• şənbə, 10 Oktyabr, 05:21
  • Baku Bakı 20°C

Xəzərin taleyi ortaq məsuliyyətimizdir

10.10.26 03:51 30
Xəzərin taleyi ortaq məsuliyyətimizdir

İlham Əliyev: “Sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”.

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib.

Dövlət başçısı bildirib ki, bu gün Xəzər dənizinin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzər dənizindən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr həyata keçirilir. “Bu şəraitdə Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq çox vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına xidmət edir və əməkdaşlığımızın daha da inkişafı üçün zəruri şərait yaradır", - deyə dövlət başçısı vurğulayıb.

Birgə işin nəticəsi

Prezident qeyd edib ki, Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir. Son illərdə Xəzəryanı ölkələrin geniş hüquqi çərçivə yaratdığını vurğulayan dövlət başçısı Azərbaycanın demək olar bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin tərəfi olduğunu deyib. Prezident 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini qeyd edərək bildirib ki, bu, beş Xəzəryanı dövlətin uzun illər davam edən birgə işinin nəticəsidir.

Xəzərin ən ciddi problemi

İlham Əliyev vurğulayıb ki, Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb.

Dövlət başçısı mövcud tendensiyanın davam edəcəyi təqdirdə, nəticələrin fəlakətli ola biləcəyini vurğulayıb. O qeyd edib ki, dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. “Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”, - deyə Prezident bildirib.

“Əsas səbəblərdən biri çay axınının azalmasıdır”

Dövlət başçısının sözlərinə görə, hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində Xəzər dənizinin dayazlaşması kontekstində dayazlaşmanın səbəblərini müəyyənləşdirmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qrupları yaratmağı təklif etmişdi. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi.

“Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi mexanizmin yaradılmasına keçməliyik”, - deyən dövlət başçısı əvvəlcə Xəzər dənizi səviyyəsinin aşağı düşməsinə təsir edən bütün amillərin müəyyənləşdirilməsinin və vəziyyətin gələcək inkişafına obyektiv elmi qiymətin verilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı antropogen amillərdir.

Praktiki nəticələr üçün güclü təməl 

Bununla yanaşı, dövlət başçısı davam edən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsinin və bu gün qərarlar qəbul olunarkən nəzərə alınmasının vacibliyini qeyd edib. O, belə bir yanaşmanın zəruri tədbirlərin vaxtında həyata keçirilməsinə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin təsirini minimuma endirməyə imkan verəcəyini vurğulayıb.

“İnanırıq ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktik nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq”, - deyə Prezident bildirib.

F.Abasoğlu

banner

Oxşar Xəbərlər