Nəşriyyat sektorunda ədalət axtarışı
Naşirlərlə tərcüməçilər arasında davamlı olaraq yaşanan narazılıqlar bu sahədə ciddi problemlərin olduğunu göstərir. Amma tərəflər arasındakı fikir ayrılıqlarının həlli elə də asan görünmür.
Yazıçılar yazır, tərcüməçilər tərcümə edir, naşirlər nəşr edir. Amma qədim zamanlardan bəri bu tərəflər bir-birindən narazı olublar. Naşirlər yazıçıların tənbəlliyindən və qeyri-işgüzar yanaşmasından, tərcümənin qeyri-səlisliyindən şikayətləniblər. Müəlliflər isə naşirləri onlara az pul ödəməkdə günahlandırıblar. Tərəflər arasındakı bu anlaşılmazlıqlar zaman-zaman üzə çıxır və çözülmür. Bəs səbəb nədir?
Əməkdaşlığın hüquqi və mənəvi tərəfi
Tanınmış naşir, filologiya üzrə fəlsəfə doktoru Rafik İsmayılov nəşriyyatla müəllifin işbirliyini belə izah edir: “Naşirlə müəllif öz aralarında müəlliflik haqda müqavilə bağlayırlar və sənəddə bütün şərtlər, o cümlədən maliyyə şərtləri qeyd olunur. Sonrası müəllifin öz işini yaxşı icra etməsinə və nəşriyyatın da ona vaxtında qonorar ödəməsinə qalır. Məsələnin hüquqi tərəfini götürsək, bütün biznes qurumlarında olduğu kimi işbirliyi biznes qurumu ilə əməkdaş arasında tərtib olunan müqavilə əsasında baş verir. Mənəvi tərəfindən danışsaq, hamımız bilirik ki, bizdə nəşriyyat, kitab sektorunda qonorarlar başqa ölkələrlə müqayisədə azdır. Bəzən tərcüməçilər buna görə bir qədər keyfiyyətsiz iş görür, bəzən də nəşriyyatlar vaxtlı-vaxtında qonorarı ödəmirlər. Digər tərəfdən, o qədər az məbləğdən söhbət gedir ki, haqqı tapdanan tərcüməçi və ya müəllif özünə sığışdırıb məhkəməyə müraciət etmir. Çünki vəkil tutmaq və s. xərclər mübahisəli qonorardan daha çox olur. Ola bilsin ki, naşirlər də bu cür məqamlardan istifadə edib öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmirlər”.
“Tanınmış müəlliflərin agentləri əsasən hüquqşünaslar olurlar”
Naşir xarici ölkələrdəki nəşriyyat-müəllif işbirliyindən danışaraq bildirir ki, adətən tanınmış müəlliflər bu cür müqavilələri agentləri vasitəsi ilə bağlayırlar: “Hələ indiyə qədər dünya ölkələrinin nümunəsində hər hansı nəşriyyatın müəllifin haqqını tapdadığını eşitməmişəm. Tanınmış müəlliflərin agentləri əsasən hüquqşünaslar olurlar. Onlar müqavilənin düzgün tərtib olunmasına diqqət yetirir, onun icrasına diqqət edir, problem yarananda məhkəməyə qədər gedib çıxa bilirlər. Nəşriyyatlar da öz vəzifələrini düzgün yerinə yetirməməkdən çəkinirlər. Bizdə isə bəzi nəşriyyatlar tərcüməçilərin sıxıntı çəkən təbəqə olmasından istifadə edirlər”. Yaranan problemin tənzimlənməsinə gəlincə, naşir hesab edir ki, bəlkə də Yazıçılar Birliyi və ya Naşirlər Assosiasiyası bu problemin həllində rol oynaya bilər: “Bu qurumlar həm də məhkəməyə qədər tərəflər arasında vasitəçi rolunu oynaya bilərlər. Amma təəssüf ki, onların heç biri bu funksiyanı üzərinə götürməyib”.
