• bazar ertəsi, 06 may, 23:13
  • Baku Bakı 15°C

Avrokuboklara vəsiqəni kim qazanacaq?

27.04.24 01:02 1067
Avrokuboklara vəsiqəni kim qazanacaq?

Azərbaycan bir neçə mövsüm sonra yenidən Avropa Liqasında təmsil olunacaq. Konfrans Liqası yaradılandan sonra ölkə çempionu Çempionlar Liqasında, digər üç komanda isə yeni turnirdə yarışırdı. Aparılan islahatlardan sonra ölkəmizi bu turnirdə kubokun qalibi təmsil edəcək.

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün həlledici mərhələsidir. “Qarabağ” artıq bir neçə tur əvvəl çempionluğu rəsmiləşdirib. Ağdam təmsilçisi növbəti mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Avrokubok səhnəsinə çıxacaq digər kollektivlər isə hələlik bəlli deyil. Növbəti mövsüm Avropa Liqasında bir, Konfrans Liqasında isə iki komanda Azərbaycanı təmsil edəcək. Üç yerə altı iddiaçı var.

Kubokun əhəmiyyəti artıb

Azərbaycan bir neçə mövsüm sonra yenidən Avropa Liqasında təmsil olunacaq. Konfrans Liqası yaradılandan sonra ölkə çempionu Çempionlar Liqasında, digər üç komanda isə yeni turnirdə yarışırdı. Lakin qitəmiqyaslı yarışlarda aparılan islahatlar növbəti mövsüm üçün Azərbaycana Avropa Liqası yeri verdi. Ölkəmizi bu turnirdə kubokun qalibi təmsil edəcək. Azərbaycan Kubokunda yarımfinal mərhələsi başa çatıb. İyunun 2-də keçiriləcək həlledici matçda “Qarabağ” və “Zirə” qalibi müəyyənləşdirəcəklər. Ağdam klubu artıq çempion kimi ÇL-ə gedəcəyindən kuboku da qazanarsa, qaydalara əsasən, Avropa Liqasına çempionatda ikinci yeri tutan kollektiv gedəcək. Bu ehtimalın mövcudluğu ikinci pilləni əldə etməyin əhəmiyyətini bir qədər də artırır.

Mövcud mənzərə

Bu mövsüm ölkə çempionatı kifayət qədər rəqabətlidir. Düzdür, “Qarabağ” böyük üstünlüklə vaxtından xeyli əvvəl çempionluğu təmin etməyi bacardı. Ancaq digər klubların mübarizəsi olduqca gərgindir. “Qəbələ” böyük ehtimalla mövsümü sonuncu yerdə bitirəcək. “Kəpəz” isə liqada qalmaq yolunda böyük üstünlük əldə etməyi bacarıb.

Hazırda Avropa Liqası və Konfrans Liqasına olan üç yerə namizədlər “Zirə”, “Sumqayıt”, “Neftçi”, “Sabah”, “Səbail” və “Turan Tovuz”dur. “Araz Naxçıvan”ın da riyazi olaraq şansları var, amma bunlar çox cüzidir. “Zirə” 49 xalla ikinci pillədə qərarlaşıb. Komanda kubokda da şansını saxladığı üçün Avropa Liqasına əsas namizəddir. “Neftçi” ilə “Sumqayıt” 47 xalla növbəti pillələri bölüşdürürlər. “Sabah” onlardan bir xal geri qalır. “Səbail”lə “Turan Tovuz” isə 42 xalla şanslarını davam etdirirlər. Qarşıdakı beş turda hər bir qarşılaşma bu komandalar üçün həyati əhəmiyyətə malikdir.

Şanslar necədir?

Artıq qeyd etdiyimiz kimi, “Zirə”nin Avropa Liqasına yollanmaq ehtimalı daha çoxdur. Komanda ötən tur “Neftçi” üzərində vacib qələbə qazanmaqla vəziyyətini yaxşılaşdırıb. Komanda kubokdan olmasa belə, çempionatda ikinci yeri tutmaqla bunu əldə etmək əzmindədir. Rəşad Sadıqovun yetirmələrinin qrafiki isə o qədər də asan deyil. “Turan Tovuz” səfəri, son turda “Səbail”ə qarşı ağır qarşılaşma var. Üstəlik, komanda “Qarabağ”la da üz-üzə gələcək. Ancaq çempionluğu təmin edən “atlılar”ın qarşıdakı görüşlərə nə dərəcədə əhəmiyyət verəcəyi sual doğurur.

Elə “Neftçi” üçün də yol hamar görünmür. Komandanın “Turan Tovuz”la, “Qarabağ”la və son turda “Sabah”la ağır oyunları var. “Sumqayıt”ı da avrokubok zonasındakı birbaşa rəqibləri ilə duellər gözləyir. Növbəti tur çempionla üz-üzə gələcək Samir Abasovun komandası öz meydanında “Səbail”lə qarşılaşacaq, “Sabah”ın qonağı olacaq.

Ən ağır oyunlar

İddiaçılar arasında ən ağır oyunlar artıq yuxarıda qeyd olunanlardan da aydınlaşdığı kimi “Sabah”, “Turan Tovuz” və “Səbail”in iştirakı ilə keçiriləcək. Bu isə daha aşağı sıralarda qərarlaşan “Turan Tovuz”la “Səbail”in şanslarını müəyyən qədər azaldır. Tovuz klubu ötən tur öz meydanında “Sumqayıt”a yenilməklə işini daha da çətinə salıb. “Səbail” isə bu tur “Sabah” səfərində qələbə qazana bilməsə şanslarını minimuma endirəcək. Lakin “Sabah” əksinə, qalib gələ bilsə, Avropa Liqası olmasa belə, Konfrans Liqasına vəsiqəyə xeyli yaxınlaşacaq. Üstəlik, komanda Krunoslav Renduliçin baş məşqçi postuna gəlməsindən sonra həm oyun, həm nəticələr baxımından xeyli inkişafa nail olub.
Ümumilikdə götürdükdə Avropa Liqası mübarizəsi daha çox “Neftçi” və “Zirə” arasında gedir. Konfrans Liqası uğrunda isə “Sabah”la “Sumqayıt” ciddi rəqabət aparırlar. Həm mövcud xal durumu, həm də komandaların performansı şanslar barədə dəqiq nəsə deməyə imkan vermir. “Səbail”lə “Turan Tovuz” nisbətən uzaq düşüblər, lakin digər dörd kollektivin qitə arenasına çıxma ehtimalını təxminən eyni dəyərləndirmək olar.

 Son illərin ən maraqlı çempionatı

Bir çox mütəxəssis 2023/24 mövsümünü son illərin ən maraqlı çempionatı hesab edir. “Qarabağ”ın rəqibləri üzərində üstünlüyü artıb. Bu, çempionluq mübarizəsinin son turlara qədər qalmamasına səbəb oldu. Lakin digər komandaların yaxın güclərdə olması rəqabətin artdığını deməyə imkan verir. Əgər ötən mövsümlərdə avrokubok iştirakçıları erkən müəyyənləşirdisə, bu dəfə yekun siyahı böyük ehtimalla son turda müəyyənləşəcək. Bu da mövsümün daha maraqlı alındığını demək üçün əsas verir.

banner

Oxşar Xəbərlər