Birinci yarımillikdə iqtisadiyyatımız böyüyüb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur.
Azərbaycan iqtisadiyyatının inkişaf tempi ilə bağlı bu ilin altı aylıq göstəriciləri açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,7 % azalaraq 19 milyard 610,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 1,5 % artaraq 55 milyad 596,5 milyon manata çatıb.
Bu il ölkədə iqtisadi artımın 1,1 faiz olacağı gözlənilir
Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, bu il ölkədə iqtisadi artımın 1,1 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 3,2 % olacağı gözlənilir.
Hökumətin yenilənmiş proqnozlarına görə, 2026-cı ildə ÜDM-in artımı 1,7 %, neft-qaz sektoru üzrə iqtisadi azalma 3,3 %, qeyri neft-qaz sektoru üzrə isə iqtisadi artım 3,7 % səviyyəsində olacağı gözlənilir.
6 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,1 % artaraq 33 milyard 71 milyon manat, o cümlədən qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 4,1 % artaraq 10 milyard 769,6 milyon manat, kənd təsərrüfatı istehsalının ümumi dəyəri 2,2 % artaraq 7 milyard 85,3 milyon manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 8 % artaraq 7 milyard 817,6 milyon manat, informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7,5 % artaraq 1 milyard 966,5 milyon manat təşkil edib.
Strateji valyuta ehtiyatlarımız da artıb
İqtisadi inkişaf templəri digər göstəricilər üzrə də müsbətdir. Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 768,9 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il iyulun 1-nə nisbətən 10,4 % çoxdur. Bununla belə, iyunda ölkənin strateji valyuta ehtiyatları 2 milyard 669,7 milyon ABŞ dolları azalıb.
Hesabat dövründə Azərbaycan əhalisinin nominal gəlirləri 47 milyard 309 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % çoxdur. Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 1 175 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur. Xatırladaq ki, yanvar-aprel aylarının yekununda ölkədə orta maaş 6,5 % artmışdı.
Xarici dövlət borcumuz azalıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 9 milyard 295,2 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 % çoxdur. O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 5,5 % artaraq 6 milyard 131,6 milyon manat təşkil edib.
Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il iyulun 1-nə nisbətən 7,9 % azdır. Təkcə iyunda ölkənin xarici dövlət borcu 25,6 milyon ABŞ dolları azalıb. Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.
ADB-nin iqtisadi artım proqnozu
Yeri gəlmişkən, Asiya İnkişaf Bankı da (ADB) Azərbaycanın ÜDM-nin 2026-cı ildə 2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir. Bu barədə ADB-nin "Asiyanın İnkişaf Perspektivləri" adlı iyul icmalında bildirilir. Bank Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan üçün proqnozları hər iki il üzrə dəyişməz saxlayıb.