Su müharibəsinin astanasında
Çin Tibet ərazisində müxtəlif su elektrik stansiyaları və bənd layihələri həyata keçirir. Hindistan isə bu fəaliyyətlərin aşağı axında yerləşən ərazilərə mümkün təsirlərindən narahatdır.
Dünyada su ehtiyatları uğrunda mübarizə dövlətlər arasında gərginliyi artırır. Asiyanın iki qüdrətli dövləti - Hindistan və Çin arasında da su ilə bağlı illərdir gərginlik yaşanır. Dünyanın ən böyük əhali sayına malik iki dövləti olan Hindistan və Çin Himalay dağlarından başlayan bir sıra mühüm çayın formalaşdırdığı su ehtiyatlarından asılıdır. Xüsusilə Yarlunq Tsanqpo (Brahmaputra), Hind çayı hövzəsi və digər transsərhəd su sistemləri iki ölkənin strateji maraqlarının kəsişdiyi məkanlardır.
Son vaxtlar Hindistan və Çin arasında hidroqovşaqların tikintisi ilə bağlı planlar səbəbindən ziddiyyətlər daha da dərinləşib. Çin Yarlunq Tsanpo çayı (Hindistanda Sianq, daha aşağı axarında isə Brahmaputra adlanır) üzərində dünyanın ən böyük hidrotexniki qurğusunu inşa etməyi planlaşdırır. Yeni Delhidə ehtiyat edirlər ki, Pekin su axınına nəzarətdən Hindistana təzyiq vasitəsi kimi istifadə edə bilər. Hindistan isə Çinə məxsus Tibetlə sərhədə yaxın Arunaçal-Pradeş ştatının ərazisində öz bəndini tikməyi planlaşdırır.
Hindistanda adi tayfasının etirazları
Hindistanın Arunaçal-Pradeş ştatında yaşayan adi tayfası kəndlərinin Çin və ya öz ölkələrinin tikəcəyi bəndin suları altında qalacağından qorxur. Tayfanın təmsilçiləri etirazlarını ifadə etmək üçün küçələrə çıxıblar. Nümayişlər o qədər gərgin xarakter alıb ki, yerli hakimiyyət orqanları əraziyə əlavə polis qüvvələri göndərməyə və 21 nəfəri həbs etməyə məcbur olub. Nümayişə çıxan gənclər hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıb, polis məntəqəsini və dövlətə məxsus elektrik enerjisi korporasiyasının binasını yandırıblar.
Sianq çayı vadisində etirazlar iki ildir ki, davam edir. Aksiyalara Sianq Yerli Fermerlər Forumunun prezidenti, Sianq vadisində yaşayan adi tayfasının fəallarından biri Geqonq Ciconq çağırış edib. Forumun əsas tələbi 10 min MVt-dan çox gücə malik Yuxarı Sianq Çoxməqsədli Layihəsinin (SUMP) ləğv edilməsidir. Fəalların bildirdiyinə görə, layihə ən azı 27 yaşayış məntəqəsinin su altında qalmasına, daha 40-50 yaşayış məntəqəsinə isə ziyan dəyməsinə səbəb olacaq. Etirazçılar “Dağıntısız inkişaf” şüarı ilə çıxış edir və dövlətin ilkin ekspertiza işlərini aparmasına mane olurlar. Onlar kiçik su elektrik stansiyalarının tikintisinə qarşı deyillər, lakin çay vadisinin su altında qalmasına qəti şəkildə etiraz edirlər. İlk baxışdan mühəndislər və hər iki ölkənin mütəxəssisləri görüşərək məsələni peşəkar səviyyədə həll edə bilərlər. Lakin fikir ayrılıqlarının arxasında siyasi amillər dayanır.
