• şənbə, 25 Iyul, 04:01
  • Baku Bakı 30°C

Regional halal mərkəz olmaq hədəfi

25.07.26 03:07 16
Regional halal mərkəz olmaq hədəfi

Ölkəmiz halal məhsulların istehsalı və ixracı üzrə regionun aparıcı mərkəzlərindən birinə çevrilməyi hədəfləyir. Lakin bu istiqamətdə güclü rəqabətə davam gətirmək üçün bir sıra mühüm addımların atılması zərurəti var. 

Son illər ölkədə qeyri-neft sektorunun inkişafı və aqrar ixracın genişləndirilməsi əsas iqtisadi prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflərdən biri halal məhsulların istehsalı və ixracı üzrə regionun aparıcı mərkəzlərindən birinə çevrilməkdir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkəmiz halal məhsulların istehsalı, emalı və ixracı sahəsində regionun əsas oyunçularından biri olmağı hədəfləyir. Nazir bildirib ki, formalaşmaqda olan qlobal halal bazarında strateji keçid qapısı rolunu oynamaq üçün əlverişli imkanlar mövcuddur.

Nazir halal sənayesinin inkişafı üçün bir sıra konkret təşəbbüslər də irəli sürüb: “Vahid halal sertifikatlaşdırma və rəqəmsal izlənmə platformasının yaradılması vacibdir. İnvestorların ehtiyacı olan əsas məsələ beynəlxalq səviyyədə tanınan vahid və etibarlı standartdır. Azərbaycan bu istiqamətdə liderlik etməyə hazırdır”.

O, həmçinin, yaşıl halal aqroparkların yaradılmasını, İslam maliyyəsi alətlərinə əsaslanan xüsusi maliyyələşdirmə mexanizmlərinin tətbiqini, halal ixracın Orta Dəhlizlə əlaqələndirilməsini və insan kapitalına investisiyaların artırılmasını təklif edib.

Bəs ölkənin  halal məhsullar üzrə regional lider olmaq hədəfi nə dərəcədə realdır?

“Halal iqtisadiyyat sahəsində mühüm üstünlüklərimiz var”

İqtisadçı Xalid Kərimli hesab edir ki, Azərbaycanın halal iqtisadiyyat sahəsində mühüm üstünlükləri var: “Burada əsas amillərdən biri ölkənin əlverişli coğrafi mövqeyidir. Azərbaycan Orta Dəhliz üzərində yerləşir və bu da halal standartlarına uyğun istehsal edilmiş məhsulların Mərkəzi Asiya ölkələrinə, eləcə də Avropaya ixracı üçün əlverişli imkanlar yaradır. İkinci mühüm məsələ ölkənin güclü kənd təsərrüfatı potensialına malik olmasıdır. Növbəti vacib amil isə Azərbaycanın İslam ölkələri ilə yaxşı münasibətlərə malik olması, həmçinin İslam təşkilatlarında fəal və nüfuzlu təmsil olunmasıdır. Bu da ölkəyə mövcud əlaqələrdən istifadə edərək həmin bazarlara çıxış imkanlarını genişləndirməyə şərait yaradır”.

“Halal sertifikatlaşdırma sistemi zəifdir”

İqtisadçı halal sektorun inkişafını məhdudlaşdıra biləcək amillərə də diqqət çəkir. Onun sözlərinə görə, halal iqtisadiyyatı qeyri-neft sektorunun bir hissəsi kimi qiymətləndirmək lazımdır. Bu səbəbdən qeyri-neft sektorunda mövcud olan problemlər halal sektorda və halal məhsul istehsalı sahəsində də eyni şəkildə özünü göstərəcək: “Yəni, bizneslərin şikayət etdiyi rəqabət mühitinin zəifliyi, kapitala çıxış imkanlarının məhdudluğu, yaxud müqavilələr sisteminin çevik işləməməsi kimi məqamlar burada da öz rolunu və təsirini göstərə biləcək. Ona görə də halal sektorun inkişafı məsələsinə ümumi iqtisadi islahatlar çərçivəsində yanaşmalıyıq. Bundan əlavə, ölkədə ümumilikdə halal sertifikatlaşdırma sistemi zəifdir. Nəzərə almaq lazımdır ki, kifayət qədər güclü daxili istehsala malik İslam ölkələri var. Yəni, bu istiqamətdə dünya bazarında kifayət qədər güclü rəqiblərimiz var. Biz hazırda bu sahədə fəaliyyəti necə qura biləcəyimizi düşünürüksə, onlar artıq bu istiqamətdə ciddi addımlar atıblar”.

