Azərbaycanın Avropa üçün artan rolu
2028-ci il Avropanın siyasi elitası Bakıda bir araya gələcək. Qitənin ən çox ehtiyac duyduğu məsələlər məhz Bakıda müzakirə olunacaq.
Azərbaycan növbəti dəfə “Avropa Siyasi Birliyi”nin sammitində ən ali səviyyədə təmsil olundu. Prezident İlham Əliyevin Dublin sammitində iştirakı, keçirilən görüşlər, ölkəmizin Avropa üçün artan əhəmiyyətinin vurğulandığı bəyanatlar xüsusi qeyd edilməlidir.
Azərbaycan qaz təchizatını artırmağı planlaşdırır
Dövlət başçısı noyabrın 12-də “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib. “Avropa - güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan budəfəki Zirvə Toplantısının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, həmçinin Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri yer alıb. Builki Toplantıda 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edib.
Prezident İlham Əliyev həmçinin “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada da iştirak edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını deyib. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin roluna toxunan Prezident bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunu qeyd edib. Bildirib ki, o vaxtdan bəri ölkəmiz Aİ-yə qaz təchizatını səkkiz milyard kubmetrdən on üç milyard kubmetrə qədər artırıb. Dövlət başçısı bunun Azərbaycanın ixracının demək olar ki, yarısını təşkil etdiyini deyib. Prezident İlham Əliyev qaz təchizatını artırmağı planlaşdırdığımızı bildirib, bu xüsusda yeni yataqların kəşf edildiyini vurğulayıb.
Volodimir Zelenski və Maya Sandu ilə görüşlər
Sammit çərçivəsində Prezident İlham Əliyev bir sıra ikitərəfli görüşlər də keçirib. Diqqətçəkən məqamlardan biri odur ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi bir sıra ikitərəfli görüşlər məhz qarşı tərəfin müraciəti və sorğusu əsasında təşkil edilib. Davosda, Münhendə və digər platformalarda keçirilən görüşlər məhz bu qaydada baş tutub. Dublin sammiti də bu baxımdan istisna olmadı.
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri məsələsi barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi qeyd olunub, bu xüsusda ölkəmizin təcrübəsinin Ukrayna üçün də əhəmiyyətli olacağı bildirilib.
Moldova Prezidenti Maya Sandu ilə görüşdə qarşı tərəf ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Yunanıstan Baş naziri Kiriakos Miçotakis ilə görüşdə ölkəmizin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində oynadığı rol və bu məsələyə verdiyi töhfə vurğulanıb. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxunulub.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüş də diqqət çəkir. Antonio Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. O, Azərbaycan-Aİ dialoqunun və əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirmək üçün Prezident İlham Əliyevi səfərə dəvət edib.
Avropa üçün strateji əhəmiyyət daşıyan layihələr
Dublin sammiti bir daha Azərbaycanın Avropa üçün artan əhəmiyyətini ortaya qoydu. İstər enerji təhlükəsizliyi, istərsə də logistika, bağlantılar və tranzit sahəsində Azərbaycanın yürütdüyü siyasət, həyata keçirilən layihələr bu gün “köhnə qitə” üçün həyati əhəmiyyət daşımaqdadır. Aİ-nin yüksək vəzifəli nümayəndələrinin, həmçinin quruma üzv dövlətlərin rəhbərlərinin Bakıya ardıcıl səfərləri Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, ölkəmizin artan gücünün göstəricisi kimi dəyərləndirilə bilər. Azərbaycanın enerji və nəqliyyat sahəsində yaratdığı strateji imkanlar ölkəmizin beynəlxalq siyasi çəkisinin mühüm dayaqlarındandır. Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Xəzər üzərindən inkişaf etdirilən yeni bağlantılar ölkəmizin strateji əhəmiyyətini çox böyük bir coğrafiyada əhəmiyyətli dərəcədə artırmaqdadır. Dublin Sammitinin əsas müzakirə mövzuları sırasında enerji təchizatı və bağlantıların yer alması Azərbaycanın artıq konkret layihələr həyata keçirdiyi bu istiqamətlərin Avropa üçün strateji əhəmiyyət daşıdığını göstərir.
Avropanın siyasi elitası Azərbaycanda bir araya gələcək
Sammit çərçivəsində dünya liderlərinin Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinə dair açıqlamaları, 2028-ci il “Avropa Siyasi Birliyi”nin sammitinin ölkəmizdə keçiriləcəyinə vurğu etmələri də diqqət çəkir.
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova bildirib ki, “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir. Bu, Azərbaycanın həm də ciddi sabitlik amili kimi qəbul edildiyini göstərir. “Əgər Azərbaycan bu gün buradadırsa və növbəti görüş məhz orada keçiriləcəksə, nəticə belədir: bəli, Avropa İttifaqı münasibətlərini Avrasiya və Asiya istiqamətində genişləndirir. Bu prosesdə Azərbaycanın rolu unudulmamalıdır”, - deyə o bildirib.
Bolqarıstanın Baş naziri Rumen Radev Azərbaycanla əlaqələrin inkişaf etdiyini və bu dostluqdan, əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Beləliklə, 2028-ci ildə Avropanın siyasi elitası Bakıda bir araya gələcək. Qitənin ən çox ehtiyac duyduğu məsələlər Azərbaycanda müzakirə olunacaq.
Azad Əliyev