• şənbə, 24 Oktyabr, 18:05
  • Baku Bakı 18°C

Sərgi salonundakı ümid və tərəddüd

24.10.26 02:37 64
Sərgi salonundakı ümid və tərəddüd

XII Bakı Beynəlxalq Kitab Sərgisi nəşriyyatları, yazarları və oxucuları bir araya gətirir. Amma tədbirin Azərbaycan ədəbiyyatının inkişafına real təsirini yetərli saymayanlar da az deyil. 

“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya”. XII Bakı Beynəlxalq Kitab Sərgisinin builki şüarı belədir. Kitabın ekranlardan üstünlüyünə, mütaliənin əhəmiyyətinə diqqət çəkən bu çağırış fonunda isə bir sual yaranır: sərgi insanları kitaba nə dərəcədə yaxınlaşdıra bilir? Bakı Ekspo Mərkəzində nəşriyyatlar, yazıçılar və oxucular bir araya gəlsə də, tədbirin ədəbiyyatımıza töhfəsi, ziyarətçilərin marağı və müasir müəlliflərə dəstək məsələsində fikirlər müxtəlifdir. Sərgidə canlanma görənlər də var, onun

…

 

Yazıçı və şairlər arasında rəqabət canlanıb

Yazıçı-dramaturq Elçin Hüseynbəyli kitab sərgisində ötən illərlə müqayisədə canlanma hiss etdiyini bildirir. Onun sözlərinə görə, builki sərgi həm xarici qonaqların, həm də nəşriyyatların sayına görə daha zəngindir: “Bu cür tədbirlər kitaba marağın artmasına və nəşriyyatların fəaliyyətinin stimullaşdırılmasına müsbət təsir göstərir. Elə insanlar var ki, heç yerə çıxmırlar, amma kitab adı gələndə sərgi salonlarında istirahət edir, vaxtlarını maraqlı keçirirlər. Bu baxımdan da kitab sərgisi oxucuları cəlb edir”. E.Hüseynbəyli Mədəniyyət Nazirliyinin “Öz yazarını seç” layihəsini də ədəbiyyata marağın artması, eləcə də yazıçı və şairlər arasında müzakirə və rəqabətin canlanması baxımından əhəmiyyətli olduğunu qeyd edir: “İnsanlar bu layihədə də fəal iştirak edirlər. Deməli, kitabı, dinamikanı izləyirlər”.

“Kitab qurdları”nın sayı artmayıb”

Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs kitab sərgisinə marağın arzulanan səviyyədə olmadığı fikrindədir: “Sərgiyə maraq bizim istədiyimiz səviyyədə deyil. Ümumiyyətlə, kitaba, sərgiyə marağımız da istədiyimiz səviyyədə deyil. Ötən illərlə müqayisədə dəyişən təqvimin rəqəmləridir, kitab satanlar da, alanlar da eynidir. Kitab “qurdları”nın da sayı artmayıb. Qarşıda görməli olduğumuz çox iş var. Amma hər halda, kitaba maraq yaratmaq üçün mütləq kitab sərgisi keçirmək lazımdır. Nə yaxşı ki, bunu edirlər...” Şair mövcud vəziyyətə baxmayaraq, gənclərin kitaba marağını müsbət qiymətləndirir:

“Sevindiricidir ki, hazırkı durğun vəziyyətə baxanda kitabı, mütaliəni sevən, ən azı onunla şəkil çəkdirmək istəyən, öz ədəbiyyatını oxumaq istəməsə də, xarici ədəbiyyata meyl edən kifayət qədər gənc var. Bu da mənim xoşuma gəlir”. Qulu Ağsəs kitab sərgilərinin daha tez-tez keçirilməsini və ölkədə mütaliəyəyə marağın artmasını istəyir: “Mən öz növbəmdə yeni çapdan çıxan və bazar günü imza günü keçiriləcək “Saat 6-nı gözləyirəm” esselər kitabımın təqdimatına oxucuların maraq göstərməsini arzulayıram!”

