Tarixə ehtiramın ifadəsi - ŞƏRH

Millət vəkili: "Xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə
çevrilən Şuşanın 270-ci yubiley ilinin – 2022-ci ilin "Şuşa İli” elan edilməsi
də "Qarabağ Azərbaycandır!” şüarına xidmət edir və doğma Qarabağımızın tez bir zamanda
cənnətə çevrilməsi prosesini sürətləndirir”
Dekabrın 31-də dünya azərbaycanlılarına müraciət edən
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yola saldığımız il ərzində həyata
keçirilən tədbirlərdən, ölkəmizin əldə etdiyi uğurlardan geniş söhbət açıb. Vətən
Müharibəsinin nəticələrinin bütün dünya tərəfindən qəbul edildiyini diqqətə
çatdıran dövlət başçısı bildirib ki, müharibədən sonra cərəyan edən proseslər Azərbaycanın
haqlı olduğunu bir daha nümayiş etdirib. O, İkinci Qarabağ Savaşı sonrası
reallıqları dünyaya qəbul etdirməyi siyasi baxımdan çox önəmli hadisə kimi dəyərləndirib.

Ordu quruculuğunda yeniliklər
Ölkə başçısı əminliklə bildirib ki, noyabr-dekabr
aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlərdə əldə edilmiş
razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaq. Yola saldığımız ildə
Azərbaycanın beynəlxalq münasibətlər sistemində, regional çərçivədə əldə etdiyi
nailiyyətləri, qonşularla səmərəli əməkdaşlıq əlaqələrini xatırladan Prezident
İlham Əliyev ordu quruculuğundakı yeniliklərdən də söhbət açıb. Qeyd edib ki, Azərbaycanda
yeni yaradılan hərbi birləşmə - Komando Qüvvələri istənilən hərbi vəzifəni icra
etməyə hazırdır və onların sayı durmadan artacaq. Çevik, peşəkar və çox böyük
imkanlara malik olan bu silahlı birləşmələr Azərbaycan ərazilərini, sərhədlərimizi
etibarlı şəkildə qoruyacaq, vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcəklər.

270 yaşlı Şuşa
İşğaldan azad edilmiş torpaqlara ötən il ərzində 32
dəfə səfər etdiyini, Qarabağın böyük tikinti-quruculuq meydanına çevrildiyini,
işlərin sürətlə getdiyini diqqətə çatdıran Müzəffər Ali Baş Komandan Şuşa şəhərinə
etdiyi 7 səfərdən, buradakı genişmiqyaslı quruculuq və bərpa işlərindən
danışıb. O, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini
vurğulayıb. Deyib ki, Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini
qoyub və bu şanlı tarix - mədəniyyət paytaxtımızın yubileyi cari ildə böyük təntənə
ilə qeyd olunacaq. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, xüsusən
də Şuşanın bərpasını sürətləndirmək məqsədilə yeni ili "Şuşa İli” elan edib.
Yanvarın 5-də isə dövlət başçısı "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa
İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Mənəvi varlığımızın ayrılmaz parçası
Sərəncamda qeyd olunub ki, Şuşa sevgisi hər bir azərbaycanlının
mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və
formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi
böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar
səhifələr yazıb. Sərəncamda Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli
inkişaf yolu keçməsi xatırlanıb. Vurğulanıb ki, şəhərin inkişafına dair xüsusi
qərarlar məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunub. Həmin
vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin
xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Strateji
mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın
silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. Haqq işi
naminə apardığımız 44 günlük Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusu
Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Ermənistanın
kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə
çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub. Sərəncamda Şuşada infrastrukturun
qurulması ilə yanaşı, tarix-mədəniyyət abidələrinin bərpasına başlanıldığı və
sair işlər xatırlanaraq, Nazirlər Kabinetinə "Şuşa İli” ilə bağlı tədbirlər
planı hazırlayıb həyata keçirmək tapşırılıb. Bununla da, Azərbaycanda "Şuşa
ili”nə rəsmən start verilib.

Xalqın öz tarixinə sonsuz ehtiramı
Milli Məclisin üzvü Məzahir Əfəndiyev hesab edir ki, Prezident İlham Əliyev tərəfindən
2022-ci ilin Azərbaycanda "Şuşa İli” elan edilməsi dünya mədəniyyətinə, eləcə də
regional təhlükəsizliyə və sülhə səslənən növbəti çağırışdır. Onun sözlərinə
görə, adları azərbaycanlılarla bağlı olan 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə,
bir neçə kilsə-monastır, 2 qəsr, 72 mühüm sənət və tarixi abidənin yerləşdiyi
Şuşa şəhəri dövlətimizin böyük səyi nəticəsində 2001-ci il oktyabrın 24-də
UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına
daxil edilib. Deputat deyib ki, tarixi-memarlıq qoruğuna çevrilən Şuşa şəhəri Vətən
Müharibəsindən sonra yenidən dirçəlişinə mədəniyyət paytaxtı kimi başlayıb:
"Yarandığı dövrdən etibarən Şuşa şəhərinin əhalisi ancaq azərbaycanlılardan
ibarət olub. Şuşada quruculuq işləri hələ ötən əsrin 70-ci illərində ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə geniş vüsət alıb, şəhərin mədəniyyət mərkəzi kimi
dirçəlməsi istiqamətində mühüm addımlar atılıb. 1982-ci il yanvarın 14-də ümummilli
liderin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasiminin
keçirilməsi buna misaldır. Bu kimi çoxsaylı tədbirlər Azərbaycan xalqının öz
tarixinə sonsuz ehtiramının ifadəsidir”.

UNESCO-nun keçirəcəyi ən mötəbər tədbir
Millət vəkili söyləyib ki, xalqımızın qəhrəmanlıq
ruhunun təntənəsinə çevrilən Şuşanın 270-ci yubiley ilinin – 2022-ci ilin "Şuşa
İli” elan edilməsi də "Qarabağ Azərbaycandır!” şüarına xidmət edir və doğma
Qarabağımızın tez bir zamanda cənnətə çevrilməsi prosesini sürətləndirir: "Əminəm
ki, Prezident İlham Əliyevin "Şuşa İli”ni elan etməsi və bundan irəli gələrək tədbirlər
planının hazırlanmasına dair imzaladığı Sərəncam və hökumətə verdiyi
tapşırıqlar ən yüksək səviyyədə icra olunacaq. Bu istiqamətdə görüləcək işlər və
həyata keçiriləcək tədbirlər UNESCO-nun da bu il keçirəcəyi ən mötəbər tədbirlər
sırasında yer alacaq”.
Rufik İSMAYILOV
