• şənbə, 25 Iyul, 03:28
  • Baku Bakı 30°C

5,4 milyard manat ipoteka krediti verilib

25.07.26 00:45 37
5,4 milyard manat ipoteka krediti verilib

İpoteka kreditlərini alanlarda 18–29 yaş qrupunun payı 33 %, 29–35 yaş qrupunun payı 34 %, 35 yaşdan yuxarı şəxslərin payı isə 33 % təşkil edir. Beləliklə, kreditlərdən yararlananların 67%-i gənclər və gənc ailələrdir.

Azərbaycanda ipoteka kreditləri üzrə maksimal məbləğin artırılması bazardakı tendensiyalardan asılı olacaq. "Report" xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun Baş meneceri Rasim Abdullayev bildirib. "Hazırda ipoteka kreditləri üzrə əsas məqsədimiz orta və aşağı gəlirli ailələrin, vətəndaşlarımızın bu mexanizmə əlçatanlığını təmin etməkdir. Bu səbəbdən Fond ipoteka kreditinin maksimum məbləğini 150 min manat səviyyəsində saxlayır. Bildiyiniz kimi, bankların da daha yüksək məbləğlər üzrə daxili ipoteka proqramları mövcuddur. Lakin Fondun əsas məqsədi cəlb etdiyi resurslar və dövlət büdcəsindən ayrılan vəsait hesabına mümkün qədər çox vətəndaşın mənzil təminatı problemini həll etməkdir. Biz bu istiqamətdə bazardakı tendensiyaları daim izləyir və diqqətdə saxlayırıq", - deyə o qeyd edib.

“Əgər zərurət yaranarsa...”

Fond rəsmisi əlavə edib ki, əgər zərurət yaranarsa, kreditin maksimum məbləğinin artırılması məsələsinə baxıla bilər: "Ancaq nəzərə almaq lazımdır ki, 150 min manat kredit götürülməsi uzunmüddətli perspektivdə kifayət qədər ciddi maliyyə öhdəliyidir. Hazırda proqramdan faydalanan vətəndaşların orta aylıq gəliri 2 100–2 200 manat, ailə üzvlərinin orta sayı isə 3–3,5 nəfərdir. Belə olan halda vətəndaşların faydalana biləcəyi maksimal məbləğ hələlik 150 min manatdır. Gələcəkdə kredit məbləğlərinin artması tendensiyası davam edərsə və orta göstəricilər maksimum həddə yaxınlaşarsa, kredit limitinin artırılması məsələsinə baxılacaq. Digər mühüm amil odur ki, kredit məbləğinin artırılması ilə bağlı hətta açıqlamanın özü belə bazarda ciddi ajiotaj yarada və daşınmaz əmlak qiymətlərinin sürətlə artmasına səbəb ola bilər. Buna görə bu məsələyə çox ehtiyatla yanaşırıq və yalnız real zərurət yarandığı halda müvafiq addımların atılmasını məqsədəuyğun hesab edirik".

İpoteka kreditlərinin 80 %-i dövlət xətti ilə verilib

R.Abdullayev qeyd edib ki, bu günə qədər Azərbaycanda 73,4 min nəfərə 5,4 milyard manat ipoteka krediti verilib. Onun sözlərinə görə, bunun təxminən 80 %-i Fondun (dövlət) xətti ilə, 20 %-i isə bankların daxili ipoteka proqramları üzrə verilib. "Mərkəzi Bankın statistikasına əsasən, bankların kredit portfelində ipoteka kreditlərinin xüsusi çəkisi 15,2 %-dir", - deyə Fond rəsmisi əlavə edib.

R.Abdullayev deyib ki, Fondun zəmanət mexanizmi tətbiq edildikdən sonra, 2018-ci ildən etibarən ümumi məbləği 150 milyona yaxın manat olan 1 571 zəmanətli ipoteka krediti verilib: "Hazırda 1 284 ədəd, 753 milyon manatlıq zəmanətli kredit portfelinə xidmət göstəririk. Eyni zamanda, portfel zəmanəti mexanizmi çərçivəsində 451 kredit mövcuddur və onların ümumi dəyəri 80 milyon manatdır. Ölkə Prezidentinin 9 iyun 2026-cı il tarixli fərmanına əsasən, ipoteka kreditlərinə zəmanət və faiz subsidiyasının verilməsi mexanizmi İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə həvalə edilib. Bu addım iqtisadi səmərəliliyin artırılması və dövlət xidmətlərinin optimallaşdırılması məqsədilə atılıb. Yeni kreditlərə zəmanətlərin və faiz subsidiyalarının verilməsini artıq səlahiyyət verilmiş yeni qurum həyata keçirir, mövcud portfelə isə xidmət göstərilməsini davam etdiririk. Fondun adının dəyişdirilməsinə gəlincə, hazırda bu fəaliyyət davam etdiyi üçün təşkilatın adının dəyişdirilməsi nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı plan olarsa, ictimaiyyətə mütləq məlumat veriləcək".

İpoteka kreditləri alanların yaş kateqoriyası

R.Abdullayev deyib ki, hazırda ipoteka kreditlərini alanlarda 18-29 yaş qrupunun payı 33 %, 29–35 yaş qrupunun payı 34 %, 35 yaşdan yuxarı şəxslərin payı isə 33 % təşkil edir: “Beləliklə, kreditlərdən yararlananların 67%-i gənclər və gənc ailələrdir. Regionlarda verilmiş ipoteka kreditlərinin payı isə 23 % təşkil edir. Kredit alanların 67 %-i evli, 33 %-i subay şəxslərdir. Məşğulluq baxımından isə kreditlərin 42%-i qeyri-dövlət sektorunda, 58%-i dövlət sektorunda çalışan vətəndaşlara verilib. 2020–2026-cı illər ərzində Fondun təqdim etdiyi alətlər hesabına faydalananların orta illik sayı 7 300-dən çox olub", - deyə o əlavə edib.

banner

Oxşar Xəbərlər