Xəyallar dünyasına real səyahət - REPORTAJ
Bu gün də kasıb ailələrin uşaqlarının "PlayStation”
arzusunu, o ist’yin əlçatmazlığını görəndə anlayırsan ki, dünyada mahiyyətcə çox
şey dəyişmir, başqalaşan ancaq formalardır...
Ötən il İstanbulun işğaldan azad olunduğu gün – 6
oktyabrda şəhərdəki Gülhanə Parkında
Türkiyənin şöhrətli şairi Sunay Akınla görüşmüşdük. Sunay bəy həmin görüş
zamanı məni yaradıcısı və rəhbəri olduğu İstanbul Oyuncaq Muzeyinə dəvət etdi. Sunay Akının
müsahibə zamanı bu muzey barədə maraqlı fikirləri isə hələ də yaddaşımdadır:
"90-cı illərin əvvəlində Almaniyada Oyuncaq muzeyində oldum. Səhər muzeyə
girdim, bir də onda ayıldım ki, muzeyin əməkdaşı "muzey bağlanır” deyə mənə xəbərdarlıq
edir. Orada anladım ki, oyuncaqların
tarixi xəyalların tarixidir, insan əvvəlcə xəyal edib, sonra onları reallığa
çevrilib. Böyük kəşflər əvvəlcə uşaqların əllərində olub, sonra böyüklərin həyatında.
Kitablarımın qonorarı və aktyor kimi qazandığım pullar hesabına
kolleksiyaçılardan muzeydəki oyuncaqları min bir zülmlə alıb ailəmə aid imarətdə
belə bir muzey yaratdım. Mən o əqidədəyəm ki, bir ölkənin gələcəyi siyasətçilərin
sözlərində yox, uşaqların xəyallarındadır”.Dəvəti məmnuniyyətlə qəbul
edib səhəri gün muzeyi ziyarət etmək üçün Göztəpəyə yollandım.
Oyuncaqların dili ilə dünya tarixini görmək
Muzey İstanbulda Göztəpə, Ömerpaşada Dr. Zeki Zeren küçəsi
No:17-də yerləşir. Muzeyin əməkdaşı Aslı Nuhoğlu məni mehribanlıqla qarşıladı.
Muzeyin ilk otağında dəmir pul kəsən cihaz var, bir neçə türk lirəsi pul
atandan sonra həmin cihazın əlcəyini fırladaraq pul kəsmək olur. Bu xatirə
pulun üstünə "İstanbul Oyuncaq Muzeyi” sözləri yazılıb. Muzeydən xatirə olsun
deyə belə bir ideyanı həyata keçirirlər.
İstanbul
Oyuncaq Muzeyi 2005-ci ilin 23 aprel tarixində yaradılıb. Beşmərtəbəli imarətdə
yerləşən bu muzeyin üç mərtəbəsi eksponatlardan ibarətdir, bir mərtəbədə kafe,
bir mərtəbədə isə dənizaltı tunel effekti doğuran ərazi var. Muzeydə müxtəlif otaq və guşələr var: "Yanğınsöndürmə”, "Qızıldərililər”,
"Vəhşi Qərb”, "Qatar”, "Müharibə otağı”, "Rabitə”, "Səhhət”, "Din”, "Gəlincik
evi” və s... Bu otaqlar və guşələrdə oyuncaqların dili ilə dünya tarixini görmək
mümkündür. Sanki oyuncaqların tarixi həm də dünyanın tarixidir... Burada
dünyanın onlarla ölkəsinə aid oyuncaqlar var...
Fatmanın uşaqları qorxutmayan oyuncaqları
Girişdə
Türkiyəyə aid oyuncaqlar qoyulub. Bu oyuncaqlar yoxdan var edilib, məsələn,
süpürgədən gəlinlik, yaxud taxtadan tısbağalar düzəldilib. Uşaqlar, əksərən
qapı ağzında oynadığına görə, bu effekti yaratmaq üçün ayrıca qapı da
hazırlanıb. Burada müxtəlif dövrlərə aid
şəkər qəlibləri də nümayiş etdirilir.