“Əsas oxucu auditoriyamız 18-27 yaş arası gənclərdir”

Milli Kitab Mükafatının təsisçisi, sahibkar Nigar Köçərli sərgidə nəşriyyatların və kitab satışı ilə məşğul olan müəssisələrin sayında artım olduğunu bildirir. Bununla belə, o, ölkədə kitab mağazalarının sayını yetərli hesab etmir: “Nəşriyyat və kitab satışı sahəsindəki artımı ilk növbədə kitabın üzərinə qoyulan əlavə dəyər vergisinin (ƏDV) ləğvi ilə əlaqələndirirəm. Amma yenə də ümumi vəziyyətlə razı deyiləm. Dünya ölkələrinə nəzər salsaq, bizim ölkəmizdə ən azı 1500 kitab mağazası olmalıdır. Amma cəmi 50-60 kitab mağazamız var”. N.Köçərli sərgiyə oxucuların daha çox maraq göstərməsini arzulayır: “Çox istərdim ki, sərgiyə daha çox adam gəlsin. Dövlət qurumlarının və müxtəlif təşkilatların nümayəndələrinin tədbirə qatılması bizə xoşdur. Ancaq istərdim ki, oxucular daha çox maraq göstərsin”. N.Köçərli də sərgidə iştirak edən gənclərin kitaba marağını müsbət qiymətləndirir: “Gənclərin marağı var. Onlarla müqayisədə yaşlı təbəqə kitaba daha az maraq göstərir. Sanki gənclikdə oxuduqları kitablarla kifayətlənirlər. Ancaq mütaliə elə bir şeydir ki, gərək daim həyatında olsun. Bu mənada əsas oxucu auditoriyamız 18-27 yaş arası gənclərdir”.

İştirak üçün dəvət alsa da, imtina edib 

Şairə, nasir Aysel Əlizadə bir az fərqli mövqedədir. O, sərgidən dəvət alsa da, iştirakdan imtina edib. Hesab edir ki, bu sərgi Azərbaycan ədəbiyyatının və müasir yazıçıların inkişafına ciddi töhfə vermir: “Bu cür tədbirlər əsasən nəşriyyatların kitab satışına imkan yaradır. Bu kimi sərgiləri nəşriyyatlar və mətbu evləri üçün bir neçə gün ərzində daha çox kitab satmaq üçün kiçik imkan kimi görürəm. Ancaq kitab sərgisinin Azərbaycan ədəbiyyatı, xüsusən də müasir yazıçılar üçün hər hansı müsbət təsir, fayda verdiyini düşünmürəm. Sərginin Azərbaycan ədəbiyyatına heç bir töhfəsi yoxdur, yazıçıların həyat şəraitini yaxşılaşdırmır, onları dəbə salmır, dəstəkləmir. Əvvəllər getmişəm, xoşuma gəlməyib. Yazıçılığa faydalılığını da görməmişəm. Mən ancaq orda vaxt itirirəm, enerjim gedir”.

A. Əlizadə hesab edir ki, hazırda Azərbaycan ədəbiyyatının populyarlaşmaq üçün başqa formata ehtiyacı var: “Azərbaycan ədəbiyyatı, müasir yazıçıların yaradıcılığının inkişafı, yaradıcılığa dəstəklə bağlı, daha miqyaslı bir fəaliyyət ortada olsa, gedərəm. Amma bunu görmürəm. Bizim yazıçıların başqa formatlara ehtiyacı var. Amma onu da edən yoxdur. Heç kəs bunun üçün pul və enerji xərcləmək istəmir. Buna görə də Azərbaycan ədəbiyyatı da, yazıçısı da yaxşı vəziyyətdə deyil. Bu tədbirlər kustar üsulla keçirilir. Eyni adamlar, eyni çıxışlar olur. Mən bu cür kütləvi tədbirlərin içərisində olmaq istəmirəm”.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər