AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vətən müharibəsində Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir - İsa Həbibbəyli

Vətən müharibəsində Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir - İsa Həbibbəyli

Cəmiyyət
10 May 2021, 14:15 928
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü bu il ilk dəfədir ki, ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd edilir. Vətən müharibəsində Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.
 
Bunu Trend-ə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.
 
İ.Həbibbəyli bildirib ki, məlum olduğu kimi, hələ Azərbaycana rəhbərliyinin birinci mərhələsində ulu öndər Heydər Əliyev həm Dağlıq Qarabağın inkişaf etdirilməsi, həm də bu regionda tarixi reallıqlara uyğun olaraq Azərbaycan faktorunun daha da genişləndirilməsi üçün mühüm tədbirlər həyata keçirib: "Vaxtilə Şuşa şəhərində Qarabağ diyarından çıxmış görkəmli ədəbi-tarixi şəxsiyyətlərin ev muzeylərinin yaradılması və orada onlardan bir çoxunun heykəlləri və ya büstlərinin ucaldılması dövlət səviyyəsində həmin istiqamətdə atılmış mühüm addımlar idi. Dağlıq Qarabağda yeni sənaye sahələrinin yaradılması zamanı respublikanın rəhbəri Heydər Əliyevin tapşırığı ilə azərbaycanlı mütəxəssislərin işə cəlb edilməsinə diqqət yetirilməsi də bölgədə azərbaycanlı əhalinin qanunauyğun balansının qorunmasına xidmət edib.

Eyni zamanda, 1982-ci ildə Şuşa şəhərində görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə böyük şair və tanınmış dövlət xadimi Molla Pənah Vaqifin əzəmətli məqbərəsinin ucaldılması da Qarabağ torpağının tarixi Azərbaycan torpağı olmasını bir daha təsdiq edən mühüm əhəmiyyətə malik hadisə idi. Eyni zamanda, Şuşada keçirilmiş Vaqif poeziya günləri Qarabağda yaranmış Azərbaycan ədəbiyyatı və mədəniyyətini ardıcıl şəkildə təbliğ etmək məqsədi daşımışdır.
Çox təəssüf ki, erməni vandalları Dağlıq Qarabağı işğal etdikləri dövrdə bu torpaqlarda Azərbaycan izlərini silmək üçün qəbiristanlıqları, muzeyləri və heykəlləri, o cümlədən Molla Pənah Vaqifin məqbərəsini də vəhşicəsinə dağıdıblar".

Akademik bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə Qarabağın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir: "Bu, Prezident İlham Əliyevin müstəqil Azərbaycan dövlətinə və xalqımıza qazandırdığı tarixi bir Zəfərdir.
Vətən müharibəsində - Qarabağ savaşında qazanılmış Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir. İkinci Qarabağ müharibəsində, 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri azad edilərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qalib Ali Baş Komandan kimi ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etməklə bu böyük dövlət xadiminin də arzularını həyata keçirdiyini bəyan etmişdir. Bu mənada, Dağlıq Qarabağda Prezident İlham Əliyevin Dəmir Yumruğu ilə qazanılmış tarixi Zəfər həm də müstəqil Azərbaycan dövlətinin strateji məqsədlərinin həyata keçirilməsi deməkdir. 

Hazırda Qarabağ ərazisində Şuşa şəhərinə çəkilən Zəfər yolu – İlham Əliyev yoludur. İlham Əliyev yolu Azərbaycan xalqının Zəfər və Uğur yoludur.
İlham Əliyevin Dəmir yumruğunun açdığı Zəfər və Uğur yolu ümummilli lider Heydər Əliyevin arzusunun həyata keçməsini təsdiq edən və xalqımızı daha böyük qələbələrə aparan böyük magistraldır.

Zəfər və Uğur yolu Azərbaycan xalqının Qəhrəmanlıq yoludur.
Zəfər və Uğur yolu – Böyük Qayıdışın magistralı və əbədi xoşbəxtliyin bələdçisidir".