• cümə axşamı, 26 dekabr, 13:56
  • Baku Bakı 10°C

Xərclər azalsa da, diqqət azalmır

30.09.23 04:30 3707
Xərclər azalsa da, diqqət azalmır

2024-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı xərclərinin 7.7 faiz azaldılması nəzərdə tutulur. Hökumətin açıqladığı ilkin rəqəmlər müəyyən suallar yaradıb. Ölkədə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərildiyi şəraitdə bu sahəyə büdcə ayırmalarının azaldılmasının səbəbi nədir?

2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 109,9 milyon manat olması nəzərdə tutulur. Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,7 faiz azdır. Qeyd edək ki, ötən il kənd təsərrüfatına 1 milyard 202 milyon 142 min 802 manat pul ayrılıb.

Ölkədə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərildiyi şəraitdə bu sahəyə büdcə ayırmalarının azaldılmasının səbəbi nədir? Bəzi ekspertlər Azərbaycanda kənd təsərrüfatı xərclərinin azaldılmasını gələn il dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə qarşılıqsız verilən maliyyə vəsaitinin aşağı olacağı ilə əlaqələndirirlər.

Xərclərin azalmasını subsidiyalarla əlaqələndirmək düzgün deyil

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, 2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin azaldılmasını subsidiyaların azalması ilə əlaqələndirmək düzgün deyil: “Əkinçilik və məhsuldarlıq subsidiyalarında azalma yox, artım var. Subsidiyaların miqdarı ötən illə müqayisədə yüksəkdir. Açıqlanan rəqəmlərdən də görünür ki, azalma müşahidə edilmir. Kənd təsərrüfatı sahəsində çalışanların əməkhaqqılarında və digər xərclərdə də ciddi dəyişiklik olmayacaq. Əvvəlki illərdə büdcədən infrastrukturla bağlı xərclər çox ayrılmışdı. Bu il nazirliyin yeni binasının da açılışı olub. Çox güman ki, artıq infrastrukturla bağlı optimallaşma olub və ehtiyaclar azaldılıb”.

Hansı xərclərin azaldılması nəzərdə tutulur?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin sözlərinə görə, dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan xərclərin azaldılması ilə bağlı deyilənlər düzgün deyil: “Səslənən fikirlərin heç bir əsası yoxdur. Kənd təsərrüfatına ayrılan xərclərin azaldılması və bu sahənin inkişafına mənfi təsiri barədə fikirlər yayılır. Əslində, dövlət büdcəsindən kənd təsərrüfatının inkişafına yönəldilən xərclərdə heç bir azalma yoxdur. Taxılçılıqla bağlı müəyyən əlavə tədbirlər nəzərdə tutulmuşdu. Onlar müəyyən qaydada həyata keçirilib və həmin xərclərin azaldılması planlaşdırılır. Bu da kənd təsərrüfatı sahəsinə ayrı-ayrı xərclərin əmsalına öz mənfi təsirini göstərə bilməz. Bu gün aqrar sektorun inkişafı dövlət başçısının diqqət mərkəzindədir. Bu sahədə keçirilən bir çox tədbirlər göstərir ki, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi əsas istiqamətlərdəndir. Həmin tədbirlərin təmin olunması üçün dövlət hər cür imkan yaradıb”.

Aqrar sektorun inkişafı əsas vəzifədir

Deputat vurğulayıb ki, kənd təsərrüfatına ayrılan vəsaitin düzgün xərclənməsi və ehtiyac olan hallarda dəyən ziyanın ödənilməsi diqqət mərkəzindədir: “Təbii fəlakət və digər hallarla əlaqədar sahibkarlara dəyən ziyanın ödənilməsi də dövlətin diqqətindədir. Bildiyiniz kimi, bu il bir çox rayonlarımıza dolu düşdü, sel gəldi. Nəticədə kənd təsərrüfatına ciddi ziyan dəydi. Bununla bağlı hökumətin tədbirləri var və sistemli şəkildə həyata keçirilir. Dövlət tərəfindən də müəyyən maliyyə vəsaitlərinin təsərrüfata yönəldilməsi ildən-ilə artır. Bu da onu göstərir ki, aqrar sektorun inkişafı əsas vəzifə kimi qarşıya qoyulub. Növbəti illərdə bir çox güzəştlərin edilməsi bu sahənin inkişafına daha da imkan yaradacaq”.

Maliyyə Nazirliyi tərəfindən bildirilib ki, kənd təsərrüfatına xərclərin azaldılması ilə bağlı Milli Məclisdə müzakirələr başlayanda bu məsələlər izah olunacaq və şərhlər veriləcək.

Kənd təsərrüfatı ilə bağlı müəyyən güzəştlər ediləcək?

İqtisadçı ekspert Rauf Qarayev bildirib ki, xərclərin azaldılması inflyasiyanın aşağı düşməsi ilə bağlı ola bilər: “Çünki Mərkəzi Bank gələn il üçün inflyasiya həddinin daha aşağı olmasını nəzərdə tutur. Bu, təxmini altı faiz nisbətində olmalıdır. Digər tərəfdən, vergi güzəştlərinin tətbiqi nəticəsində gözləntilərin olmasıdır. Yəni, artıq xərclərin azalması və gəlirlərin çoxalması planlaşdırılır”.

Ekspert əlavə edib ki, 2024-cü ildə kənd təsərrüfatı ilə bağlı müəyyən güzəştlər də nəzərdə tutulub: “Həmin güzəştlər nəticəsində gəlirlərin artması gözlənilir. Ola bilər ki, əkin sahələrinin sayının azalması xərclərə təsir edib. Çünki kənd təsərrüfatında su və digər problemlər də mövcuddur. Nəticədə məhsulların gözləntilərdən az olması xərclərin də azaldılmasına gətirib çıxara bilər”.

İlhamə Əbülfət

banner

Oxşar Xəbərlər