Muzeyin maraqlı bölməsindən biri də "Fatma İnan
oyuncaqları” bölməsidir. F.İnanın uşağının ad günündə ona oyuncaq
bağışlayırlar, amma uşaq oyuncaqdan qorxub və bundan sonra qərara gəlib ki,
uşaqların qorxmayacağı oyuncaqlar hazırlasın. Beləcə, o çoxsaylı oyuncaqlar düzəldir
və onlar Türkiyədə satılıb.
37 il sonra tapılan oyuncaq
Burada
diqqət çəkən oyuncaqlardan biri "Neptune” gəmisidir. Bu gəminin xüsusi tarixçəsi
var. Belə ki, Sunay Akın 5 yaşında sünnət olarkən onu fotoqrafın yanına
aparırlar ki, şəkil çəkdirsin. Fotoqraf balaca Sunaya gəmi verir. Amma
balacanın üzü gülmür, çünki bilir ki, bu gəmini şəkil çəkəndən sonra onun əlindən
alacaqlar. O hadisədən 37 il sonra Almaniyada Sunay bəy həmin "Neptune” markalı
gəmini tapır və muzeyin eksponatları arasına daxil edir. Muzeyin ilk eksponatı
1930-cu ildə Almaniyada düzəldilmiş taxta atdır.
Ruzveltin
"balaca ayı”sı
İndi
isə bir neçə tarixçəsi olan oyuncaqdan danışaq. ABŞ-ın prezidenti Teodr Ruzvelt
1902-ci ildə ayı ovuna çıxır. Onun ətrafındakı adamlar siyasətçinin kefini
durultmaq üçün balaca bir ayını ağaca bağlayırlar ki, prezident vursun. Ruzvelt
isə heyvanı açıb buraxır. Bu hadisə ABŞ-da böyük hay-küy yaradır. Morris və
Rose Mitchum adlı oyuncaq ustaları "Balaca ayı” adlı oyuncaq hazırlayıb prezidentdən
xahiş edirlər ki, adının qısaldılmış formasını bu oyuncağa versin. Nəticədə
"Teddy Bear” adlı oyuncaq bütün dünyada məşhurlaşır. 1912-ci ildə "Titanik” gəmisi
batır, həlak olanların xatirəsinə ehtiram məqsədi ilə 1912 ədəd "Black Teddy
Bear” adlı oyuncaq xüsusi olaraq hazırlanır. Muzeydə həmin oyuncaqlardan biri
yer alıb.
Çarli
Çaplinin oyuncağı
Burada Pişik Felik oyuncağı var. O, 1919-cu ildə
ilk dəfə nümayiş olunan ilk cizgi filmi qəhrəmanıdır. Bu pişiyin adı şans mənasını
verdiyinə görə, 20 may 1927-ci ildə Atlantik okeanını keçən ilk pilot Çarlis Lindberqin
onu özü ilə götürüb. Yuri Qaqarinin uçduğu peykin maketi, məşhur it laykanın,
Pelenin topu, Çarli Çaplinin oyuncağı və sair kimi diqqət çəkən oyuncaqlar var.
Çarli Çaplinin dostları məktəb tikmək istəyiblər, məşhur aktyor deyib ki, mənim oyuncağımı hazırlayıblar, onu hərraca
çıxarıb sataq və o pulla məktəb tikilsin. Belə də olub. İndi həmin oyuncaq
İstanbul Oyuncaq Muzeyindədir, belə ki, Sunay Akının amerikalı dostu onu böyük
məbləğə alaraq bu muzeyə bağışlayıb.
Kədər yaradan "Oyuncaq evlər” bölməsi
Zamanında taxta oyuncaqlar təhlükəli olduğuna görə
plastik oyuncaqlara üstünlük verilib, indi isə yenidən taxta oyuncaqlara
qayıdış var. Çünki plastik oyuncaqlar kimyəvi baxımdan təhlükəli sayılır.
Muzeydə ən kədərli bölmələrdən biri də "Oyuncaq evlər” bölməsidir. Çünki bu
bölmədəki oyuncaqlar əksər hallarda zəngin ailələrin uşaqlarına aid olub. Kasıb
ailələrin uşaqları belə bahalı oyuncaqları heç zaman ala bilməyiblər... Bu gün
də kasıb ailələrin uşaqlarının "PlayStation” arzusunu, o istəyin əlçatmazlığını
görəndə anlayırsan ki, dünyada mahiyyətcə çox şey dəyişmir, başqalaşan ancaq
formalardır...
Fərid Hüseyn