• cümə, 29 Mart, 18:11
  • Baku Bakı 14°C

Vətəndaşların məmnun qalacağı şəraitin təmin edilməsi

08.08.20 15:30 760
Vətəndaşların məmnun qalacağı şəraitin təmin edilməsi
Koronavirus pandemiyasından az itki ilə çıxacaq ölkələrdən birinin Azərbaycan olacağı şəksizdir. İlk gündən belə bir sual yaranmışdı: insanların sağlamlığı əsas götürülməlidir, yoxsa insan üçün olan iqtisadiyyatın qorunması? Prezident İlham Əliyev qəti olaraq bildirdi ki, hər şeydən vacib vətəndaşın sağlamlığıdır. Bu strategiya müəyyənləşdirildikdən sonra dövlət bütün yükü öz üzərinə götürdü və qısa müddətdə həyata keçirilən tədbirlər başqa ölkələrə örnək oldu.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
O qeyd edib ki, həmin tədbirlərdən yalnız bir neçəsinin xatırlanması gerçək mənzərəni göstərir. Dünyada neftin qiymətinin aşağı düşməsi fonunda ölkəmizin gəlirləri azalsa da, pandemiya şəraitində iqtisadi sabitlik, əhalinin məşğulluğu və pandemiyanın sahibkarlara mənfi təsirini azaltmaq məqsədilə böyük maliyyə vəsaiti ayrıldı, işsiz vətəndaşlara birdəfəlik pul ödənişləri edildi, ictimai iş yerləri açıldı, aztəminatlı ailələrə ərzaq yardımı edildi, tibbi spirt və maska istehsal edən zavod və fabrik, koronavirus xəstələri üçün klinika və modul tipli xəstəxanalar açıldı, xarici ölkələrdən laboratoriyalar alınıb gətirildi. Pandemiya ilə mübarizədə Azərbaycan dövləti heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədi, əksinə özü bəzi ölkələrə yardım göstərdi. Bütün bunlarla yanaşı, son bir neçə ayda ölkə ərazisində içməli su probleminin həlli, bəzi rayonlarda məktəb binalarının, yolların və körpülərin tikintisi üçün vəsait ayrıldı, yeni "ASAN xidmət” kompleksi açıldı, şəhid ailələrinə, müharibə əlillərinə mənzillər və avtomobillər verildi və sair. Dildə söylənməsi asan olsa da, bu qədər işin yerinə yetirilməsi üçün təkcə maliyyə vəsaiti deyil, həmçinin zaman, yüksək idarəçilik və təşkilatçılıq bacarığı tələb olunur. Eyni zamanda, dövlətimizin başçısının "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə maliyyə vəsaiti ayrıldı. Bu addım həm də ona əminlik yaradır ki, Azərbaycan dövləti işğaldan azad ediləcək bütün əraziləri qısa müddətdə bərpa etməyə qadirdir.
"Soruşulur: bəs bütün bunlara necə nail olunub? Əlbəttə, dövlətimizin maliyyə imkanları olmasaydı, sadalananları həyat keçirmək mümkün deyildi. Bəs maliyyə imkanları nəyin nəticəsində qazanılıb? Heç şübhəsiz, düzgün dövlət idarəçiliyi və iqtisadi siyasətin sayəsində. Görülən tədbirlər bir daha təsdiq edir ki, Prezidentin siyasətinin təməlində Azərbaycan vətəndaşlarının məmnun qalacağı şəraitin təmin edilməsi üçün bərabər imkanların yaradılması, sosial ədalətin bərqərar edilməsi, bir sözlə, gücünü aldığı Azərbaycan xalqı dayanır. Belə bir güc isə sarsılmazdır və daim qalib gələcək”, - deyə Musa Qasımlı vurğulayıb.
banner

Oxşar Xəbərlər