Strateji tərəfdaşlarımızın sayı artır
Prezident İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem arasında keçirilən görüşdə “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mübadilə olunub.
Azərbaycan dünyanın daha bir aparıcı ölkəsi - Böyük Britaniya ilə strateji tərəfdaşlığa dair mühüm sənəd imzalayıb. Qeyd edək ki, hazırda Azərbaycan dünyanın müxtəlif siyasi qütblərini təmsil edən ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinə malik azsaylı dövlətlərdən biridir. Beynəlxalq münasibətlərin həssas bir dönəmdən keçdiyi zamanda ABŞ və Çin kimi iki supergüclə, Rusiya, Türkiyə, Pakistan kimi regional qüvvələrlə, Avropa İttifaqının çoxsaylı üzvləri ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq kursu Prezident İlham Əliyevin diplomatik zəkasının və uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilir.
İkitərəfli əməkdaşlığın mövcud durumu
Qeyd edək ki, Dublində Prezident İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem arasında mühüm görüş keçirilib. Öncə “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mübadilə olunub.
Söhbət zamanı bu Bəyannamənin qəbul edilməsinin əlaqələrimizin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət etdiyi vurğulanıb. Hətta bu sənədin qəbulundan əvvəl də Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bir daha qeyd edilib.
Qarşılıqlı hörmət, ortaq maraqlar
Qeyd edək ki, iki ölkə arasında çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Onların arasında 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əhəmiyyəti ilə seçilir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl mübadilə olunan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə də yuxarıda qeyd olunan sənədlərə istinad edilir. Birgə bəyannamədə ikitərəfli əlaqələr qarşılıqlı hörmət, ortaq maraqlara və praktik əməkdaşlığa əsaslanan münasibətlər kimi xarakterizə edilir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiqlik bir daha təsdiqlənir.
Regional sülh və sabitliyə dəstək
Sənəddə qeyd olunur ki, iştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər. İştirakçılar təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslər də daxil olmaqla, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracaqlar. Onlar artan təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq genişspektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığı gücləndirəcəklər.
Prioritet sektorlar üzrə uzunmüddətli əməkdaşlıq
Böyük Britaniya və Azərbaycan bundan sonra bərpaolunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla, prioritet sektorlar üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, bilik mübadiləsini və qarşılıqlı fəaliyyəti asanlaşdırmaqla, eləcə də hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələri təşviq etməklə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı gücləndirəcəklər. Tərəflər regional və beynəlxalq bağlantıların vacibliyini vurğulayır və sərhədyanı ticarət və investisiyaları asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafını da dəstəkləyirlər.