• çərşənbə axşamı, 19 mart, 12:08
  • Baku Bakı 8°C

Sovet hakimiyyəti dövründə Cəlilabadın köçürmə siyasətinə məruz qalan 28 kəndinin xəritəsi hazırlanıb

17.08.19 19:45 5043
Sovet hakimiyyəti dövründə Cəlilabadın köçürmə siyasətinə məruz qalan 28 kəndinin xəritəsi hazırlanıb
Tarixçi Ələsgər Mirzəyev ötən əsrin 50-ci illərində sovet hakimiyyəti dövründə Cəlilabadın köçürmə siyasətinə məruz qalan 28 kəndinin xəritəsini hazırlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin cənub rayonlarının sərhədyanı ərazilərdəki kəndlərinin köçürülməsi barədə qərar 1944-cü ildə qəbul olunsa da, bu iş 1952-1953-cü illərdə həyata keçirilib.
Məxfi qərarda sakinlərin onların razılığı ilə köçürülməsi nəzərdə tutulsa da, kənd adamları öz ata-baba yurdlarından məcburi qaydada köçürülüblər. Həmin ailələr əsasən Sabirabad, Şirvan, Salyan, eləcə də digər Aran rayonlarındakı boş ərazilərdə məskunlaşıblar. Bu ərazilərdə ilk vaxtlarda yaşayış üçün infrastruktur olmadığından sonradan bəzi ailələr gizlincə geri qayıda biliblər.
Rəsmi sənədlərdə kəndlərin köçürülməsinə səbəb kimi sərhədyanı ərazilər boyu təhlükəsizliyin təmin olunması göstərilsə də, əslində, sovet hökuməti bu kəndlərin Cənubi Azərbaycan ilə mədəni və iqtisadi əlaqələrindən ciddi narahat idi.
Bundan başqa, Aran zonasında strateji bitki olan pambığın becərilməsində ucuz işçi qüvvəsi kimi məhz bu əhalidən istifadə edilməsi planlaşdırılırdı.
Hazırda adları yalnız arxiv sənədlərində olan kəndlərin əksər əraziləri dövlət fond torpaqlarına daxil edilib və icarə əsasında əkilib-becərilir.
Qeyd edək ki, həmin illərdə Cəlilabadla yanaşı, Astara, Yardımlı və Lerik rayonlarında da kəndlərin köçürülməsi həyata keçirilib.
banner

Oxşar Xəbərlər