• şənbə, 11 Iyul, 05:30
  • Baku Bakı 26°C

BTC-nin "sükanı" SOCAR-a verildi

11.07.26 04:20 22
BTC-nin "sükanı" SOCAR-a verildi

Azərbaycanın əsas neft ixrac marşrutunda 20 ildən sonra idarəetmə dəyişdi. BTC üzrə operatorluğun SOCAR-a keçməsi enerji diplomatiyası və regional təsir baxımından strateji dönüş kimi qiymətləndirilir.

İyirmi il ərzində Azərbaycanın əsas neft ixrac marşrutu olan Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərində yeni mərhələ başlayıb. İyulun 1-dən BTC-nin operatorluğu rəsmi olaraq bp-dən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations" MMC-yə keçib. Bu dəyişiklik mülkiyyətin deyil, idarəetmənin ötürülməsi olsa da, onun Azərbaycanın enerji sektoruna, iqtisadiyyatına və regional mövqeyinə təsiri maraq doğurur. Bəs operatorluğun SOCAR-a keçməsi faktiki olaraq nəyi dəyişəcək, bu addım Azərbaycana hansı üstünlükləri qazandıracaq? Bunun geosiyasi və iqtisadi əhəmiyyəti nədən ibarətdir? 

“BTC kəməri xüsusi strateji əhəmiyyət kəsb edir”

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin sözlərinə görə, ötürülmə prosesi Səngəçal terminalının ərazisində yerləşən obyektlər istisna olmaqla, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən bütün BTC obyektlərini və fəaliyyətlərini, eləcə də BTC və Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) aid ümumi fəaliyyətləri əhatə edir: “BTC və CQBK kimi strateji ixrac xətlərinin operatorluğunun SOCAR-a ötürülməsi şirkətin illər ərzində formalaşdırdığı güclü milli kadr potensialından və enerji infrastrukturunun idarə edilməsində topladığı zəngin təcrübədən irəli gəlir. bp-nin boru kəməri infrastrukturunun texniki operatorluğundan geri çəkilməsi layihələrin mövcud kommersiya strukturunda heç bir dəyişiklik yaratmır. Təchizat zəncirinin sabitliyi və enerji axınlarının təhlükəsizliyi baxımından BTC kəməri xüsusi strateji əhəmiyyət kəsb edir. Fəaliyyətdə olduğu 20 il ərzində qlobal bazarlara etibarlı ixrac xətti kimi enerji təhlükəsizliyini gücləndirən BTC, həm də yüngül və ağır neft balansının qorunması, ehtiyatların formalaşması və emal zavodlarının öz konfiqurasiyalarına uyğun xammalla təmin edilməsi kimi mühüm funksiyaları yerinə yetirib”. 

Z.Vəliyevin fikrincə, müharibə fonunda Rusiya enerji daşıyıcılarına tətbiq edilən beynəlxalq məhdudiyyətlər Xəzər regionunun karbohidrogen ehtiyatlarına və Azərbaycanın ixrac imkanlarına diqqəti xeyli artırıb. Bu baxımdan, qarşıdakı illərdə də Azərbaycanın ixrac infrastrukturu, xüsusilə BTC Qərb bazarları üçün həyati əhəmiyyət kəsb edən geosiyasi aktiv kimi öz cəlbediciliyini qoruyacaq: “Eyni zamanda, kəmər Xəzəryanı ölkələrin karbohidrogen ehtiyatlarının Aralıq dənizi bazarlarına çatdırılmasında ən optimal və təhlükəsiz alternativ marşrut funksiyasını uğurla davam etdirəcək”.

“Azərbaycan regional mərkəz statusunu möhkəmləndirir”

İqtisadçı Elçin Əkbərov bildirdi ki, bu proses real iqtisadi dönüş nöqtəsindən çox, strateji idarəetmə dəyişikliyidir: “Burada dəyişən əsas amil mülkiyyət yox, idarəetmə funksiyasıdır. Yəni, kəmərin “sükanı” dəyişib, lakin “gəminin sahiblik sənədi” olduğu kimi qalır. Operatorluğun ötürülməsi BTC-nin Azərbaycan, Gürcüstan və Türkiyə hissələrini tam əhatə edir. Səngəçal terminalının operatorluğu (bp) və BTC Co. şirkətinin səhmdarlıq strukturu isə dəyişməz qalır. bp-nin Azərbaycandan getməsindən və ya aktivlərini satmasından söhbət getmir. Rəsmi sazişlər təsdiqləyir ki, bp “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi əsas aktivlərin operatoru olaraq fəaliyyətini davam etdirir. Qeyd etmək lazımdır ki, SOCAR üçün bu keçid sıfırdan başlayan bir eksperiment deyil, şirkət 2015-ci ildən CQBK-nin kommersiya, 2021-ci ildən isə texniki operatorudur və bu keçid sınaqdan çıxmış təcrübənin məntiqi davamıdır”.

E.Əkbərov düşünür ki, əgər gələcəkdə BTC vasitəsilə yalnız digər ölkələrin (məsələn, Qazaxıstan və ya Türkmənistan) nefti tranzit olunarsa, Azərbaycanın əldə edəcəyi gəlirlər birbaşa neft sektoru gəliri deyil, xidmət ixracı kimi formalaşacaq: “Bu gəlirlər kəmərin istismarı üçün ayrılan xüsusi operatorluq haqlarından, tranzit tariflərinin idarə edilməsində qəbul edilən çevik kommersiya qərarlarından və yerli podratçıların cəlb edilməsi ilə daxili bazarda pul dövriyyəsinin artmasından daxil olacaq. Makroiqtisadi baxımdan bu, xam neftin satışı deyil, nəqliyyat və logistika xidməti ixracıdır. Bu dəyişiklik Azərbaycanın regional mərkəz statusunu daha da möhkəmləndirir. Ölkə sadəcə resurs ixracatçısı kimi yox, regionun əsas enerji dəhlizini idarə edən qlobal operator kimi çıxış etməyə başlayır. SOCAR-ın Qazaxıstan və Türkmənistan neftinin BTC vasitəsilə Qərb bazarlarına daşınmasını birbaşa idarə etməsi, tranzit ölkələr və Avropa İttifaqı ilə geosiyasi danışıqlarda rəsmi Bakının mövqeyini xeyli gücləndirir. Azərbaycan iqtisadiyyatı üçün uzunmüddətli faydalar isə insan kapitalının inkişafı və beynəlxalq arenada qazanılan reputasiya ilə ölçüləcək. SOCAR-ın bu miqyaslı layihəni idarə etməsi ona gələcəkdə xaricdəki tenderlərdə operator qismində iştirak imkanı açır”.

İqtisadçının sözlərinə görə, operatorluq yalnız status deyil, eyni zamanda sərt məsuliyyətdir: “Qısa müddətdə nüfuz nümayişi kimi görünən bu proses, uzun müddətdə Azərbaycanı “neft hasil edən ölkə”dən “qlobal enerji dəhlizini idarə edən ölkə”yə çevirəcək”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər