• şənbə, 10 Oktyabr, 06:29
  • Baku Bakı 19°C

Sülh, təhlükəsizlik və sabitlik ittifaqı 

10.10.26 04:56 35
Sülh, təhlükəsizlik və sabitlik ittifaqı 

Azərbaycan-Mərkəzi Asiya formatında sədrlik Azərbaycana keçir. Bu formatda əməkdaşlıq bölgəmizdə tranzit, bağlantılar və logistika sahəsində yeni reallıqlar yaradıb. 

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Prezident İlham Əliyev görüşdə iştirak və çıxış edib. Məşvərət görüşləri çərçivəsində sədrliyin 2027-ci ildə Azərbaycana keçməsi barədə qərar qəbul edilib. 

Azad edilmiş ərazilərin bərpasında qardaş dəstəyi

Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkmənistan münasibətlərinə toxunub. Bildirib ki, son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir. Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.

Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk”.

Siyasi əlaqələr yüksək səviyyədədir

Dövlət başçısı bildirib ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb: “İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”.

Xəzər vasitəsilə daşımaların həcmi artır

Prezident İlham Əliyev bildirib ki, əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır: “Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb”.

Əməkdaşlıq formatının geosiyasi əhəmiyyəti

İlham Əliyev qeyd edib ki, energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır: “Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq.

Hörmətli həmkarlar, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır”.

“Altı iqtisadiyyat – bir məhsul”

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov deyib ki, ölkəsi Azərbaycan ilə qardaşlıq münasibətlərinə böyük əhəmiyyət verir və bu münasibətlərin ardıcıl şəkildə möhkəmləndirilməsinə hazırdır. 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib ki, bu gün Mərkəzi Asiya və Azərbaycan haqlı olaraq Avrasiyada inkişaf və geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləri hesab olunur: “Lakin ən başlıcası odur ki, qardaş xalqlarımızın müdrikliyi və birliyi sayəsində biz sülh və həmrəylik şəraitində yaşayırıq”.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Mərkəzi Asiya ölkələri və Azərbaycanla əmtəə dövriyyəsinə diqqət çəkib: “Son dörd il ərzində Qırğızıstanın Mərkəzi Asiya ölkələri və Azərbaycanla əmtəə dövriyyəsi, demək olar ki, iki dəfə artaraq, 2025-ci ilin yekunlarına görə 3,5 milyard ABŞ dolları təşkil edib. 2025-ci ildə beş dövlətdən ölkəmizə yatırılan investisiyaların həcmi 140 milyon ABŞ dollarından çox olub”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev gələn il Xivə şəhərində “Mərkəzi Asiya - Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib: “Altı iqtisadiyyat – bir məhsul” formulu qarşıya qoymalı olduğumuz məqsədi yaxşı ifadə edir. Bir neçə ölkənin müəssisələri vahid istehsal zəncirində iştirak etdikdə, məhsul birgə yaradıldıqda iqtisadiyyatlarımız arasında tamamilə fərqli əlaqələr formalaşır”. 

Azərbaycanı sədrlik münasibətilə təbrik edən Şavkat Mirziyoyev bildirib: “Fürsətdən istifadə edərək, Azərbaycanı Məşvərət görüşləri çərçivəsində sədrliyi qəbul etməsi münasibətilə təbrik edirəm. Əminəm ki, Azərbaycan tərəfinin rəhbərliyi ilə formatımız çərçivəsində görülən işlərə əlavə təkan veriləcək, qardaşlıq əməkdaşlığımız isə birlik, etimad və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edəcək”.

Azad Əliyev

banner

Oxşar Xəbərlər