“Sülhpərvər” həmsədrlərin susqunluğu
Millət vəkillərinin fikrincə, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, regionda çox ciddi fəlakətin baş verəcəyi günü yaxınlaşdırmaqdadır
İşğalçı Ermənistan son dövrlər cəbhədə, o cümlədən dövlət sərhəddində
təxribatlara əl atmaqla yanaşı, həm də müxtəlif sərsəm bəyanatlar səsləndirir. Bir
müddət əvvəl Mingəçevir su anbarını vuracağını, Yevlaxa qədər Azərbaycan
torpaqlarını işğal edəcəyini bəyan edən Ermənistan, indi də Gəncəni hədəf
alacağı ilə bağlı təhdidlər edir. Maraqlıdır ki, bütün bu təhdidlər beynəlxalq
təşkilatların gözü qarşısında baş versə də, heç bir reaksiya göstərilmir. Xüsusilə,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun
"sülhpərvər” həmsədrləri ağzına su alıb oturub. Vasitəçilik missiyasını həyata
keçirən ATƏT-in Minsk qrupu niyə Ermənistanın təhdidlərinə münasibət bildirmir?
Yoxsa "turist qrupu” adlandırılan həmsədrlər hələ istirahətdən
qayıtmayıblar?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi
ki, işğalçı Ermənistan ilk dəfə deyil ki, Azərbaycandakı iri şəhərləri, Mingəçevir
su anbarını dağıdacağı ilə bağlı təhdidlər dilə gətirir: "Təbii ki, Qarabağ
münaqişəsinin hazırkı vəziyyətində belə təhdidlər Ermənistanın işğalçılıq siyasətinin
davam etməsini göstərməklə yanaşı, eyni zamanda ATƏT-in Minsk qrupunun da fəaliyyətsizliyini
bir daha nümayiş etdirir. Hazırda münaqişənin dinc vasitələrlə tənzimlənməsi
ideyası dəstəklənməkdədir və Minsk qrupu da fəaliyyətdədir. Bu fəaliyyətin tam
səmərəsiz olmasını bir kənara qoyaq. ATƏT-in Minsk qrupu hər şeydən öncə özünə
sual verməlidir ki, mövcudluğunun mahiyyəti nədən ibarətdir? İşğalçı Ermənistan
davamlı olaraq təxribatlar törədir, Azərbaycan tərəfini hədələyir, Gəncəni
vuracağı ilə təhdid edir. Ancaq bunlar göz önündə olmasına baxmayaraq, Minsk
qrupu ən azından, sözdə olsa belə reaksiya nümayiş etdirmir. Təbii ki, belə
hallar iki məqama növbəti dəfə aydınlıq gətirir. Birincisi, Ermənistanla sakit
dildə danışmaq hər hansı nəticəyə gətirib çıxarmır, işğalçı ölkəni sadə dillə
başa salmaq qeyri-mümkündür. İkinci məqam isə ondan ibarətdir ki, Ermənistan
özünü ATƏT-in fəaliyyətsizliyi, eyni zamanda beynəlxalq təşkilatların,
ayrı-ayrı söz sahibi olan dövlətlərin seyrçi mövqeyi fonunda tam cəzasızlıq şəraitində
hiss edir. Belə olan halda, müharibənin başvermə ehtimalı qalmaqdadır. Azərbaycan
tərəfinin hər zaman mövqeyi ondan ibarət olub ki, münaqişənin dinc tənzimlənməsi
istiqamətində üzərinə düşən bütün addımları atır və bu iradəyə malikdir”.
E.Mirbəşir qeyd etdi ki, beynəlxalq instansiyalardan tələblərimiz
olduğu kimi qalır: "Ona görə qalır ki, beynəlxalq instansiyalar məsələyə ikili
standartlardan yanaşırlar, təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun sərgilədiyi
mövqe Ermənistana cəzadan yayınmağa imkan verir. Belə olan təqdirdə Azərbaycan
cəmiyyətində münaqişənin dinc vasitələrlə tənzimlənməsi imkanlarına olan inam
itir. Bunu 12 iyulda Ermənistanın törətdiyi növbəti təxribata cavab olaraq Azərbaycan
cəmiyyətinin silahlı qüvvələrinə, dövlət başçısına, o cümlədən torpaqlarımızın
hərbi yolla azad edilməsinə dəstək nümayiş etdirməsindən də görə bilərik. Bu
bir daha onu göstərir ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi,
regionda çox ciddi fəlakətin baş verəcəyi günü yaxınlaşdırmaqdadır. Yəni
genişmiqyaslı müharibə başlayacaqsa, bu, bütövlükdə ciddi təhlükələrə gətirib
çıxaracaq. Azərbaycan tərəfi kifayət qədər böyük hərbi gücə, eyni zamanda
siyasi-diplomatik potensiala malikdir. Ancaq Azərbaycanın səbrini sona qədər
sınağa çəkmək çox təhlükəlidir. Bu baxımdan hesab edirəm ki, işğalçı Ermənistanın
Gəncə ilə bağlı təhdidləri beynəlxalq instansiyaların ciddi reaksiyasına səbəb
olmalıdır. Əgər bu reaksiya yoxdursa, düşünürəm ki, vəziyyətin nəzarətdən çıxma
ehtimalı çox böyük olacaq”.
Millət vəkili Ceyhun Məmmədov bildirdi ki,
münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətinə yenidən
baxılmalıdır: "Düşmənin dəfələrlə atəşkəs rejimini pozduğunun şahidi olan və
bununla belə xeyrimizə heç bir tədbir görməyən, "fəaliyyəti” isə sadəcə kağız
üzərində olan ATƏT Minsk qrupu təcili və mütləq buraxılmalıdır. Çünki həmsədr
ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də onun fəaliyyətinin
yenidən təşkilinə baxılmalı və Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir”.
C.Məmmədov vurğuladı ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, Ermənistana
təzyiq edə bilməməsi və eyni zamanda, beynəlxalq qurumların ikili standartlarla
məsələyə yanaşmaları münaqişənin həll olunmamasına öz ciddi təsirini göstərir:
"Ermənistan getdikcə daha da azğınlaşır. Ona görə də hesab edirəm ki, biz mütləq
ATƏT-in Minsk qrupunun fəaliyyətinə yenidən baxmalıyıq. Ciddi analiz etməliyik.
Bu qurum ya ciddi fəaliyyətə keçməlidir, ya da biz bu qurumun fəaliyyətindən
imtina etməliyik. Çünki Ermənistan faktiki olaraq bu sərsəm bəyanatları davamlı
olaraq Azərbaycanın ünvanına səsləndirir. Bu, yolverilməzdir, beynəlxalq hüquqa
ziddir. Açıq-aydın beynəlxalq hüquqa meydan oxumaqdır. Təəssüf ki, bu bir
reallıqdır və görünür ki, Ermənistana bir sıra ölkələrin dəstək göstərməsi,
yardım etməsi, silah verməsi də işğalçı ölkədə müəyyən mənada arxayınlıq
yaradır və belə bir sərsəm bəyanatlar səsləndirməyə imkan verir. Ona görə də,
mütləq ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və eləcə də beynəlxalq qurumlar
Ermənistana ciddi təzyiq etməlidirlər, onu bu cür bəyanatlar səsləndirməkdən çəkindirməlidirlər.
Çünki Ermənistanın sərsəm bəyanatları daha da artır və Azərbaycana qarşı yeni
iddialar səsləndirilir. Əlbəttə ki, Ermənistan Tovuzda olduğu kimi Gəncə
istiqamətində də hansısa bir təxribata əl atsa, bunun cavabı ciddi şəkildə veriləcək”.