• şənbə, 21 Noyabr, 05:24
  • Baku Bakı 14°C

Büdcədən böyük ekrana

21.11.26 02:14 37
Büdcədən böyük ekrana

Büdcədən gələn il üçün kino sənayesinə ayrılan vəsaitin miqdarı müsbət qarşılanır. Bununla belə, əsas məqsədin tək film çəkmək yox, dayanıqlı istehsal sahəsinə çevrilmək olduğu xüsusi vurğulanır. 

Gələn ilin dövlət büdcəsinin layihəsində Azərbaycan kinosunun inkişafı üçün ümumilikdə 12,1 milyon manat vəsait nəzərdə tutulub. Bunun 3,1 milyon manatı Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılmasına, 9 milyon manatı isə Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsinə yönəldiləcək.

Bəs nəzərdə tutulan maliyyə dəstəyi yeni filmlərin istehsalına, gənc kinematoqrafçıların yetişməsinə, yaradıcı heyətin imkanlarının genişlənməsinə və Azərbaycan filmlərinin beynəlxalq kino məkanında tanıdılmasına necə təsir göstərəcək? 

Dövlət vəsaiti ayrılarkən...

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova Azərbaycan kinosunun inkişafı üçün nəzərdə tutulan vəsaiti əhəmiyyətli maliyyə dəstəyi kimi qiymətləndirir. Bununla belə millət vəkili hesab edir ki, kinonun inkişafını yalnız ayrılan vəsaitin həcmi ilə ölçmək olmaz: “Əsas məsələ maliyyənin hansı layihələrə, meyarlarla və hansı nəticələrin əldə olunması məqsədilə yönəldilməsidir. Maliyyə dəstəyi özlüyündə keyfiyyətli film demək deyil. Bu vəsait düzgün idarə olunduğu, yaradıcı potensialla birləşdirildiyi və konkret hədəflərə yönəldildiyi zaman real nəticə verə bilər”. Millət vəkili hesab edir ki, Azərbaycan kinosunun inkişafı üçün yalnız yeni filmlərin istehsalına diqqət yetirmək kifayət deyil: “Ssenari məktəbinin gücləndirilməsi, peşəkar rejissor və prodüserlərin yetişdirilməsi, gənc istedadların üzə çıxarılması, texniki bazanın yenilənməsi, eləcə də yayım və distribusiya imkanlarının genişləndirilməsi vacibdir. Yaxşı film çəkib onu tamaşaçıya çatdıra bilməmək də ciddi problemdir. Kino istehsalı yalnız çəkiliş meydançasında bitmir. Filmin reklamı, festivallarda iştirakı, kinoteatrlarda nümayişi, rəqəmsal platformalara çıxışı da onun uğurunun mühüm hissəsidir. Biz elə bir sistem qurmalıyıq ki, dövlət dəstəyi ilə çəkilən film arxivdə qalan layihəyə çevrilməsin, tamaşaçı ilə görüşə bilsin və öz auditoriyasını qazansın”. 
Deputat digər mühüm məsələ kimi şəffaf və rəqabətli maliyyələşmə mexanizmlərini qeyd edir: “Dövlət vəsaiti ayrılarkən layihələrin seçimi obyektiv ekspertiza, aydın meyarlar və peşəkar qiymətləndirmə əsasında aparılmalıdır. Gənc rejissorlara, müstəqil studiyalara və yeni istedadlara da  layihələrini reallaşdırmaq imkanı yaradılmalıdır. Animasiya, uşaq filmləri, sənədli kino və debüt layihələrinə xüsusi diqqət ayrılmalıdır”. 

“Milli kino yalnız büdcədən asılı qalmamalıdır”

Millət vəkili hesab edir ki, milli kinonun inkişafı yalnız büdcə vəsaitindən asılı qalmamalıdır: “Dövlət dəstəyi özəl sektorun, investorların, televiziya və rəqəmsal platformaların, beynəlxalq tərəfdaşların da bu sahəyə marağını artırmalıdır. Məqsəd dövlətin maliyyələşdirdiyi bir neçə film çəkmək yox, özünü inkişaf etdirə bilən, yeni iş yerləri yaradan, istedadları ölkədə saxlayan və iqtisadi dəyər formalaşdıran kino sənayesi qurmaqdır”. E.Akimovanın qənaətinə görə, ayrılan vəsait milli kinonun bütün problemlərini birdəfəlik həll etməsə də, düzgün prioritetlər müəyyənləşdirilərsə, ciddi inkişaf üçün yaxşı başlanğıc ola bilər.

