə
Milli Qurtuluş Günü kimi daxil olub. Millət vəkili bildirib ki, haqlı olaraq
sonralar xalqın istəyi ilə Milli Məclis ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıtdığı 15 iyun tarixini 1997-ci ilin 27 iyununda Milli Qurtuluş Günü kimi rəsmiləşdirib:
"Milli Məclisin həmin tarixi qərarında deyilir ki, Azərbaycan xalqının
azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə
Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində,
onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında
qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli
bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında,
"ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” – deyib, meydana atılan
böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı
idi”.
Möhkəm və
sarsılmaz inam
Sonda bir daha vurğulayaq ki, Milli Qurtuluş Günü
xalqımızın Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli,
obyektiv qiyməti əks etdirir. Ulu öndər Heydər Əliyevin tarixi missiyasının həyata
keçirilməsi üç güclü faktor üzərində qurulub. Bunlar xalqın Heydər Əliyevə olan
möhkəm və sarsılmaz inamı, dəstəyi, onun şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti,
ulu öndərin xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız sevgisidir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması,
onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik
inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü
deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün
insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi olub və
olacaqdır.
Rufik
İSMAYILOV