• cümə axşamı, 28 mart, 23:12
  • Baku Bakı 13°C

“Sözlərinizə, duyğularınıza, onların müəllifinə inanın”

13.06.16 09:57 1662
“Sözlərinizə, duyğularınıza, onların müəllifinə inanın”

Ədəbi məsləhət yazıları ədəbiyyatı mütəmadi izləyən insanların son zamanlar bütün ədəbi saytlar və dərgilərdə həftədə ən azı 3-4 dəfə rast gəldiyi mövzudur. Üstəlik bəzi məsləhətlər artıq demək olar ki, dönə-dönə təkrarlanmış olmasına baxmayaraq, hələ də ədəbi şərhçilər və tənqidçilər tərəfindən istifadəyə yararlı hesab edilir. Bu yaxınlarda "Quora” (sosila sorğular saytı – red.) saytı "Gənc həvəskar yazarlar üçün verə biləcəyiniz yazı məsləhətləri nələrdir?” sualı ilə sosial şəbəkə istifadəçilərinə müraciət etmişdi. Şəbəkə qeyri-adi maraq dairələri olan insanların cavablarını birləşdirməklə yanaşı, həm də bu sualın cavabı ilə bağlı istifadəçilərin bu mövzu haqqında məlumatsız olan böyük bir hissəsini də məlumatlandırmışdı. Suala gələn cavablar arasında ən çox təkrarlananlar:
* Özünüz oxumaq istədiyiniz hekayəni oxuyanda zövq alacağınız hekayə kimi yazın.
* Real qəhrəmanlar üzərində işləyin.
* Düşünməyi və təxəyyül sərhədlərinizi genişləndirməyi öyrənin.
* Özünüzü hər zaman inkişaf etdirməyin yollarını axtarın.
* Gündəlik həyat rejiminizdən çıxıb, bilmədiyiniz məkanlara, mühitlərə qoşulun.
* Qiraət saatlarını artırın, çox satılan kitablardansa, kitabxanaçıların məsləhət gördüklərini oxuyun.
* Tanınmışların yaradıcılıq yolları ilə tanış olun.
* Klassikləri oxuyun.
* Sevdiyiniz və uğurlu müəlliflərin sosial hesablarını, internet səhifələrini, ədəbi tənqidçilərin bloqlarını izləyin.
* Ədəbiyyat bloqlarına üzv olun.
* Bacardıqca çox səyahət edin. Deməyə çox sözünüz olsun.
* Whatpad-dan istifadə edin.
* Yaradıcı yazarlıq təlimlərinə qoşulun.
Məqalədə bəzi məşhur yazarların fikirlərinə də yer verilib.
Simon Kollinz: "Onlayn bölgənizdə həyəcanlandırıcı şərhlərlə çıxış edin. Oxucularınız üçün əlçatan olun”.
Ey Cey Ceykobs: "Əgər həqiqətən də özünəinamın azaldığını hiss edirsinizsə, bunu başqalarına hiss etdirməyin. Şəbəkələşin. Beyniniz quruyubsa, ağ səhifəyə baxaraq, düşünün”.
Cudis Arnold: "Oxucularınızı dinləyin”.
Con Ferlinq: "Araşdırma aparın. Yalnız sizə məxsus araşdırma nəticələri üzərində işləyin”.
Ryan Hayd: "Uduzmağa öyrəşin”.
"Nyu-York Taymz” və ABŞ-ın ən çox satan müəlliflərindən olan Stena Holms "Quora”nın bu da daxil olmaqla ədəbiyyatla bağlı 27 ayrı başlıq üzrə sualını cavablandırmışdı. Holmsun cavabları sosial şəbəkələrdə həm "məntiqli və işəyarar” hesab edilmiş, həm də böyük rəğbət qazanmışdı. "Quora” Holmsun rəğbətlə qarşılanmış cavablarından, daha doğrusu, məsləhətlər toplusundan sonra bu mövzu haqqında münasibət yazısı dərc edib. Həmin yazını təqdim edirik.
Açığı, mən gənc və həvəskar yazarları qısqanıram. Səndən çox irəlidədirlər, danışası, deyəsi saysız-hesabsız sözləri, hekayələri var hələ, qarşılarına sənin onların zamanında olarkən qarşına çıxmayacaq qədər geniş imkanların çıxması ehtimalları daha çoxdur və bilmədiyim başqa şeylər...
Amma bütün bunlara baxmayaraq, artıq bu yolda bir xeyli addım atmış birisi kimi dəyərli və işəyarar məsləhətlər vermək istəyirəm. Çünki yaşlılar nə qədər qısqanırsa qısqansın, məsləhətlərinin işəyararlığı hesabına da olsa, ədəbi nüfuzları güclənsin istəyirlər. Nə isə. Və bu yazı tövsiyələrinə bütün uğurlu adamların verdiyi ən xırda və ən həlledici olanı ilə başlamaq istəyirəm – Heç vaxt özünüzə inamınızı itirməyin!
Sözlər həmişə sel kimi axıb doluşmayacaq beyninizə. Özünüzdən şübhə edəcək qədər sözsüz, ideyasız qaldığınız zamanlar olacaq, düşünəcəksiniz ki, artıq sizin yaradıcılığınız, yazınız tamamilə sorulub, çəkilib... Və bəzi zamanlarda bu şübhə, qorxu həqiqətə də çevriləcək –
bu, yaradıcılığınızın hansısa mərhələsində və ya zaman-zaman müəyyən mərhələlərində mütləq baş verəcək, qorxmayın, bunun üçün özünüzə yüklənməyin. Bunun öhdəsindən həqiqətən də mənən ehtiyacınız olan işlə məşğul olduğunuz inancınızı qorumaqla gələ bilərsiniz. Bu inancı qoruya bilsəniz, hər şey tezliklə qaydasına düşəcək.
