• cümə axşamı, 12 dekabr, 21:02
  • Baku Bakı 10°C

Suriyada qüvvələr balansı dəyişir

07.12.24 03:38 637
Suriyada qüvvələr balansı dəyişir

Suriyada vəziyyət yenidən gərginləşib. Müxalif hərbi qruplaşmalar sürətlə yeni əraziləri ələ keçirirlər. Baş verənlər Türkiyənin regiondakı mövqelərini bir az da gücləndirir. 

Son günlər Suriyada baş verənlər vəziyyəti yenidən ktirikləşdirib. Dörd illik fasilədən sonra gərginlik yenidən pik həddə çatıb. Bəşər Əsəd rejiminə müxalif qüvvələr Hələb də daxil mühüm şəhərləri ələ keçiriblər. Bu, son illərdə Suriya hökumətinə qarşı ən böyük hücum sayılır. 2011-ci ildə başlayan və on il gah alovlanan, gah da səngiyən vətəndaş müharibəsi zamanı Suriya Prezidenti Bəşər Əsəd atasından miras qalmış hakimiyyətini qoruya bilsə də, ölkə parçalanıb. Parçalanmış vəziyyətdə olan ölkə faktiki müxtəlif güc mərkəzlərinin nəzarəti altına düşüb.

Hakimiyyətə qarşı silahlı mübarizəni bərpa edən müxalifət, daha dəqiq desək, “Suriya Milli Ordusu” Əsəd silahlılarına və PKK qruplaşmasının YPG qoluna qarşı döyüşlər aparır. “Azadlıq şəfəqi” əməliyyatı ilə müxalifət Tel-Rıfat rayonunun mərkəzini PKK/YPG terror dəstələrindən tamamilə təmizləyib. 

Hazırda bölgədə Türkiyə ilə yanaşı, İranın dəstəklədiyi qrupların qarşı-qarşıya gəldiyi bir vəziyyət müşahidə edilir. Tehran Əsədin hakimiyyətini qorumağa çalışır. Bu isə Yaxın Şərqdə iki qonşu ölkənin birbaşa münaqişə riskini artırır. Çoxları bu qənaətdədir ki, İran və Rusiya bölgədə böyük rol oynayan iki müdaxiləçi qüvvədir. ABŞ isə bu müdaxiləyə son qoyulmasına çalışan qüvvə kimi xarakterizə edilir. Vaşinqton hesab edir ki, Rusiya və İran Suriyaya müdaxiləni dayandırsalar, bu, regionun sabitləşməsinə kömək edəcək. 

İran bölgədə vəziyyəti gərginləşdirə bilər

İddia olunur ki, İran İraqdakı özünə bağlı qüvvələri Suriyaya göndərə bilər. Bu isə vəziyyəti daha da gərginləşdirəcək. Suriyadakı İran, Rusiya və “Hizbullah” qüvvələri son hücumlarla bağlı Əsədi müdafiə etməkdə acizdir. Hələbin bu qədər rahat şəkildə ələ keçirilməsi rejim, Rusiya, İran, “Hizbullah” qüvvələrinin və onun müttəfiqi olan digərlərinin nə qədər zəif olduğunu göstərdi. Halbuki Əsəd hökuməti Hələbi Rusiya aviasiyasının, İran və “Hizbullah” qüvvələrinin, o cümlədən digər şiə qruplaşmaların dəstəyi ilə dörd ilə almışdı. İndi isə bir neçə günə İdlib və Hələbi tamamilə, Həmanın isə yarısını itirib. Bəşər Əsəd bu hücumlar qarşısında özünü müdafiə edə bilmir. Nəticədə də o, müttəfiqlərinə müraciət edib. İraq və İran kömək göndərəcəklərini bildiriblər.

Müxalifətin son hədəfi

Belə görünür, son hədəf Dəməşq olacaq. Əsədin devrilməsi müxalifətin başlıca hədəfidir. Əslində bu, 13 il öncə yarımçıq qalmış fəaliyyətin davamı da sayıla bilər. Çünki 2011-ci ildə başlayan “Ərəb baharı” Əsədin istefasına nail olmamışdı. Onda başlanan etirazlar nəticəsində siyasi məhbuslar, bütün vilayət rəhbərləri işdən azad edilmişdi. Bir sıra deputat və yüksək rütbəli şəxslər istefa vermişdi. Rusiya və İrandan dəstək alan Bəşər Əsədin silahlı dəstələri etiraz aksiyaları keçirilən şəhərlərə silahlı müdaxilə etmiş, onlara atəş açmışdı. Görünür, müxalifət yarımçıq qalmış işini sona çatdırmaq istəyir.

Ankara ittihamları rədd edir

Müxalifətin uğurları rəsmi Dəməşq və onun müttəfiqləri olan Moskva və Tehranın Ankaraya qarşı hücumlarına səbəb olub. Mediada bir sıra şərhlərdə Suriyada gərginliyi artıran qüvvənin Ankara olduğu versiyası ortaya atılıb. Qeyd olunur ki, nizami ordu mövqelərinə hücum İdlib vilayətində Türkiyənin məsuliyyət zonasından başlayıb. Lakin Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Hələbdəki münaqişədə iştirak etmədiyini və Suriyada terror strukturunun dövlətə çevrilməsinə heç vaxt icazə verməyəcəyini bildirib. "Bizim son məqsədimiz Suriyanın ərazi bütövlüyünü təmin etməkdir", - deyə nazir əmin edib. H.Fidan əmindir ki, Suriya terrorçuları tamamilə ABŞ-dən asılıdır: "Terrorçu qrupların oksigen maskası Amerikadadır. ABŞ oksigeni kəssə, onlar üç gün də yaşaya bilməzlər". 

ABŞ administrasiyası isə hesab edir ki, Ankara Suriyada vəziyyətin nizamlanması üçün öz təsirindən istifadə etməlidir. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. “Biz heç bir ölkənin Suriyadakı qeyri-sabit vəziyyətdən istifadə etməyə çalışmasını istəmirik. Biz bütün ölkələrin öz təsirindən, təsir vasitələrindən de-eskalasiya, mülki əhalinin müdafiəsi və nəticədə siyasi prosesin irəliləməsi üçün istifadə etməsini istəyirik”, - diplomat deyib. Miller əlavə edib ki, ABŞ-nin Suriya Prezidenti Bəşər Əsədə münasibəti dəyişməyib. 

Əsəd danışıqlara razıdır

Türk siyasi analitiklərinin fikrincə, "Suriya Milli Ordusu”nun irəliləməsi Türkiyənin həm döyüş meydanında, həm də danışıqlar masasında mövqelərini gücləndirə bilər. Artıq bunun müəyyən əlamətləri görünür. Yenidən alovlanan müharibə və müxaliflərin ard-arda qələbələri yeni reallıqlar ortaya çıxarıb. Astana danışıqlarına qapı bağlayan İran və Rusiya indi Ankaradan prosesi yenidən başlatmağı xahiş edirlər. Yeni paradiqma Türkiyənin həm masada, həm də sahədə əlini gücləndirir. Ankara prosesin mərkəzindədir. Müxalifət qüvvələrinin Hələbi ələ keçirməsindən cəmi bir gün sonra müxtəlif mənbələrdən Əsədin Türkiyə ilə ilkin şərtlər olmadan danışıqlara başlamağa hazır olması xəbərləri yayılıb. Halbuki əvvəllər Suriya lideri Prezident Rəcəb Tayyib Ərdoğanın danışıq təkliflərini rədd edirdi. 

Azər Nuriyev

banner

Oxşar Xəbərlər