“Büdcəmiz nə qədərdirsə, ona uyğun layihələr həyata keçiriləcək”

Kinodramaturq İlqar Fəhmi hesab edir ki, kino sahəsinə ayrılan vəsaitin həcmi görüləcək işlərin miqyasını müəyyənləşdirir: “Kino Agentliyinin fəaliyyəti yalnız film istehsalı ilə məhdudlaşmır. Onun fəaliyyəti çoxşaxəlidir: müxtəlif təlim və treninqlərin təşkili, beynəlxalq kinofestivallarda iştirak, ölkəmizdə keçirilən festivalların dəstəklənməsi, xarici ölkələrlə birgə layihələrin həyata keçirilməsi, eləcə də gənclərə yönəlmiş təşəbbüslərin maliyyələşdirilməsi bu fəaliyyətin əsas istiqamətlərindəndir. Bu baxımdan, vəsait nə qədər olursa, ona uyğunlaşırsan. Büdcəmiz nə qədərdirsə, Kino Agentliyi də ona uyğun layihələr həyata keçirəcək”. 

Daha geniş auditoriyaya ehtiyac

Ssenarist Nicat Dadaşov Azərbaycan kinosuna ayrılan vəsaitin artırılmasını müsbət qiymətləndirir. Ssenaristin fikrincə, maliyyələşmə zamanı yalnız əvvəlki illərdə vəsait ayrılan istiqamətləri davam etdirməklə kifayətlənmək olmaz: “Kino sənayesinin əhatə dairəsi genişləndirilməli, maliyyə dəstəyi təkcə film istehsalına deyil, bütövlükdə Azərbaycan kino mühitinin inkişafına yönəldilməlidir”. N.Dadaşov xüsusilə yerli filmlərin xaricdə tanıdılması, beynəlxalq festivallarda Azərbaycanı təmsil edən kinematoqrafçıların sayının artırılması və yerli tamaşaçıların milli kinoya marağının bərpasını vacib hesab edir: “Azərbaycan tamaşaçısının kinoya olan marağını qaytarmaq lazımdır. Bu, təkcə filmləri kinoteatrlarda nümayiş etdirməklə bitmir. Burada televiziya, media təbliğatı, ictimai məkanlarda tanıtım da var. Azərbaycan kinosu özünə müəyyən bir platforma formalaşdırmalıdır ki, yeni filmlər istehsal olunanda həm yerli tamaşaçı, həm də xarici auditoriya onları gözləsin”. Ssenarist  həmçinin filmlərin tanıdılması üçün PR və marketinq fəaliyyətinə ayrıca vəsait ayrılmasının vacibliyini qeyd edir: “Çünki elə bir dövrdə yaşayırıq ki, gördüyün işin reklamı olmasa kölgədə qalacaq, tamaşaçı da ondan xəbərsiz olacaq. Hazırda əsas məqsəd yalnız filmlərin sayını artırmaq deyil, istehsal olunan ekran əsərlərinin daha geniş auditoriyaya çatdırılmasına nail olmaqdır”.

Tamaşaçını cəlb etmək

Kinorejissor, prodüser, “Sinema-radio” kinoradio kanalının rəhbəri Kamran Qasımovun fikrincə, dövlət dəstəyi ilə filmlətin çəkilməsi lokomotiv rolunu oynayır: “Növbəti il üçün filmlərə ayrılan məbləğ ürəkaçandır. Biz bu məbləği doğrultmağa çalışacağıq. Kino sənayesi məbləğin müsabiqələr yolu ilə xərclənməsini təmin edəcək. Bu il Azərbaycan kinosunda böyük uğurlar müşahidə etdik. Filmlərin xarici festivallarda mükafatlanmasını gördük. Bu vəsait tam şəkildə xərclənməli, tamaşaçıları cəlb edən filmlər yaratmalıdır. Bizim kontent həm bizi xaricdə tanıtmalı, həm də tamaşaçını ekrana bağlamalıdır”. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər