• şənbə, 12 Sentyabr, 06:24
  • Baku Bakı 19°C

Əlvida, böyük Ustad!

12.09.26 04:31 29
Əlvida, böyük Ustad!

Xalq artisti Aleksandr Şarovski səhnədən və bu dünyadan getdi. Tamaşaçıları, həmkarları onu son dəfə alqışlarla yola saldılar. Onun səsi, rolları, tamaşaları və teatr sevgisi isə əbədilik qaldı.

Xalq artisti Aleksandr Şarovski ilə illər əvvəl - Rus Dram Teatrının 90 illik yubileyi ərəfəsində görüşmüşdüm. Öz tamaşaçısı, zalı həmişə dolu, zövqlü repertuarı olan bir teatra rəhbərlik edirdi. O teatra ayaq qoyan kimi fərqli ab-hava diqqətdən qaçmır. Əlbəttə, bu atmosferi yaratmaq teatr rəhbərliyindən çox asılıdır. 

Bundan mənalı vida yeri ola bilməzdi

Sentyabrın 9-da Aleksandr Şarovski uzun sürən xəstəlikdən sonra, 78 yaşında dünyasını dəyişdi. Ömrünün çox hissəsini həsr etdiyi, 50-dən çox rol oynadığı, 50-dən artıq tamaşaya quruluş verdiyi doğma teatrın səhnəsində onunla vida mərasimi keçirildi. Bəlkə də bir sənətkar üçün bundan daha mənalı vida yeri ola bilməz... 

Şarovski 2-ci Fəxri Xiyabanda dəfn olundu. 

Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva böyük aktyorun ölümündən kədərlənərək özünün “x” sosial media hesabında “Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!” deyə paylaşım edib. “Ustad” sözü isə təsadüfi deyil. Çünki Şarovski yalnız səhnəyə çıxan aktyor və tamaşaya quruluş verən rejissor deyildi. O, teatrın içində yaşayan, onun nəfəsini hiss edən, aktyorun qəlbinə toxunmağı bacaran, tamaşaçısını duyğulandıran sənət adamı idi: “Mən hər bir tamaşaya ilk tamaşam kimi yanaşıram. Əgər o pyesi özüm sevmirəmsə, onu hazırlamıram. Bu, azartlı oyun kimidir. Əgər həvəs yoxdursa, yaxşısı budur tamaşanı qoyma. Tamaşa təkcə bu günün tələbi ilə yox, həmçinin qəlbin tələbi ilə səslənməlidir. Əgər mənim qəlbimin seçdiyi bir əsər tamaşaçıların istəyi ilə üst-üstə düşürsə, demək o alınıb. Teatr siyasət deyil. Həyatın tələbi tamam başqadır. Əsas ürəyin, qəlbin tələbatıdır, emosiyalardır...”- deyirdi böyük aktyor və rejissor.

Teatr onun həyatı idi

A.Şarovski qəzetimizə müsahibəyə də “kapriz”siz razı olmuşdu. Şirin-şirin Azərbaycan dilində danışması vardı. Aktyor, rejissor, nəhayət teatrın baş rejissoru kimi keçdiyi həyat yolundan, teatrın fəaliyyətindən, gələcək planlarından və arzularından danışmışdı. Mehriban, gülümsər üzü, suallara səbrlə, nəzakətlə verdiyi cavablar indiyə kimi yadımdadır. 
Şarovski üçün teatr sadəcə iş yeri deyildi. Bu, onun həyatı idi. Ona görə də təmirdən sonra səhnədə baş verən dəyişikliklərdən danışarkən səsində xüsusi bir sevinc duyulurdu: “Prezident İlham Əliyev həyat yoldaşı Mehriban xanımla teatrın təmirdən sonrakı açılışında iştirak etdi. Prezident həmin tədbirdə mənə “Şöhrət” ordeni təqdim etdi. Hesab edirəm ki, bu mükafat təkcə mənim yox, bütün kollektivin əməyinə verilən qiymətdir. Prezident qeyd elədi ki, Rus Dram Teatrının Azərbaycan teatrının və mədəniyyətinin bir hissəsi kimi həmişə öz yeri olub və olacaq. İstənilən artıq dil bir dövlətdir. İstər Azərbaycan, istər rus, istərsə də ingilis dilini bilmək insanların mədəni səviyyəsinin yüksəlməsinə xidmət edir. Prezidentin bu fikirləri bizi ilhamlandırdı. Biz də işimizi bu istiqamətdə qururuq”.