* Heç kim sizə özünüz inandığınız kimi inanmayacaq.
* Başqa heç kim sizin yazdıqlarınızı sizin qədər sevməyəcək.
* Heç kim yazdığınız hekayə ilə haraya getmək istədiyinizi sizin qədər görə və anlaya bilməz.
* Əgər siz özünüzə güvənirsinizsə, sizə güvənən başqa insanlar da olacaq.
Bura qədər olanlar ümumişlək məsləhətlərdir. Bunları giriş və ya ön söz də adlandıra bilərsiniz. İndi keçək məsləhətlərə.
1. Özünə gündəlik tut – Ya qələm-kağız cütlüyü, ya da onlayn yaddaş vərəqi, hansı olsa, olar. Hər gün ora bir şeylər yaz – həmin gün ərzində düşündüklərin, hiss etdiklərin, sirlərin haqqında orada paylaş. Lakin özünə qarşı dürüst ol – nə qədər iyrənc və utancverici olsa da, özündən, etdiklərindən, düşündüklərindən qaçma. Bu xammal duyğular sizə gələcək yazılarınızda mütləq müəyyən mənada kömək olacaq.
2. Səhvlər etməkdən əsla qorxma. İnan mənə, həmin səhvləri biz hamımız, bütün yazarlar, etmişik. Yenidən, yenidən, dönə-dönə etmişik. Səhvlər et və onlardan necə düz etmək lazım olduğunu öyrən.
3. Kömək istə - Tanıdığın daha təcrübəli yazarlara yaxınlaşıb, məsləhət və kömək üçün müraciət etməkdən qorxma.
4. Düşüncələrinə yaxın olan insanların qoşulduğu yazarlıq qrupları tap, hətta onlayn belə olsa, onlarla mümkün olduğu qədər çox ünsiyyətdə ol, görüş.
5. Sözünüzü deməkdən çəkinməyin. Dəhşətli müdhişdirlər. Siz də eləsiniz. Sizin içinizdə olduqca heyrətamiz bir hekayə var və böyük ehtimal ki, o, heç də düşündüyünüz qədər pis deyil.
6. Necə yazmağı öyrənin. Heç kim bütün qaydaları bilərək başlamır işə. Yazarlıq bloqlarını axtar, sevimli yazarlarını izlə, necə yazmalı
olduğumuz haqqında yazılmış əsərləri oxu. Əlyazman üzərində necə işləməli olduğunu öyrənmək edə biləcəyin ən vacib işdir, hər gün yazmaq da onun kimi.
7. İlk əlyazma hər zaman cansızdır. HƏR ZAMAN. Əsl sehrbazlıq düzəltmələr zamanı baş verir... İnan mənə.
8. Yazarkən redaktə etmə - sadəcə yaz. Qoy, içindəki hekayə heç bir maneə ilə üzləşmədən tamamilə axıb tökülsün. Nə qədər ki, yaza bilirsən, qoy hekayə yazıya çevrilib rahatlansın. Hə, artıq hekayəni tamamilə bitirdikdən sonra geriyə qayıt və redaktə et. Cümlələri yenidən yaza, müəyyən sözləri daha uyğun, daha təsirli alternativləri ilə əvəzləyə, daha dərin duyğular təsvir edə, mətni daha da rəngləndirə bilərsən. Düzəltmə prosesindən də qorxma.
9. "Dedi” sözünü hansısa bir dialoqun içində işlədirsinizsə, olar. Heç kim sizi məktəb müəllimlərinizin "Mətndə bu sözləri işlədin” təlimatına uymadığınız üçün ittiham edə, sizə əsəbləşə və sizi həyəcanlandıra bilməz. Lakin unutmayın ki, mətndə siz nəyisə deməyə, adını çəkməyə yox, GÖSTƏRMƏYƏ çalışmalısınız. Sözlərin arxasında dayanan emosiyaları göstərməyə çalışın. Oxucuya obrazın əsəbi olduğunu, qəhrəmanın aqressiv reaksiya verdiyini göstərin. Bu "əsəbiliklə dedi”, "o, məsələyə aqressiv yanaşdı” kimi cümlələrlə qəhrəmanın duyğularını deməyin.
10. Sözlərinizə, duyğularınıza, onların müəllifinə inanın. Bilirəm, bunu hamı deyir, hətta mən yuxarıda da bunu qeyd etdim. Amma gənclik illərimdə yazmağa böyük həvəsim və dərin arzum olduğu zamanlarda yol verdiyim ən böyük yanlışlıq bu inamı itirməyim idi. Hər şeydən çox bunun peşmanlığını çəkirəm bu gün. Edə biləcəyimə, öhdəsindən gələ biləcəyimə inanmadım, sözlərimin kafi olduğuna, əlimdən bu işin həqiqətən yaxşı gəldiyinə, gördüyüm nəticəyə inanmadım.
Bilin ki, bütün əzminiz, iradəniz, həvəsiniz və bacarığınızla çalışır, əlləşir və mübarizə aparırsınızsa, deməli, uduzmaq ehtimalınız çox aşağıdır. Əgər istedadınız da varlığını təsdiq edirsə, onda siz ədəbiyyatın gələcək "bestseller”lərindənsiniz. Hekayənizi danışanda nədən danışdığınızdan, niyə danışdığınızdan əmin olun, sadəcə. O dərinarzunun ətəyini buraxmayın, hər addım sizi həyəcanlandırmalıdır. Nəyinsə içinizdə coşğunu sakitləşdirməsinə imkan verməyin.

Tərcümə etdi: Elcan SALMANQIZI
P.S. Mənbə - "livewritethrive.com”, "quora.com”, "huffingtonpost.com”.

banner

Oxşar Xəbərlər