• çərşənbə axşamı, 30 iyun, 05:13
  • Baku Bakı 23°C

Aviabiletlər niyə bahadır?

30.06.26 02:40 19
Aviabiletlər niyə bahadır?

Bakıdan reallaşdırılan uçuşlarda onsuz da baha olan aviabilet qiymətləri son vaxtlar bir az da artıb. Turizmin inkişafına mənfi təsir edən bu durum vətəndaşların da ciddi narazılığına səbəb olur.  

Azərbaycanda aviabiletlərin baha olması son dövrlərdə həm turizm sektorunda, həm də ümumi iqtisadi mühitdə ciddi narahatlıq doğurur. Son günlər Bakı-Türkiyə istiqamətində aviabiletlərin baha olması ilə bağlı narazılıqlar sosial şəbəkələrə də yol tapır. Həm tətil üçün istirahətə gedənlər, həm tələbə övladları tətilə gələnlər və başqaları qiymətin baha olmasından şikayətlənirlər. Xüsusən Bakı-Ankara və Bakı-İstanbul istiqamətində qiymətlərin yüksək olması ilə bağlı paylaşımlar diqqət çəkir. “Ankara-Tbilisi-Bakı marşrutu ilə uçuşlar daha ucuz başa gəlir, lakin bu seçim sərnişinlər üçün əlavə çətinliklər, xüsusilə baqajla bağlı problemlər yaradır”, - deyə narazılıqlar qeyd edirlər.

Bugünlərdə məsələ Milli Məclisdə də qaldırılıb. Millət vəkili Göydəniz Qəhrəmanov qeyd edib ki, turizm və aviasiya sahələrinin qarşılıqlı inkişafı ölkənin regionun aparıcı turizm mərkəzlərindən birinə çevrilməsində mühüm amillərdən biridir: “Aviabiletlərin daha əlçatan olması ölkəyə gələn turistlərin sayının artmasına, turizm sənayesində fəaliyyət göstərən digər sahələrin gəlirlərinin yüksəlməsinə, eləcə də yeni iş yerlərinin açılmasına müsbət təsir göstərə bilər”.

Potensial turistləri itirmək riski

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev bu yaxınlarda mətbuata müsahibəsində aviabiletlərin baha olması ilə bağlı iradlara cavabında bildirmişdi ki, qiymət formalaşması beynəlxalq aviasiya standartlarına uyğun şəkildə həyata keçirilir və AZAL da bu istiqamətdə aparıcı beynəlxalq aviaşirkətlərin tətbiq etdiyi yanaşma və prinsiplərə əsaslanaraq fəaliyyət göstərir.

Turizm mütəxəssisləri isə hesab edirlər ki, aviaqiymətlərin yüksək qalması ölkəyə turist axınına mənfi təsir göstərir və bu sahədə təxirəsalınmaz addımların atılmasını zəruri edir. Yəni aviabiletlərin qiymətlərinin baha olması nəticəsində Azərbaycan potensial turistlərin bir qismini itirmək riski ilə üz-üzə qalır. Bu tendensiya davam edərsə, ölkədə turizm sektorunun inkişafı ciddi çətinliklərlə üzləşə bilər.

Aviabiletlər ikiqat bahalaşıb

Turizmçi Lalə Paşayevanın sözlərinə görə, yay mövsümündə biletlər həmişə baha olur, amma bu dəfə səbəb bir qədər fərqlidir: “Dünya üzrə yanacaq qiymətinin qalxması bir çox ölkələrin aviareyslərinə təsir etdi. Bəziləri uçuşları ləğv etdilər və ya təxirə saldılar. Amma qiymət artımı bizdə daha yüksəkdir. Məsələn, əvvəl İstanbula gediş-dönüş biletini 600 AZN-ə ala bilirdiksə, indi bir tərəfə uçuş o qiymətədir. Yəni ikiqat bahalaşma var. Biz bu dərəcədə gözləmirdik. Hesab edirdik ki, bahalaşma təxminən 100-200 manat civarında olar. Bu baxımdan, narazılıqlar çoxdur. Məsələn, hazırda Dubaya biletin qiyməti 1000 manatdan yuxarıdır”. 