İki ölkə arasında qarşıdurmaların tarixi
Asiyanın iki nəhəngi arasında hərbi qarşıdurmaların əsas tarixi 1962-ci il sərhəd müharibəsi və ondan sonra baş verən lokal qanlı sərhəd toqquşmaları ilə xarakterizə olunur. İki ölkə rəsmi olaraq yalnız bir dəfə irimiqyaslı müharibə etsə də, strateji rəqabət və ərazi mübahisələri bu gün də davam edir. Böyük Britaniya regionu tərk edərkən sərhədləri dəqiq cızmamışdı. Hindistan İngiltərə dövründən qalan MakMahon Xəttini (şərqdə) və Conson Xəttini (qərbdə) rəsmi sərhəd sayır. Çin isə bu xətləri "müstəmləkəçi müqavilələr" adlandıraraq rədd edir. Çinin Tibeti özünə birləşdirməsi iki ölkəni birbaşa qonşu edib. 1959-cu ildə Tibet üsyanı yatırıldıqdan sonra Hindistanın dini lider Dalay Lamaya sığınacaq verməsi Pekinin ciddi qəzəbinə səbəb olub. Çinin Hindistanın öz ərazisi hesab etdiyi Aksay-Çin bölgəsindən gizlicə strateji hərbi yol çəkməsi münasibətləri tamamilə qoparıb. Hindistan baş naziri Cəvahirləl Nehru Çin qoşunlarının qarşısını almaq üçün mübahisəli zonaların içərilərinə doğru hərbi postlar qurmaq əmri verib. 20 oktyabr 1962-ci ildə Çin Xalq Azadlıq Ordusu həm şərq (Arunaçal-Pradeş), həm də qərb (Ladax/Aksay-Çin) cəbhələrində eyni vaxtda irimiqyaslı hücuma keçib. Müharibə 4000 metrdən yüksək, dözülməz dərəcədə soyuq olan Himalay dağlarında gedib. Hindistan ordusu belə yüksəkliyə, dağ iqliminə və qış geyimlərinə tam hazır deyildi. Çin ordusu taktiki və say üstünlüyü sayəsində Hindistan müdafiəsini yararaq Assam düzənliklərinin kənarına qədər irəliləyib. 21 noyabr 1962-ci ildə Çin birtərəfli qaydada atəşkəs elan edib və qüvvələrini geri çəkib. Lakin bölgə Çinin faktiki nəzarətində qalıb. Müharibədə 1300-dən çox Hindistan əsgəri həlak olub. Böyük müharibədən sonra da tərəflər arasında 1967, 1987-ci il, 2020-ci illərdə bir neçə ciddi hərbi qarşıdurma baş verib. Bu gün iki ölkəni ayıran rəsmi bir sərhəd yoxdur, bunun əvəzinə Həqiqi Nəzarət Xətti (LAC) mövcuddur. Hər iki dövlət sərhəd zonalarında nəhəng hərbi infrastruktur, yollar, aerodromlar tikir və on minlərlə ağır silahlı əsgər saxlayır.
Su məlumatlarının paylaşılması və diplomatik münasibətlər
Hindistan və Çin arasında su məsələləri yalnız qarşıdurma ilə məhdudlaşmır. İki ölkə transsərhəd çaylar üzrə müəyyən əməkdaşlıq mexanizmləri də yaradıb. 2002-ci ildə Brahmaputra çayının daşqın mövsümündə hidroloji məlumatlarının paylaşılması ilə bağlı memorandum imzalanıb. 2006-cı ildə isə Transsərhəd çaylar üzrə Ekspertlər Səviyyəsində Mexanizm (Expert Level Mechanism) yaradılıb. 2013-cü ildə imzalanan memorandum tərəflərin məlumat mübadiləsini və fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığını gücləndirməyi nəzərdə tuturdu. Lakin bu əməkdaşlıq hərtərəfli su bölgüsü sazişi demək deyil.
Hindistan-Çin arasında “su gərginliyi” müasir beynəlxalq münasibətlərdə təbii ehtiyatların geosiyasi güc amilinə çevrilməsinin mühüm nümunəsidir. Brahmaputra çayı ətrafında yaranan rəqabət göstərir ki, su ehtiyatlarına nəzarət məsələsi dövlətlərin iqtisadi inkişafı, milli təhlükəsizliyi və regional nüfuzu ilə birbaşa bağlıdır.
Azər Nuriyev