“Tənbəl sahibkarlıq”dan yaranan asılılıq
Ekspertin
fikrincə, ən zəruri qida məhsullarının istehsalının ucuz başa gəlməsinə nail
olmalı, xaricdən idxalın qarşısını müəyyən məhdudiyyətlər vasitəsilə almalıyıq.
Amma süni qiymət artımı yaranmasın deyə, hökumətin dəstək tədbirləri də
olmalıdır
Son
vaxtlar Azərbaycan üçün prioritet hədəflərdən biri də aqrar sahənin
inkişafıdır. Elə sovetlər dönəmində ölkədə bir sıra strateji kənd təsərrüfatı məhsulları
istehsal edilib. Lakin ölkəmiz kərə yağı, pendir kimi məhsulların istehsalı üzrə
ixtisaslaşmayıb. Müstəqillik dövründə isə aqrar sektorun bütün istiqamətlərdə
inkişafı üçün ard-arda dövlət proqramları qəbul edilməklə sahibkarlara dəstək
verilməyə başlanıldı. Amma nəticənin tərs mütənasib olduğu görünür. Statistik məlumata
görə, kərə yağı, pendir və digər süd məhsulları daha çox xaricdən gətirilir. Rusiya
mətbuatının yaydığı məlumata görə, ötən il Azərbaycana 319 ton, - 2020-ci ildən
təxminən iki dəfə çox (161 ton) kərə yağı göndərilib. Eyni zamanda 2021-ci ildə
RF-dən pendir ixracı 24,37 min ton təşkil edib, bu da 2020-ci ilin göstəricisindən
(20,22 min ton) 10% çoxdur.
"Ərzaq məhsullarının
qiymətlərində sabitlik yarananda...”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov bildirdi
ki, son vaxtlar ərzaq təhlükəsizliyi yenə də aktual bir mövzuya çevrilib: "Ölkəmizin
ərzaq təhlükəsizliyinin təmin olunması məsələsi heç vaxt aktuallığını itirmir.
Sadəcə olaraq, dünyada ərzaq məhsulları bahalaşan kimi bu mövzu dərhal ortaya
çıxır. Həmişə də bu mövzu ilə bağlı eyni fikirlər söylənilir. Təəssüflər olsun
ki, dünyada ərzaq məhsullarının qiymətlərində sabitlik yarananda bu mövzu
ikinci plana keçir. Söhbət ondan gedir ki, Azərbaycanın daxili istehlak bazarı
bir sıra məhsullar sarıdan xaricdən asılıdır. Bu, birdən-birə ortaya çıxan məsələ
deyil. Məsələn, buğdanı götürək. Neçə illərdir dövlət bu sahədə dəstək siyasəti,
maliyyə xarakterli köməkliklər, fermerlərə müvafiq şəraitin yaradılması istiqamətində
zəruri addımlar atsa da, yenə də biz ərzaqlıq buğda sarıdan xaricdən asılı vəziyyətdəyik”.
"O
yağların əksəriyyəti 3-cü ölkələr vasitəsilə gəlir”
Ekspert
vurğuladı ki, əgər söhbət Azərbaycanın ərzaq təhlükəsizliyi məsələsindən gedirsə,
birinci növbədə məhz bu məsələ həllini tapmalıdır: "Ət, yağ, yumurta, toyuq və
sair məhsullara gəlincə, bunlar ərzaq buğdasından sonrakı yerdə dayanan məhsul
növləridir. Təbii ki, bunlar sarıdan da bazarda özümüzü təmin etməyə nail
olmalıyıq. Dövlət başçısı jurnalistlərə müsahibəsində qeyd etdi ki, sovet dönəmində
Azərbaycan aqrar sahədə müəyyən sahələrdə ixtisaslaşmışdı. Ət, yağ və sair məhsullar
var idi ki, onu digər respublikalardan alırdıq. O dövrdə bunu başa düşmək
olardı və hər şey mərkəzdən idarə olunurdu. Amma Azərbaycan müstəqillik əldə edəndən
sonra artıq bu kimi məsələlər öz həllini tapmalı idi. Yəni ölkəmiz ən zəruri
qida məhsullarının bir çoxu ilə özünü təmin etməliydi. Bu mənada təqdirəlayiq
haldır ki, Azərbaycan mal əti sahəsində özünü 90 faizdən çox təmin edə bilib. Eyni
zamanda bizdə süd istehsalı olmayıb. Amma bu sahədə də yerli istehsal hesabına
nailiyyətlər əldə edilib. Buna baxmayaraq, kərə yağı, pendir və bu kimi ən zəruri
qida məhsulları sarıdan, təəssüflər olsun ki, başqa ölkələrdən asılı vəziyyətdəyik.
Bu ölkələr sırasında ən birinci yer Rusiyanındır. Rusiyadan təkcə kərə yağı və
digər qida məhsulları deyil, o cümlədən
taxıl sarıdan da asılı vəziyyətdəyik. Hesab edirəm ki, Rusiyadan ən vacib qida
məhsulları asılılığına bacardıqca tez son qoymalıyıq. Təəssüflər olsun ki, bu
istiqamətdə işlər ləng gedir. Ona görə ki, sahibkarlar yerli istehsalla məşğul
olmaqdan çox, əlində olan vəsaitdən, yaxud da bankların verdiyi kredit
hesabından istifadə edib Rusiyadan, Ukraynadan, Qazaxıstandan və digər ölkələrdən
məhsul alıb gətirməyi üstün tutur. Məsələn, Yeni Zelandiya istehsalı olan kərə
yağlarını götürək. Bir iqtisadçı kimi deyə bilərəm ki, məndə Yeni Zelandiyadan
birbaşa olaraq Azərbaycana kərə yağının gətirilməsi ilə bağlı dəqiq informasiya
yoxdur. O yağların əksəriyyəti 3-cü ölkələr vasitəsilə gəlir”.
"Dövlət
siyasəti hazırlanmalıdır”
P.Heydərovun
sözlərinə görə, bu kimi məsələlər onu tələb edir ki, ən zəruri qida məhsulları üzrə
yerli istehsalın ucuz başa gəlməsinə nail olaq: "Bundan əlavə xaricdən idxalın
qarşısını müəyyən məhdudiyyətlər vasitəsilə almalıyıq. Deyə bilərsiniz ki, məhdudiyyət
tətbiq olunan kimi həmin məhsulların qiyməti qalxacaq. Ona görə də, bu işlər
paralel olaraq aparılmalıdır. Sual oluna bilər ki, bizdə niyə kərə yağı
istehsal olunmur? Olunur, fermerləri buna stimullaşdırmaq da olar. Amma bizdə
yerli istehsal baha başa gəlir və belə olduğu üçün xaricdən gətirilən məhsullarla
rəqabətə girə bilmir. Xaricdən gətirilən kərə yağı həm keyfiyyət baxımından
yüksək olur, həm də qiyməti aşağı olur. Nəticədə, alıcı keyfiyyətli, həm də ucuz
malın dalınca gedir. Bu da sahibkarı stimullaşdırır, yəni hansı mal-məhsul
satılırsa, ora pul yatırır. İstər yerli istehsal olsun, istərsə də xaricdən gətirilsin.
Hesab edirəm ki, hökumət kompleks proqram hazırlamalıdır ki, ən zəruri qida məhsullarına
olan tələbatın 100 faizini demirəm, heç olmasa, 60-70 faizini özümüz ödəyə bilək”.
Bəxtiyar Məmmədli