• şənbə, 17 May, 10:49
  • Baku Bakı 16°C

Terror üzərində möhtəşəm qələbə

17.05.25 05:10 95
Terror üzərində möhtəşəm qələbə

PKK-nın ləğvi möhtəşəm hadisədir. Bu, qəti şəkildə PKK-nın üzərində qurulan ideoloji təməllərin, ərazi iddialarına əsaslanan silahlı mübarizələrin mahiyyət etibarilə köhnəldiyini sübut edir. 

Uzun illərdir Türkiyəyə qarşı təzyiqlərdə istifadə edilən PKK terror təşkilatı 50 ilə yaxın davam edən münaqişədən sonra özünün ləğvini elan edib. PKK yaydığı açıqlamada qrupun adı altında həyata keçirilən “bütün fəaliyyətlərin” başa çatdığını bildirib. Terror təşkilatının ləğvini elan edən gün isə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin Azərbaycana səfəri diqqət çəkir. Üstəlik, PKK-nın qərarı Bakıda mayın 8-də keçirilmiş Türkiyə-İsrail danışıqlarından sonraya təsadüf etdi. Prezidenti İlham Əliyevin mayın 13-də Yaşar Güleri və Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul etməsi PKK-nın ləğvi kontekstində yaranmış geosiyasi mənzərədə Bakının mövqelənməsini qeyd edir. 

PKK-ya qısa tarixi baxış 

Türkiyə 50 ilə yaxındır ki, 1978-ci ildə Abdullah Öcalan tərəfindən qurulan, 1984-cü ildə açıq silahlı mübarizəyə başlamış PKK ilə müharibə aparır. Qurulduğu gündən bəri on minlərlə insanın həyatını itirməsinə səbəb olan terror təşkilatı marksist-leninçi və etnik separatçılıq ideologiyasına əsaslanır. Həyata keçirdiyi terror aktlarında mülki, hərbçi, polis, qadın və uşaqlar arasında fərqlər qoymayıb, cəmiyyətdə vahimə yaratmağa çalışıb. PKK terror təşkilatı, xüsusilə ölkənin cənub-şərqində yerləşənlər başda olmaqla, Türkiyənin turizm sənayesini, iqtisadi infrastrukturunu, təhsil müəssisələrini, səhiyyə ocaqlarını, dövlət müəssisələrini və özəl təşəbbüsləri hədəfə alıb. Təşkilat hədə-qorxu, silah və narkotik qaçaqmalçılığı kimi fəaliyyətlərlə məşğul olub. 

Türkiyə hakimiyyəti 1999-cu ildə Abdullah Öcalanı Keniyada ələ keçirərək həbs edib. 

Baxçalının tələbindən sonra

PKK ilə mübarizənin coğrafiyası tək Türkiyənin cənub-şərq regionunu deyil, Suriya, İraq, Livan ərazilərini də əhatə edib. Təşkilatın fəaliyyətinin ən azı 40 min insanın ölümünə səbəb olduğu təxmin edilir. PKK-nın təşkilatlanmış cinayət əməlləri üzrə dosyenin böyüməsi, ona Qərb ölkələrindən verilən dəstək Türkiyənin daha güclü mübarizə doktrinasına diqqət yetirməsinə gətirib çıxardı. 

2024-cü ilin oktyabr ayında Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı PKK-nın ləğvi müqabilində Abdullah Öcalanın şərti azadlığa çıxa biləcəyini deyib. İmralıda həbsxanada olan Abdullah Öcalan 2025-ci ilin martın 1-də Baxçalının müraciətinə cavab verib. Baxçalı və Öcalanın ictimai fikir mübadiləsində PKK-nın ləğvi ilə bağlı həmfikir olmaları regiondakı silahlı kürd koalisiyaları arasında oyun qaydalarını dəyişdirdi. Daha sonra isə Türkiyə dövləti rəsmi olaraq Baxçalının təklifini və Öcalanın müraciətini dəstəkləyən açıqlamalar səsləndirdi. PKK-nın özünü tərksilah etmək qərarı həmin proseslərin məntiqi davamı idi. 

Möhtəşəm hadisə

PKK-nın ləğvi möhtəşəm hadisədir. Bu, terror təşkilatının üzərində qurulan ideoloji təməllərin, ərazi iddialarına əsaslanan silahlı mübarizələrin mahiyyət etibarilə köhnəldiyinə əsaslanır. Bu, həm Türkiyədə, həm də   bütövlükdə dünyada dəyişən şərtlərdə türklərin və kürdlərin “hegemon güclərə” qarşı birlik içində dayanması istiqamətində irəliyə doğru yeni bir yoldur. Bu, Türkiyənin regional və qlobal təhlükəsizlik siyasətində daha effektiv vitrinə çıxacağını proqnozlaşdırmağa imkan verir. 
Hadisələrə eyni zamanda Türkiyə ilə İsrail arasındakı gərginlikləri azaltmaq, tərəflər arasında münasibətlərin irəliləməsi yolundakı ümumi anlaşmanın tərkib hissəsi kimi baxmaq zərurəti də yaranır. Çünki Türkiyə ilə İsrail Suriyada Bəşər Əsədin devrilməsindən sonra Yaxın Şərqdə hərbi toqquşma həddinə qədər ritorika nümayiş etdirdilər. Suriyada nüfuz bölgüsü uğrundakı mübarizənin əlamətləri Türkiyə ilə İsrailin həm də silahlı kürd qruplarına fərqli yanaşmasının təzahürlərindən irəli gəlirdi. Azərbaycan Türkiyə ilə İsrail arasında barışdırıcı olmağa çalışır. 

Azərbaycanın yeri 

Prezidenti İlham Əliyev də PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib.
Dövlət başçısı “X” sosial şəbəkə hesabında bununla bağlı  paylaşımında bildirib: “Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm.

Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir”.
Prezident İlham Əliyev eyni mövqeni milli müdafiə naziri Yaşar Gülerlə görüşdə də təkrarlayıb. Azərbaycan üçün hadisənin əhəmiyyəti terrorizmə qarşı mübarizənin güclənməsi və regional təhlükəsizliyin təmin olunması baxımından qiymətləndirilə bilər. Bundan əlavə, İlham Əliyevin Azərbaycanın mövqeyini çevik və operativ ifadə etməsi Yaxın Şərqdə geosiyasi mənzərənin dəyişməsinin Cənubi Qafqazdakı balansa təsiri ilə bağlıdır. Şübhəsiz ki, PKK-nın ləğvi Türkiyənin daxili sabitliyini gücləndirərək, qardaş ölkənin Cənubi Qafqaza daha çox diqqət yetirməsinə şərait yaradır. 

Azərbaycan sözsüz ki, bundan sonra cərəyan edə biləcək hadisələrin Türkiyə ilə strateji təhlilini aparır. Türkiyə milli müdafiə nazirinin və Təhlükəsizlik Şurasının baş katibinin Azərbaycana səfəri həmin məzmunda diqqət yetiriləsi məqamdır. Yəni söhbət ondan gedir ki, PKK özünü buraxsa da, verilən bəyanatda prosesin İraq, Suriya və İrandakı bütün qollarına şamil edilib-edilməyəcəyi, tərksilah prosesinin necə həyata keçiriləcəyi açıqlanmayıb. Üstəlik, ABŞ-nin PKK-nın Suriya qanadı ilə bağlı necə hərəkət edəcəyi mövzusunda aydın əlamət və kriteriyalar yoxdur.

Aqşin Kərimov

 

banner

Oxşar Xəbərlər