“Həm də halal maliyyə tələb edir” 

X.Kərimli hesab edir ki, Azərbaycanın halal iqtisadiyyat sahəsində potensialı olsa da, beynəlxalq rəqabətdə mövqeyini gücləndirmək üçün bir sıra istiqamətlərdə ciddi işlər görülməlidir: “Məsələn, bizim məhsullar Malayziya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə məhsulları ilə müqayisədə “Made in Azerbaijan” brendi baxımından xeyli zəif tanınır. Daha sonra istehsal həcmlərinin məhdudluğu, yəni daxili bazarın miqyasının kiçik olması, eyni zamanda logistik xərclərlə bağlı problemlər ona gətirib çıxarır ki, ixrac yönümlü iqtisadiyyat ciddi çətinliklərlə üzləşir. Amma halal iqtisadiyyatdan danışanda yalnız qidadan və ya ərzaq məhsullarından danışmamalıyıq. Burada halal maliyyə, halal turizm, halal logistika kimi istiqamətlər də var. Xüsusilə İslam maliyyəsi ölkədə inkişaf etdirilməlidir. İslam maliyyəsinin inkişafından danışarkən söhbət İslam prinsiplərinə uyğun fəaliyyət göstərən bankçılıq və maliyyə xidmətləri sektorunun formalaşdırılmasından gedir. Çünki halal məhsulların istehsalı həm də halal maliyyə tələb edir”.

“Bu hədəf təsadüfi deyil”

İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, Azərbaycanın halal məhsulların istehsalı, emalı və ixracı sahəsində regional liderə çevrilmək hədəfi təsadüfi deyil. Onun sözlərinə görə, ölkədə bunun üçün zəruri imkanlar və əlverişli şərait mövcuddur: “Halal istehsal sistemi kənd təsərrüfatının inkişafına əlavə təkan verə bilər. Buna görə də bu sahəyə xüsusi diqqət yetirilməsi böyük əhəmiyyət daşıyır. Hazırda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunun ÜDM-də payı 5,9% təşkil edir. Halbuki ölkədə rəsmi məşğul əhalinin 1,5 milyondan çoxu aqrar sektorda çalışır. Bu göstəricilər aqrar sahədə məhsuldarlığın hələ də arzuolunan səviyyədə olmadığını göstərir. Ümumiyyətlə, hər hansı sahədə yüksək əməktutumluğun mövcudluğu iqtisadi səmərəliliyin aşağı olmasına işarə edir. İşçi qüvvəsinin nisbətən az, məhsuldarlığın isə yüksək olduğu sahələrdə texnologiyalardan, mexanizasiya vasitələrindən və elmi yeniliklərdən daha səmərəli istifadə edilir. Halal məhsulların istehsalı, emalı və ixracı da məhz belə yanaşma tələb edir”.

“Bu, ölkə iqtisadiyyatına valyuta axını təmin edə bilər”

Ekspert bildirir ki, halal sənayesinin inkişafı ölkə iqtisadiyyatına Yaxın Şərq ölkələrindən valyuta axını təmin edə bilər: “Ümumiyyətlə, sözügedən sahədə sənayenin tələb olunan səviyyədə formalaşması üçün İslam ölkələrinin bazarlarına asan çıxış əldə olunmalı, rəqabət prinsiplərinə əməl edilməlidir. Hətta hesab edirəm, ortalıqda qabaqcadan hazırlanmış konkret dövlət proqramı sənədi olmalıdır”.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər