Yaşasaydı, 75 yaşı olacaqdı - ANIM
Sentyabrın 3-ü Xalq artisti Yaşar Nurinin 75 illik yubileyidir. Onu sevənlər, həmkarları, dostları yubileyini onsuz qeyd edəcəklər. Sevimli aktyorumuzun sənət yoldaşları onu xatirələri ilə anırlar.
Elə bil dünən idi: redaksiyamıza qonaq gəlmişdi. Ad günü ərəfəsi idi. Əlində gül dəstəsi, üzündə mehriban təbəssümü...
Xalq artisti Yaşar Nuri həmin gün özünəməxsus zarafatından qalmadı, xatirələrini çözdü, suallarımızı cavablandırdı: “Nə vaxt çağırsanız, gələrəm”, - deyib getdi...
Sentyabrın 3-ü 75 illik yubileyidir Yaşar Nurinin. Onu sevənlər, həmkarları, dostları yubileyini onsuz qeyd edəcəklər.
Biz də sevimli aktyorumuzu sənət yoldaşlarının xatirələri ilə yada saldıq.
Bu günə qədər davam edən sevgi
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov Yaşar Nurini Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi adlandırır: “Yaşar 70-ci ildə teatra gələn gənclərin arasında ən istedadlılarından biri idi. O, tez bir zamanda bacarığını göstərə bildi. Mən Teatr İnstitutunda oxusam da, Lütfi Məmmədbəyovun Xalq Teatrı ilə əlaqələrimi kəsmirdim. Bir gün o teatra gedəndə Maksim Qorkinin “Həyatın dibində” tamaşasının məşqləri gedirdi. Səhnədəki gənclər arasında balacaboy, gülərüz, bir az da dolu gənc diqqətimi çəkdi. Sonradan onun Yaşar olduğunu öyrəndim. Lütfi müəllim “mənim işim var, sən bunlarla məşq elə” deyib harasa getdi. Mən birinci Yaşarla məşq etdim və ürəyimdə “bu, gələcəkdə Azərbaycan teatrının istedadlı aktyorlarından olacaq”, - dedim. Yaşar teatra gələn gündən uğur qazanmağa başladı. Biz onunla tamaşalarda tərəf-müqabil olduq. Tezliklə bu münasibətimiz dostluğa çevrildi. Bir qrim otağında tamaşalara hazırlaşırdıq. Sonradan televiziya tamaşalarında da birgə işlədik”. H.İsmayılov xatırlayır: “Hərdən deyirdim ki, bilirsən sənin üstünlüyün nədir? Sən şirin aktyorsan”. Yaşar doğrudan da şirin aktyor idi. Yeri gələndə mahnı oxuyurdu, yeri gələndə məzəli söhbətlər edirdi, güclü yumor hissi vardı”.
“Yaşar aktyor sənətimizin tacı idi”
Xalq artisti Ramiz Həsənoğlu gözünü açandan Yaşarı sənətdə gördüyünü deyir: “Biz bir-birimizin bioqrafiyasında iştirak etmişik. O, mənim ən maraqlı işlərimdə aktyor kimi çəkilib. Biz həm də ailəvi dost olmuşuq, övladlarımız dostluq ediblər. Yaşar aktyor sənətimizin tacı idi. Təsadüfi deyil ki, mənim əsərlərimdə bir yox, bir neçə rol oynayıb. Hətta “Qonşu qonşu olsa” tamaşasında 11 personajı canlandırıb. Heç kəs deyə bilməzdi ki, Yaşar komik, ya dramatik aktyordur. O, hər şeyi bacarırdı. Amma tamaşaçılar onu komik, yumoristik rolları ilə daha çox sevirdilər. Bir sıra tamaşa və filmlərdə ciddi obrazlar da yaratmışdı. Yaşar heç kəsə bənzəməyən, tayı-bərabəri olmayan bir aktyor idi”. R.Həsənoğlu rejissoru olduğu “Qatarda” tamaşasını xatırlayır:
“Ssenarini əlimə alan kimi aktyorları təyin etdim. Qəti şübhəm yox idi ki, Dadaşov rolunu məhz Yaşar oynaya bilər. Bu, çox ciddi rol idi. Bundan əvvəl də Yaşarın televiziyada uğurlu rolları olub, amma deyərdim ki, onlardan ən uğurlusu “Qatarda”dakı Dadaşovdur. Yadımdadır ki, tamaşanın səhəri günü hamı bir-birini görüb deyirdi: ”Həəəəə...”. Bu, Yaşardan gələn bir jest idi. İsi Məlikzadənin həyatdan əsərə gətirdiyi Dadaşov obrazını Yaşar öz rolu ilə yenidən həyata qaytardı”.