“Qonorarın minimum və maksimum hədləri müəyyənləşməlidir”
Tərcüməçi Nəriman Əbdülrəhmanlı bildirir ki, nəşriyyat-müəllif əməkdaşlığı ilə bağlı problemlər zaman-zaman qalxır və həll olunmur: “Bu problemi köklü həll eləmək üçün nəşriyyatlar və nəşr siyasəti haqqında qanun qəbil edilməlidir. Nəşriyyatların fəaliyyəti, nəşriyyat rəhbərliyi ilə müəlliflər arasında münasibətlər qanunla yoluna qoyulmalıdır. İndiki durum qalarsa, problemlər həmişə yaranacaq”. Yazıçı hesab edir ki, tərcüməçi ilə sifariş verən arasında müqavilə bağlananda qonorarın minimum və maksimum hədləri müəyyənləşməlidir: “Təəssüf ki, aşağı-yuxarı hədlər nəşriyyatlar üçün çox yüksək məbləğ kimi görünür. Ona görə sifarişçi ilə tərcüməçilər arasında problemlər yaranır”.
“Əmək Məcəlləsindən başqa bir vicdan məcəlləsi də var”
Ədəbi tənqidçi Əsəd Cahangirin sözlərinə görə, Əmək Məcəlləsində problemin həllinin qanuni yolları göstərilib və mübahisəli məqamlarda bu sənədə əsaslanmaq olar: “Əmək Məcəlləsindən başqa bir vicdan məcəlləsi də var. İnsanı işlədirsənsə, gərək onun əməyinin haqqını da verəsən. Yazıçının, şairin, ümumilikdə qələm adamının zəhmət haqqını kəsmək olmaz”. Tənqidçi bildirir ki, sovet dövründə bu məsələlərə çox ciddi yanaşma olub: “İşləyirdin, televiziyaya dəvət olunurdun, qəzetə yazırdın, qonorarını alırdın. Amma indi qanunlar, elementar etiket qaydaları belə nəzərə alınmır. Bu mənada nəşriyyat, redaktə, tərcümə işindəki durumdan xəcalət çəkirəm. İnsanları işlədir və onların pulunu ya vermirlər, ya da qəpik-quruş verirlər. Hələ minnət də qoyurlar. Hesab edirəm ki, qanunlar çərçivəsində bu biabırçı duruma son qoyulmalıdır”.
Hər tərəfin öz marağı var
Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu bildirdi ki, AYB-nin nəşriyyat-müəllif münaqişələrinin həlli istiqamətində arbitr rolunda çıxış etmək hüququ yoxdur: “Bunun üçün mexanizm də yoxdur. Ən bəsit halda hər hansı naşir və ya tərcüməçi quruma tövsiyə xarakterli rəy almaq üçün müraciət edə bilər. Amma elə bir presedent yaranarsa, nə naşirlərin, nə də tərcüməçilərin şikayətini həll edə bilərik”. S.Babullaoğlu bu cür şikayətlərin bundan sonra da olacağını düşünür: “İşbirliyi zamanı naşirlər tərcüməçilərlə müqavilə bağlayarkən kitab bazarının reallıqlarından çıxış edib təkliflər verirlər. Sınaqdan çıxmış, özünə güvənən tərcüməçilər də yüksək qonorar istəyirlər. Bu mənada ortaq məxrəcə gəlmək çətindir. Naşir işverən kimi daha az məsrəfə nəyisə əldə etməyə çalışacaq, tərcüməçi isə daha çox almağı arzu edəcək”. S.Babullaoğlu hesab edir ki, məsələnin həllində Avropa, Orta Asiya ölkələrinin və ya qonşu Rusiya və Gürcüstanın təcrübəsini və qiymət şkalasını öyrənib analiz etməyə ehtiyac var: “Beynəlxalq standartlara baxmaq lazımdır. Tərcümənin şərtləri ilə bağlı hüquqi sənəd olmalıdır. Bu sənəd də beynəlxalq təcrübəyə söykənməlidir”.
Təranə Məhərrəmova