Aviabiletin baha olması turizmə mənfi təsir edir

Turizmçi aviabiletin baha olmasının gediş-gəliş turizminə ciddi təsir etdiyini deyir: “Yəqin biletlərin bahalığı səbəbindəndir ki, səyahət edənlərin sayı azalıb. Xüsusən ölkəyə gələnlərin sayında azalma var. Turizm şirkətlərinin işi də azalıb və bəziləri ziyanla işləyirlər. Düzdür, aviareyslərdə qiymət siyasəti beynəlxalq siyasətə uyğun aparılır, amma bu, bizdə daha çox şişirdilir. Amma düşünmürəm ki, bizim narazılığımızla bu sahədə nəsə dəyişin”. Turizmçi qiymət artımının bizdəki hava limanı vergisinin baha olması ilə əlqələndirilməsinə münasibət bildirdi: “Bizim hava limanı vergiləri digər ölkələrdən bahadır. Bu vergini yeni hava limanı tikiləndə qaldırdılar. O vaxtdan da aşağı salınmadı. Gürcüstanda hava limanı vergiləri bizimki ilə müqayisədə çox aşağıdır. Ona görə orada aviabiletlər daha ucuzdur”. 

“Regionlardakı hava limanlarından da istifadə etmək olar” 

“Hər hansı turist istənilən ölkəyə səfər etmək istəyərkən öncə biletlərin qiyməti ilə maraqlanır”- deyə turizmçi Anar Həsənov bildirir: “Çünki hotel növü onsuz da müxtəlifdir. Turist 1-5 ulduzlu hoteldə və ya qiymətlər münasib olsa, evdə də qala bilər. Amma aviabiletlərlə bağlı belə alternativlər yoxdur. Gürcüstan turizmi necə inkişaf etdi? Avropaya 30-50 dollara biletlər satılırdı. Nəticədə ölkəyə kütləvi turist axını oldu. Avtomatik Gürcüstan turizmində də inkişaf baş verdi. Hotellər inkişaf etdi, yerli əhali hotellərə qida məhsulları satmağa başladı, onlar da qazandı. Bütün bunlar zəncirvari olaraq bir-biri ilə bağlıdır”. 

“Eyni məsafə üzrə qayıdış biletinin baha olması nə dərəcədə düzgündür?”

Turizmçinin fikrincə, turistlərin gediş-gəlişi üçün regionların hava limanlarından da istifadə etmək olar: “Əgər söhbət Bakı hava limanının baha olmasından gedirsə, qoy Qəbələ, Lənkəran, Gəncə hava limanlarının xidmətlərindən də istifadə olunsun. Bəzən multi-city tarifləri ayrıca alınan uçuşlardan daha sərfəli hesablanır. Aviaşirkətlər biletləri məsafəyə görə deyil, tələbə, rəqabətə və marşrut üzrə gəlir idarəetməsinə görə qiymətləndirirlər. Buna görə bəzən daha uzun marşrut daha ucuz ola bilir. Bu, beynəlxalq təcrübədə var”.

“Bu sahədə tənzimləmə mütləq olmalıdır”

Turizmçi bildirir ki, hazırda bizdə mövcud olan aviabilet qiymətləri ölkəmizə gələn turist sayına kəskin mənfi təsir edir: “Vaxt vardı ki, Hindistandan Bakıya 200-300 dollara biletlər satılırdı. Deyirdik ki, Hindistan bazarını Azərbaycana gətirəcəyik. Son zamanlar bu biletlər 2000-3000 manata satılırdı. Nə dəyişmişdi ki, qiymətlər bu qədər qalxsın? AZAL-ın Gürcüstana gediş bileti 200, geri qayıdış bileti isə 300 AZN-dir. Eyni məsafə və uçuş üzrə qayıdış biletinin 30-50 faiz baha olması nə dərəcədə düzgündür? Gedən adam geri qayıtmalıdır və məcburdur ki, bu qiymətə bilet alsın. Qiymət dəyişməsə, bazarın inkişafından söz gedə bilməz”. A.Həsənov Türkiyə şəhərlərinə aviabiletlərin baha olmasına da toxundu: “Bir ay əvvəl İzmirə tədbirə gedəndə ekonom sinif üzrə bileti 1150 manata aldım. Bu, fantastik qiymətdir. Bu sahədə tənzimləmə mütləq olmalıdır”. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər