• şənbə, 27 Aprel, 03:22
  • Baku Bakı 14°C

Tomas Sivok: “Azərbaycanlı futbolçular türkiyəlilər kimi oynayır”

11.10.16 11:54 896
Tomas Sivok: “Azərbaycanlı futbolçular türkiyəlilər kimi oynayır”
"Üzərimizdə böyük təzyiq var. Çünki Azərbaycanın aktivində 6 xal varsa, biz cəmi 1 xal toplaya bilmişik”. Apasport.az saytının məlumatına görə, bunu Çexiya yığmasının müdafiəçisi Tomas Sivok deyib.

33 yaşlı futbolçu yerli mətbuata müsahibəsində DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə bu gün keçiriləcək qarşılaşmanı dəyərləndirib. Sivok yalnız qələbə barədə düşündüklərini bildirib: "Rəqibə bu görüşdə bərabərlik də sərf edir. Yəni heç-heçə onlar üçün uğur olar. Biz isə artıq bir dəfə evdə büdrəmişik. Şimali İrlandiya ilə oyunda 2 xal itirmişik. İndi bunu sığortalamaqdan başqa variantımız yoxdu. Yolumuza davam etmək üçün mütləq qalib gəlməliyik”.

Mərkəz müdafiəçisi komandamızın etibarlı müdafiə olunduğunu söyləyib. Maraqlıdı ki, Sivoku ən çox narahat edən məqamlardan biri standart vəziyyətlərdi: "Düzünü demək lazımdısa, Azərbaycan yığması çox olmasa da, təhlükəli hücumlar qurmağı bacarır. Yaxşı müdafiə olunurlar və standart vəziyyətlər zamanı da təhlükəli olurlar. Bu üzdən müdafiədə bir an olsun ehtiyatı əldən vermək olmaz. Rəqibin nəyə qadir olduğunu yaxşı bilirik. Onlardakı inkişafı görməmək mümkün deyil. Amma fikrimcə, hər şey özümüzdən asılıdı. Hücumda necə oynasaq, nəticə də ona uyğun olacaq. Hesabın elə bir önəmi yoxdu. Əsas odu ki, qələbə qazanaq”.

Üç gün öncə Almaniya ilə səfərdə üz-üzə gələn çexiyalılar 0:3 hesablı məğlubiyyətə düçar olmuşdular. Sivok bu dəfə fərqli oyun nümayiş etdirəcəklərini deyib: "Almaniya ilə görüşdə 90 dəqiqə ərzində rəqibin təzyiqi ilə üzləşdik. Onlara qarşı müdafiədə çox çətinliklər yaşadıq. Rəqib oyunçularının sürətli ötürmələrinə mane olmaq mümkün deyildi. Yüksək keyfiyyətli oyunçulara malik olmaları və topa sahib olarkən tez qərar vermələri onları güclü edən cəhətlərdi. Amma Azərbaycanla matçda yaradıcı futbol oynamaq və hücumameyilli çıxış etmək olar. Çünki bu, tam fərqli oyun olacaq”.

Yenicə milliləşdirilən Dəniz Yılmazla "Bursaspor”da bir yerdə çıxış edən Sivok həm yığmamızı, həm də baş məşqçi Robert Prosineçkini yaxşı tanıdığını vurğulayıb: "Prosineçkini Türkiyədən yaxşı tanıyıram. O, "Kayserispor”da ikən uğurlu taktiki gedişləri ilə diqqət çəkirdi. Bunu Norveçlə görüşdə bir daha təsdiqlədi. Norveçin güclü komanda olduğunu hər kəs bilir. Onları məğlub edibsə, deməli, Azərbaycan da keyfiyyətli komandadı. "Bursaspor”dakı komanda yoldaşım Dəniz Yılmaz yenicə Azərbaycan vətəndaşlığını alıb. Zədəli olduğu üçün yığmasına dəvət almır. Azərbaycanlı futbolçuların topla yaxşı oynadıqlarını bilirəm. Onlar türkiyəli futbolçular kimi oynayırlar, sürətli və yaxşı texnikaya malikdilər”.

Qeyd edək ki, Çexiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
banner

Oxşar Xəbərlər