Ankaradan vacib zəng
Siyasi iradə özünü ictimai müstəvidə də büruzə verməli, ölkəmizin həssas məqamları dövlətlərarası münasibətlərdə mütləq şəkildə nəzərə alınmalıdır.
Azərbaycan və Türkiyə arasındakı münasibətlərdə yaşanan bəzi proseslər diqqət çəkir. Xüsusilə, Nazirlər Kabinetinin təhsil müəssisələrində vahid geyim qaydaları ilə bağlı qərarının tətbiqi sosial şəbəkə seqmentində qarşılıqlı müzakirələrə yol açdı. Bu müzakirələrin digər müstəvilərə də sıçraması fonunda ikitərəfli əlaqələrin mövcud durumu və çərçivəsi müzakirə mövzusu oldu.
Türkiyə Prezidenti İlham Əliyevə zəng edib
Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəngi iki ölkə liderinin mövcud durumu yenidən ələ alması üçün bir fürsət yaratdı. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib. Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.
Prezident İlham Əliyev telefon zənginə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərinə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. Dövlət başçısı öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Qarşılıqlı etimadı zədələyən addımlar
Təbii ki, Azərbaycan-Türkiyə münasibətlərinin xarakteri onu digər ölkələrlə qarşılıqlı əlaqələrdən fərqləndirir. Belə ki, mövcud yaxınlıq hər iki tərəfdə Bakı-Ankara əlaqələrinə ciddi ictimai dəstəklə müşahidə olunur. Bu səbəbdən Türkiyə tərəfindən ölkəmizə qarşı siyasi və informasiya müstəvisində yönələn hansısa ittiham dərhal öz əksini ictimai müstəvidə də tapır. İki qardaş xalq arasında illərlə qurulan qarşılıqlı etimad bu ittihamlar fonunda tək diplomatik gedişlər kimi dəyərləndirilmir və ciddi zədə alır.
Daxili işlərə və suverenliyimizə müdaxilə cəhdi
Məhz bu səbəbdəndir ki, Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı belə həssas məqamlarda dövlətlərin siyasi qanadının çevik reaksiyası və müdaxiləsini tələb edir. Türkiyə Prezidentinin azərbaycanlı həmkarına son zənginin proseslərdəki gərginliyin yüksəlməsi fonunda gecikmiş reaksiya effekti yaratması da məhz ictimai etimadın zədələnməsinə imkan verən addımların qarşısının vaxtında alınmaması ilə bağlıdır. Halbuki qarşı tərəfin mövqeyi Azərbaycanın istər sosial şəbəkə seqmentində, istərsə də müstəqil ictimai-siyasi kəsimində daxili işlərə və suverenliyimizə müdaxilə cəhdi kimi qiymətləndirilir.
Binəli Yıldırımın və Dövlət Baxçalının mövqeyi
Bununla belə, Türkiyənin ictimai-siyasi kəsimində qardaşlıq münasibətlərinin üstün dəyərlərə malik olduğunu, qarşılıqlı əlaqələrin bərabərhüquqluluq çərçivəsində irəlilədilməsinin vacibliyini vurğulayan, bunu açıq şəkildə bəyan edən qüvvələr də az deyil. Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın Azərbaycanın daxili işlərinə müdaxiləni rədd edən yanaşması bu müzakirələrdə diqqət çəkən mövqelərdəndir. Bu yanaşma qardaşlıq münasibətlərinin əsas şərtlərindən biridir: yaxınlıq qarşı tərəfin müstəqil qərarvermə hüququnun qəbul edilməsini tələb edir.
MHP sədri Dövlət Baxçalı da iki ölkə arasındakı qardaşlıq münasibətlərinə zərər verən yanaşmalara qarşı çıxıb. Onun açıqlamasında türk dövlətlərinin suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişaf etdirilməsi vurğulanıb.
Zamana ehtiyac var
Günlərdir davam edən və Azərbaycanın daxili işlərinə, suverenliyinə müdaxilə mahiyyəti daşıyan ittihamların yaratdığı təsiri zərərsizləşdirmək, zədələnən etimadı yenidən bərpa etmək üçün isə zamana ehtiyac var. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın telefon danışığında münasibətlərin inkişafına qarşılıqlı əminliyin ifadə olunması mühüm məqamdır. Lakin siyasi iradə özünü ictimai müstəvidə də büruzə verməli, ölkəmizin həssas məqamları dövlətlərarası münasibətlərdə mütləq şəkildə nəzərə alınmalıdır.
F.Abasoğlu