“Elçin-Gülnar”, “Gülnar-Elçin” dastanı
Xalq artisti Firəngiz Mütəllimova xatırlayır: “Yaşar Nurini ilk dəfə institutun 2-3-cü kursunda oxuyanda görmüşəm. Hər dəfə də məni görəndə saxlayıb “Sən Ofeliya Sənaninin qohumusan?” soruşurdu. Ya unudurdu, ya qəsdən sual verirdi, bilmirəm. Sonra təyinatla teatra gəldim. O vaxt fərqli tamaşalarda oynayırdıq, tərəf-müqabil deyildik. Bir gün rəhmətlik Tariyel Vəliyev məni dəhlizdə gördü və “Aslan Qəhrəmanovun “Səni axtarıram” pyesini verəcəm, onu oxu, əsərdə Gülnarın gülüşü var, onu səndə görürəm. Əsər iki nəfərlikdir” dedi. Mən həyəcanla: “O biri ifaçı kimdir?” deyə soruşdum. “Yaşar Nuriyev” deyəndə çox sevindim. O vaxt Yaşar çox populyar idi. Sevindim ki, sənətdə ilk addımlarımı atmağa başladığım bir vaxtda onun kimi aktyorla bir tamaşada oynayacam. Tamaşaya çəkiləndə Yaşarın üzünə baxa bilmirdim, yerə baxırdım. Rejissor hirslənirdi. Yaşar o vaxt mənə çox kömək etdi. Tamaşaçılar da bizi bir-birimizə o qədər yaraşdırdılar ki, sonradan bütün bayram verilişlərində tərəf-müqabil olduq. Hətta mən başqa aktyorla oynayanda o, pis olurdu, o başqası ilə oynayanda - mən...”
F.Mütəllimova deyir ki, Yaşar Nuri ilə bağlı xatirələri çoxdur: “Yaşarın səsi həmişə qulağımdadır. Məni görəndə sanki beş yaşında uşaq olurdu. Mənim üçün çox dəyərli, zirvədə olan aktyor olub. Sevinirəm ki, elə bir aktyorla tərəf-müqabil olmuşam. İndiyə kimi “Elçin-Gülnar”, “Gülnar-Elçin” adları beynimə həkk olub. Nə qədər bu həyatda varıq, Yaşar qəlbimizdə və gözümüzün önündədir...”
“Yaşar həmişə yaşardır”
“Yaşar Nurinin daim yeri görünür. Hazırda belə aktyorlara ehtiyac var”, - deyə Xalq artisti Afaq Bəşirqızı xatırlayır: “Yaşar çox təbii aktyor idi. Təəssüf ki, belə istedadların ömrünü xəstəlik yarıda kəsir. Yaşarın yaratdığı obrazlar təkcə teatr və kino tariximizdə deyil, həmçinin tamaşaçıların yaddaşındadır. Onun adı çəkilən kimi üzlərə təbəssüm qonur. Hamı bir ağızdan “Allah rəhmət eləsin, yeri görünür” deyir. Təəssüf ki, Yaşarın davamçısı olmadı. Amma o, xalqın yaddaşında və mədəniyyət tariximizdə həmişə yaşayacaq. Özünün dediyi kimi: “Yaşar həmişə yaşardır”.
“Yorulmaq bilmədən işləyən bir insan idi...”
Xalq artisti Səidə Quliyeva da sənət yoldaşını Azərbaycan mədəniyyəti üçün “milli sərvət” hesab edir: “Yaşar həmişə yadımdadır: oynadığı obrazlar, səhnədə canlandırdığı rollar daim gözümün önündə və ürəyimdədir. Bu, hər bir sənətkara nəsib olan xüsusiyyət deyil ki, həmişə yaddaşlarda qalsın, həmişə sevilsin, adı gələndə üzlərdə gülüş olsun”.
S.Quliyeva deyir ki, teatra gəldiyi 1978-ci ildən Yaşar Niri ilə bir səhnədə tərəf-müqabil olub, eyni tamaşalarda rol alıb: “Mən ondan çox şey öyrənmişəm. Yaşar Nuri daim qaynayırdı. Onun sənət fantaziyası həmişə müasir idi. Biz hamımız ondan öyrənirdik. Mən hələ də onun oynadığı obrazlara baxanda nəsə götürürəm. Onun hər hərəkəti, hər sözü, hər baxışı məktəbdir. Yorulmaq bilmədən işləyən bir insan idi...”
Təranə Məhərrəmova