• şənbə, 14 Noyabr, 08:18
  • Baku Bakı 8°C

Dayanıqlı gələcək naminə birgə təşəbbüslər

14.11.26 03:30 61
Dayanıqlı gələcək naminə birgə təşəbbüslər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva COP31 Liderlər Sammitində iştirak ediblər.

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində tədbirlər davam etdirilir. Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 11-də COP31 Liderlər Sammitində iştirak ediblər.

Heydər Əliyev Fondunun pavilyonu ilə tanışlıq

Heydər Əliyev Fondu da Antalyada davam edən COP31 çərçivəsində pavilyonla təmsil olunur. Pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə təşəbbüsü əsasında yaradılıb.

Belə birgə pavilyonun yaradılması ideyası ilk dəfə 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı yaranıb. Həmin konfrans çərçivəsində təşkil edilən pavilyon ən çox ziyarət edilən pavilyonlardan biri olub.

Pavilyonda Heydər Əliyev Fondunun sosial, mədəniyyət, təhsil, səhiyyə, yenidənqurma və bərpa, ətraf mühitin mühafizəsi və digər istiqamətlərdə həyata keçirdiyi layihələr foto və videomateriallar vasitəsilə təqdim olunur.

Burada hər iki fondun fəaliyyətinə dair müxtəlif materiallarla yanaşı, interaktiv layihələr də nümayiş etdirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da noyabrın 11-də Azərbaycan pavilyonunda olub. Pavilyonla tanış olan Leyla Əliyevaya burada nümayiş etdirilən stendlər və təqdim edilən layihələr barədə məlumat verilib.

Xatırladaq ki, pavilyonda Azərbaycanın şəhərləri, təbiəti, iqlimi, təhsil və səhiyyə sistemləri, turizm imkanları, nəqliyyat infrastrukturu barədə məlumatlar qabaqcıl texnoloji imkanlar vasitəsilə təqdim olunur. Burada ziyarətçilər Azərbaycanın milli mətbəx nümunələrindən də dadırlar.

Sıfır Tullantı Muzeyinin açılışı olub

COP31 çərçivəsində noyabrın 12-də Sıfır Tullantı Muzeyinin açılışı da olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva, COP31-də iştirak edən dövlət və hökumət başçılarının xanımları, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslər Məsləhət Şurasının üzvləri açılış mərasimində iştirak ediblər. Muzeyin açılışını bildirən lent tədbir iştirakçılarının iştirakı ilə kəsilib. Türkiyənin Sıfır Tullantı Fondu tərəfindən COP31 çərçivəsində yaradılan muzey 2017-ci ildə əsası qoyulan Sıfır Tullantı Layihəsinin milli və beynəlxalq miqyasda inkişaf yolunu əks etdirir.

Muzeyin əsas məqsədi gündəlik həyatda istifadə olunan əşyaların ömrünün uzadılması, təbii ehtiyatların qorunması və tullantıların azaldılması istiqamətlərində ictimai maarifləndirməni gücləndirməkdir.

"Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə"

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə COP31 çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda təşkil olunan tədbir də böyük marağa səbəb olub. 
Tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva hava çirklənməsinin insan sağlamlığına təsirlərindən bəhs edərək daha sağlam və dayanıqlı şəhərlərin formalaşdırılmasında ekoloji amillərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Leyla Əliyeva Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi, eləcə də yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji cəhətdən təmiz nəqliyyatın təşviqi istiqamətində həyata keçirilən tədbirlərə toxunub. O, həmçinin IDEA İctimai Birliyinin "Bizim həyət" layihəsi, ağacəkmə aksiyaları və şəhər mühitinin yaşıllaşdırılmasına yönəlmiş digər təşəbbüslərinin rolunu qeyd edib.
Daha sonra tədbir panel müzakirəsi ilə davam edib. Tədbirdə havanın keyfiyyətinin yaxşılaşdırılması və daha sağlam şəhər mühitinin yaradılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqinin və iqlim siyasəti ilə ictimai sağlamlıq tədbirlərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

İkitərəfli görüşlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP31 çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib. O, BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali ilə görüşüb.

Görüş zamanı Azərbaycanın dayanıqlı şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bu xüsusda IDEA İctimai Birliyinin şəhər mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji maarifləndirməyə yönəlmiş layihə və təşəbbüsləri diqqətə çatdırılıb.

Müzakirələr çərçivəsində sahilyanı şəhərlərin iqlim dayanıqlılığının gücləndirilməsi, müvafiq risklərin qiymətləndirilməsi və şəhərsalma kontekstində ekoloji amillərin nəzərə alınmasının vacibliyi vurğulanıb.

Bundan əlavə, IDEA İctimai Birliyi və UN-Habitat arasında şəhərlərin yaşıllaşdırılması, dayanıqlı yaşayış mühitinin formalaşdırılması və iqlim dəyişmələrinə uyğunlaşma sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Bu istiqamətdə IDEA İctimai Birliyi və UN-Habitat tərəfindən birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına toxunulub.

IDEA-WMO əməkdaşlığı müzakirə edilib

Leyla Əliyeva, həmçinin COP31 çərçivəsində Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Baş katibi Celeste Saulo ilə görüş keçirib.

Görüşdə iqlim dəyişmələrinin təsirlərinin qiymətləndirilməsi, meteoroloji müşahidələrin təkmilləşdirilməsi və elmi məlumatlardan səmərəli istifadə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda Azərbaycanda iqlim monitorinqinin gücləndirilməsi, müasir texnologiyaların tətbiqi, eləcə də iqlim hadisələri ilə bağlı erkən xəbərdarlıq sistemlərinin inkişafının əhəmiyyəti qeyd olunub.

Müzakirələr çərçivəsində Xəzər dənizinin səviyyəsində müşahidə olunan dəyişikliklərin elmi baxımdan öyrənilməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub. Xüsusilə dənizin səviyyəsindəki dəyişikliklərin daha dərindən araşdırılması məqsədilə uzunmüddətli iqlim müşahidələrinin, meteoroloji məlumatların və külək rejiminə dair göstəricilərin birgə təhlili perspektivləri müzakirə edilib.

Bundan əlavə, Azərbaycanda gənc tədqiqatçıların iqlim araşdırmaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq elmi təcrübə mübadiləsi və müvafiq təlim proqramlarının təşkili istiqamətində IDEA İctimai Birliyi və WMO-nun əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

F.Abasoğlu

banner

Oxşar Xəbərlər