• şənbə, 31 Oktyabr, 05:41
  • Baku Bakı 17°C

Ortaq gələcək naminə dialoq 

31.10.26 04:18 26
Ortaq gələcək naminə dialoq 

Prezident İlham Əliyev: “Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır”. 

Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumda qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonaq iştirak etdi. Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilib. 

Ənənə halını alan Forum

Artıq ənənə halını alan Forumun təşkili Azərbaycanın mədəniyyətlərarası münasibətlər sahəsində unikal və nümunəvi təcrübəsinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Dövlət başçısı da çıxışı zamanı bu məsələyə xüsusi vurğu etdi. Onun sözlərinə görə, Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub: “Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir”. 

“Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur”

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın gələcəyi, ideoloji müstəqilliyi, sahib olduğu dəyərlərin qorunmasına çağırışların vacibliyi xüsusi ilə diqqət çəkir. Dövlət başçısının da vurğuladığı kimi, uzun illər ərzində həyata keçirilən siyasət nəticəsində Azərbaycanda hər hansı daxili risklər yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir: “İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq”. 

“Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir”

Prezidentin çıxışında vurğuladığı beynəlxalq münasibətlər sistemində ikili standartlar məsələsi də bugünkü reallıqda ayrı-seçkiliyə son qoymağın vacibliyini ortaya qoyur: “Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı “əziyyət çəkmək” ifadəsi bəlkə də çox sərt səslənir. Əslində, biz artıq əziyyət çəkmirik. Çünki istədiyimizə nail olmuşuq və öz torpağımızda azad yaşayırıq. Bununla belə, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir”.

Kiminsə sənə necə yaşamağı öyrətmək diktəsi

Dövlət başçısının vurğuladığı kimi, ikili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir: “Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?

Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq.

Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır”. 

Qeyri-sabit regionda sabitliyin dayağı

Bu gün Azərbaycan dünyada yalnız müstəqil xarici siyasət kursuna malik ölkələrdən biri kimi tanınmır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir: “Beynəlxalq təmaslarımız onu göstərir ki, biz həqiqətən də özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik. Bizim artıq iki super güclə strateji tərəfdaşlıq münasibətlərimiz var. 2025-ci ildə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Çinlə bəyannamə aprel ayında imzalanmışdır, eyni zamanda, 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Avropa İttifaqının 10 üzv dövləti ilə bizim strateji tərəfdaşlıq bəyannaməmiz və ya sazişimiz var. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik. Bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti kimi qəbul edirik. 2028-ci ildə biz Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyik. Bu format artıq dörd ildir ki, mövcuddur və Zirvə görüşlərinin keçirilməsinə yalnız 2022-ci ildən başlanılıb. Beləliklə 2028-ci ildə Zirvə Görüşü Bakıda keçiriləcəkdir. Avropa Siyasi Birliyində 50-dən çox ölkə var. Beləliklə bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək. Bu da bizə göstərilən hörməti nümayiş etdirir və bir daha bunun aparıcı qüvvəsi bu günlərdə müzakirə etdiyimiz mövzudur: mədəniyyətlərarası dialoq”.
Göründüyü kimi, Azərbaycan həm həyata keçirtdiyi siyasətlə, həm də sahib olduğu dəyərlərlə dünyaya həm müxtəlif mədəniyyətlərin, dinlərin birlikdə yaşamaq nümunəsini, həm də sülhə nail olmaq praktikasını təqdim edir. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər