• şənbə, 31 Oktyabr, 05:40
  • Baku Bakı 17°C

Tərəfdaşlıqda praqmatizm dövrü

31.10.26 03:54 29
Tərəfdaşlıqda praqmatizm dövrü

Vaxtilə ölkəmizi hədəfə alan, Azərbaycanın milli maraqlarına uyğun atdığı addımları heç də birmənalı qarşılamayan dövlətlər indi Bakının təqdim etdiyi imkanlar, bağlantılar və təhlükəsiz tranzit dəhlizlərinə ciddi maraq göstərir.

Azərbaycanın son illərdə yaratdığı reallıqlar dünyanın müxtəlif qütblərində yerləşən, maraqları fərqli olan dövlətlərin ölkəmizlə əməkdaşlığa meylini artırıb. Xüsusilə də beynəlxalq gərginliklər fonunda Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən alternativ və təhlükəsiz logistika, bağlantılar, tranzit dəhlizlərinin əsas oyunçusu olması bu sahədə Bakının beynəlxalq səviyyədə aparıcı aktor kimi mövqeyini şərtləndirir.

Ölkəmizi hədəfə alanlar indi əməkdaşlığa can atırlar

Ayrı-ayrı ölkələrin Azərbaycanla əməkdaşlığa artan marağında bir məqam xüsusilə diqqət çəkir. Vaxtilə ölkəmizi hədəfə alan, Azərbaycanın milli maraqlarına uyğun atdığı addımları birmənalı qarşılamayan dövlətlər də beynəlxalq münasibətlər sistemində yaşanan gərginliklər fonunda Azərbaycanın təqdim etdiyi imkanlar, bağlantılar və təhlükəsiz tranzit dəhlizlərinə ciddi maraq göstərirlər. Bu sırada Hindistan və Niderlandın xarici işlər nazirlərinin bir həftə içində ardıcıl Bakıya səfər etmələri xüsusi vurğulanmalıdır. 

Hindistanla tranzit dəhlizlər müzakirəsi 

Qeyd edək ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Bakıya səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb, Prezident İlham Əliyev tərəfindən qəbul edilib. 

Azərbaycanın XİN başçısı hindistanlı həmkarı ilə görüşdən sonra bəyan edib ki, son illər Azərbaycanla Hindistan arasında bir sıra məsələlərdə fikir müxtəlifliyi olub: “Bu da istər-istəməz həm ikitərəfli münasibətlərə, həm də beynəlxalq əməkdaşlıq məsələlərinə təsir edirdi. Biz bu gün çox açıq və ətraflı şəkildə bütün bu məsələləri müzakirə etdik. Hesab edirəm ki, bu, ikitərəfli münasibətlərin inkişafına zəmin yaradacaq". Onun sözlərinə görə, Hindistan Orta Dəhliz layihəsinə də maraq göstərməkdədir. 

Subrahmanyam Cayşankar ölkəsinin Azərbaycanla münasibətlərdən gözləntilərini açıqlayıb. Onun sözlərinə görə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə qarşılıqlı fəaliyyəti daha sıx əlaqələndirmək barədə razılığa gəliblər.

"İqtisadiyyatlarımızın bir-birini tamamladığını nəzərə alaraq, ikitərəfli ticarət və investisiyaların daha da genişləndirilməsi üçün kifayət qədər böyük imkanların olduğunu düşünürük", -Hindistanın XİN rəhbəri qeyd edib.

2026-2028-ci illər üçün "Yol xəritəsi"

Niderlandın xarici işlər naziri Tom Berendsen də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul olunub və azərbaycanlı həmkarı ilə görüşüb. Hindistan kimi, Niderland da Azərbaycanın yaratdığı fürsətlər pəncərəsindən yararlanmaq və gələcəyin sərmayəsi sayıla biləcək sahələr üzrə əməkdaşlığı dərinləşdirmək istəyini gizlətmir. “Azərbaycan Niderland üçün bu regionda mühüm tərəfdaşdır, buna görə də biz ölkələrimiz arasında əməkdaşlığı gücləndirməyə çalışırdıq", - deyə T.Berendsen bildirib. Qeyd edək ki, səfər çərçivəsində tərəflər siyasi, iqtisadi, təhsil və mədəni əməkdaşlığı dərinləşdirmək və genişləndirmək niyyətlərini təsbit edən 2026-2028-ci illər üçün "Yol xəritəsi"ni razılaşdırıblar. Görüşlərdə əməkdaşlığın yeni istiqamətlərdə genişlənməsi, yaşıl enerji məsələsi, Azərbaycanın Avropa bazarındakı rolu, Orta Dəhliz çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Eləcə də Ələt Azad İqtisadi Zonası, Bakı Ticarət Limanı da əsas müzakirə mövzularından olub.

İqtisadi əməkdaşlıq göstəriciləri

Siyasi münasibətlər müstəvisində müşahidə olunan proseslərə baxmayaraq, istər Hindistan, istərsə də Niderlandla iqtisadi əlaqələr hər zaman prioritetliyini qoruyub.

Statistik rəqəmlərə əsasən, cari ilin 9 ayı ərzində Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub. Azərbaycanda 1000-dən artıq Hindistan şirkəti fəaliyyət göstərir. Hindistan şirkətləri tibb və əczaçılıq sektorunda qlobal miqyasda aparıcı istehsalçılar arasında yer alır. Azərbaycanda da tibb və dərman avadanlıqları sırasında bu ölkədə istehsal olunan məhsullar mövcuddur.

Ötən il Azərbaycanla Niderland arasında isə ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda Niderlanddan Azərbaycana 1,3 milyard dollar, Azərbaycandan Niderlanda isə 1,6 milyard dollar investisiya yatırılıb. Azərbaycanda 150 Niderland şirkəti fəaliyyət göstərir.

Milli maraqlara əsaslanan müstəqil siyasi kurs

Göründüyü kimi, hazırda Azərbaycan dünya üçün mühüm əhəmiyyət kəsb edən bir çox sahələr üzrə həyata keçirilən layihələrin, təşəbbüslərin əsas iştirakçısı və oyunçusudur. Prezident İlham Əliyevin də qeyd etdiyi, xəritəyə nəzər saldıqda bu layihələrdə Azərbaycandan yan keçməyin sadəcə mümkünsüz olduğu aydın şəkildə görünür. İndi rəsmi Bakı ölkənin əlverişli coğrafi və geosiyasi mövqeyi, təbii resursları, infrastruktur potensialı və diplomatik münasibətlərini birləşdirərək milli maraqların üstün tutulduğu müstəqil xarici siyasət yürüdür. Bu siyasətdə başlıca prioritet isə əməkdaşlıqda bərabərhüquqluluq, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, tarixi qələbəmizdən sonra yaranan yeni reallıqlara hörmətdir. 

İndi Azərbaycanla əməkdaşlıq etmək istəyən hər bir ölkə bu reallıqları qəbul edir və ölkəmizin mövqeyi ilə hesablaşır. Avropa İttifaqının əsas yaradıcılarından biri olan və Qərb blokunu təmsil edən Niderland və Şərqin ən böyük dövlətlərindən sayılan Hindistanın timsalında biz bunu aydın şəkildə görürük. Artıq Bakı ilə münasibətlər tək siyasi yox, həm də qarşılıqlı iqtisadi praqmatizmə əsaslanan çərçivələr əsasında qurulur.

Azad Əliyev  

banner

Oxşar Xəbərlər