Baş rejissor kimi təmirdən sonra teatrın səhnəsində baş verən keyfiyyət dəyişikliklərinə də toxundu: “Səhnəmizdə daha müasir tərtibat var. Biz teatra bu sənəti ürəkdən sevən, xüsusilə gənc nəsillə işləməyi bacaran rejissorları dəvət edirik. Mən bunu öz işimizə yeni baxış kimi qiymətləndirirəm. Biz təkcə rejissorları yox, həmçinin gənc istedadlı aktyorları da, rəssamları da dəvət edirik. Bizim səhnədə hər şey qaydasındadır”. 

Teatrın bütün kollektivini sevirdi 

Şarovskini teatrın bütün kollektivini sevirdi. Asılqanda çalışan işçidən tutmuş aktyorlara, səhnə işçilərinə qədər... Küçədə də hamı ilə görüşüb salamlaşırıdı. Bakıda doğulub böyüdüyündən onu hamı yaxşı tanıyırdı. Şarovskiyə ümumiyyətlə köhnə bakılı kimi hörmət edirdilər. 

Teatrı amiranəliklə yox, duymaqla idarə edirdi. Bəlkə də rəhbərlik etdiyi teatrın ab-havasının sirri də elə bu həssaslıqda idi: “Məni teatrda çox adam qınayır ki, hədsiz yumşaq adamam. Mən yumşaq adam deyiləm, sadəcə aktyorların təbiətini bilirəm. Özüm də artistəm. Onlarla ehtiyatlı olmaq lazımdır. Çünki onların qəlbində teatrdan başqa heç nə yoxdur. Əgər o istedadlıdırsa, onu başa düşmək asandır. Rejissor qışqırmalıdırmı? Bu, ola bilməz. Aktyor isə yaxşı mənada aqressiv olmalıdır. Çünki səhnə cəsarət tələb edir. Əgər zalda oturanlar aktyora inanmasalar çıxıb gedəcəklər. Aktyorun istedadı bu istiqamətə yönəlməlidir. Mənə elə gəlir ki, rejissorda o zaman aqressivlik yaranır ki, onun üçün artıq heç nə qalmır. Rejissor tamaşanı bilməli, səhnə nizamlarına bələd olmalı, temporitmi dəqiq tutmalı, yeni aktyorların xarakterini tapmaqda kömək etməli və ab-havanı yaratmağı bacarmalıdır”. Şarovski bütün yaradılığı boyu bu prinsiplərinə sadiq qalmağı bacardı.

“Bizim səhnədə hər şey qaydasındadır”.

İndi rejissorun bu cümləsini xatırlamaq kədərlidir. Ölümündən sonra haqqında çox söz yazılacaq. Aktyor kimi oynadığı rollar, quruluş verdiyi tamaşalar, aldığı fəxri adlar və mükafatlar sadalanacaq, teatr tarixindəki xidmətlərindən danışılacaq. Şarovskini yaddaşlarda saxlayan həm də teatra inamı və sevgisi olacaq: “Mən nə istəyirəmsə, onu oynamışam. Obrazlar qalereyamda çox gözəl rollar var. Bu baxımdan reallaşmayan arzum qalmayıb. Mən həmişə öz işimi sevmişəm. Heç vaxt teatra xəyanət etməmişəm…”

Şarovski səhnədən getdi. Tamaşaçıları, həmkarları onu son dəfə alqışlarla yola saldılar. Aktyorun səsi, rolları, tamaşaları və teatr sevgisi isə əbədilik qaldı. “Bizim səhnədə hər şey qaydasındadır”, - deyən böyük sənətkar üçün ən uzun ömür elə budur: cismən getsə də, yaddaşlarda və tarixdə qalmaq...
Məkanın cənnət olsun, böyük sənətkar!

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər