• şənbə, 01 Mart, 22:39
  • Baku Bakı 4°C

Tələbələrin bitməyən ictimai nəqliyyat problemi 

01.03.25 15:40 0
Tələbələrin bitməyən ictimai nəqliyyat problemi 

İnkişaf etmiş ölkələrdə vahid tələbə kartları daha çox ictimai nəqliyyat vasitələrindən istifadə zamanı tətbiq olunur. Bu kartlar vasitəsilə tələbələr ictimai nəqliyyatdan bəzi ölkələrdə tam ödənişsiz, bəzilərində isə böyük endirim faizləri ilə istifadə edirlər. Azərbaycanda isə kart tələbələrə nəqliyyatda hər hansı güzəşt təqdim etmir. 

Bir müddət əvvəl “TələbəPlus” kartı müəyyən güzəşt və imtiyazlarla tələbələrin istifadəsinə verildi. Lakin tələbələrin bir qismi bu kartların onları qane etmədiyini bildirir, adi debet kartdan fərqlənmədiyini iddia edir. Onların əksəriyyəti mağaza və restoranlar əvəzinə, ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını istəyirlər.

Məlumat üçün bildirək ki, bu kartın tətbiq olunduğu bir çox ölkələrdə metro, avtobus və qatar biletlərində, velosiped və skuter icarəsində tələbələrə güzəştlər tətbiq edilir. 

“Layihəyə 300-dək yerli və xarici partnyor qoşulub”

“TələbəPlus” layihəsini həyata keçirən Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, layihə ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır: “Eyni anda bir neçə funksiyanı yerinə yetirən “TələbəPlus” kartı universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 300-dək yerli və xarici partnyor qoşulub. Kart sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir”.

Muzeylərdə güzəştlər nəzərdə tutulub

Qurum rəsmisi bildirir ki, Mədəniyyət Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Nəşriyyatları Assosiasiyası və “Park Bulvar AVM” ilə Əməkdaşlıq Memorandumu imzalanıb.

İctimai nəqliyyatda güzəşt tətbiq olunacaq?

İctimai nəqliyyatda endirim məsələsinə gəldikdə isə, N.Qədirova vurğulayır ki, bu, birbaşa olaraq Təhsilin İnkişafı Fondu, Elm və Təhsil Nazirliyinin səlahiyyətində olan məsələ deyil: “Müvafiq qurumlarla danışıqlar aparılır. Bu məsələ ilə bağlı yenilik olduğu təqdirdə rəsmi açıqlama veriləcək. Təhsilin İnkişafı Fondu “TələbəPlus”a daha çox tərəfdaşın qoşulması üçün öz təşəbbüsü ilə yerli və beynəlxalq şirkətlərlə gündəlik görüşlər həyata keçirir. Tələbələrin istəklərinə uyğun, xüsusilə onların aktiv istifadə etdiyi məkanlar (dəftərxana və kitab, geyim mağazaları, kinoteatr, kafe və restoranlar, təlim və sağlamlıq mərkəzləri) ilə əməkdaşlığa xüsusi önəm verilir. Bu şirkətlərlə yanaşı Fonda müraciət edən digər özəl müəssisələrin də proqrama qoşulmasında heç bir maneə yoxdur. Fond hər seqmentdən olan iaşə müəssisələrinin müraciətlərini qəbul edir. Təhsilin İnkişafı Fondu hər bir dövlət və özəl şirkət ilə bu prosesdə əməkdaşlıq etməyə açıqdır”. 

190 000 tələbə kartla təmin edilib

Məlumat üçün bildirək ki, əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitetdə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 190 000 tələbə “TələbəPlus” kartı ilə təmin edilib. Qurumdan bildirilir ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin, təxminən 70 000 nəfərin də bu layihədən yararlanması nəzərdə tutulur.

İctimai nəqliyyatda keçərlilik olmadığı halda...

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, “TələbəPlus” kartının tətbiq olunduğu bütün ölkələrdə kartın əsas üstünlüyü onun məhz ictimai nəqliyyatda keçərlilik göstəricisidir: “Tələbə kartları dünyanın bir çox ölkəsində tələbələr üçün xüsusi imtiyazlar və güzəştlər təqdim edən vacib vasitədir. Bu kartlar əsasən tələbələrin ictimai nəqliyyatda, restoranlarda, dükanlarda və digər xidmət sahələrində endirimlərdən faydalanmalarına şərait yaradır. İnkişaf etmiş ölkələrdə vahid tələbə kartları daha çox ictimai nəqliyyat vasitələrindən istifadə zamanı tətbiq olunur. Bu kartlar vasitəsilə tələbələr ictimai nəqliyyatdan bəzi ölkələrdə tam ödənişsiz, bəzilərində isə böyük endirim faizləri ilə istifadə edirlər. Məsələn, Polşa, Macarıstan, Avstriya, İsveçrə, İsveç, Almaniya, Estoniya, ABŞ, Kanada, Yaponiya, İtaliya və s. kimi ölkələrdə oxuyan gənc soydaşlarımızın hamısı bu kartlardan razılığını qeyd edirlər. Ötən il Təhsilin İnkişafı Fondu bu məsələ ilə bağlı yeniliyi ictimaiyyətə çatdırdı. Biz də bunu xüsusi sevinclə qarşıladıq. Hətta bu barədə təhlil və açıqlamalarımızda yalnız pozitiv məqamlara diqqət çəkdik. Amma kartın üstünlükləri həmin kartı tanıyan şirkət, şəbəkə və xidmətlərin kəmiyyət-keyfiyyətindədir. Azərbaycanda ictimai nəqliyyatda keçərlilik olmadığı halda tələbələrimizin “TələbəPlus” kartını sevməsi çox da inandırıcı görünmür”. 

“Keyfiyyət göstəricilərinin artırılmasına ehtiyac var”

E.Nuri vurğulayır ki, “TələbəPlus” hər bir halda müsbət layihədir: “Bir çox tələbələrin sosial şəbəkələrdə kartla bağlı fikirlərinin tam da müsbət olmadığını görürük. Amma ən azından bu kart tələbə bileti ilə endirim kartını, təqaüd kartını birləşdirən vahid sənəd kimi çox vacibdir. Keyfiyyət göstəricilərinin artırılmasına isə təbii ki, xüsusi ehtiyac var”. 

Həmsöhbətimiz vurğulayır ki, dünyada tələbə kartları ictimai nəqliyyatda güzəştlər, xidmət sahələrində xüsusi endirimlər, sosial dəstək üzrə qruplaşdırılır: “Bizdə tətbiq olunan tələbə kartlarında xidmət sahələrində endirim aktivdir. Buna görə tərəfdaşlara və təşkilatçılara təşəkkür edirik”.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər