Şeir dərsi - Hekayə

–
Mən indi sizin gələcəyiniz haqqında, sənin və bacılarının taleyi barədə
düşünürəm. Düşündükcə də özümü narahat hiss eləyirəm. Elə bil, dünya başıma fırlanır. Bilirsən niyə, nə
üçün? Mənim özümə də çox qaranlıqdır ki, bir neçə ildən sonra sizin
dolanışığınız necə olacaq? Özünüzə bir iş tapa biləcəksinizmi, adam balası kimi
yaşayacaqsınızmı, yoxsa, yox? Sənə də, anana da, bacılarına da yaxşı bəllidir
ki, başqaları kimi sizin üçün ev, torpaq, obyekt, maşın, nə bilim, nələr, nələr
düzəldə bilməmişəm. Həmişə fikirləşmişəm ki, ağılsız oğul neynəyir ata malını,
onsuz da vurub dağıdacaq, kül eyləyəcək; ağılsız oğul neynəyir ata malını,
onsuz da diribaşlığı ilə özü qazanacaq, hələ başqalarına da əl tutacaq. Məndən
bu dünyada sizə heç nə qalmasa da, bir təsəllim var, təsəllim odur ki, adınızı
mən qoymuşam. Siz də həmişə adınıza layiq olmusunuz və olacaqsınız. Bilirəm ki,
bu adlar hərdən də olsa, məni sizə xatırladacaq. Doğrudur, universitet
qurtarmısan, onu da bilirəm ki, çox yaxşı oxumusan, əlaçı olmusan. Sən qırmızı
diplom alıb evə gələndə sevincimin həddi-hüdudu yox idi. Bu cür sevinməyim bir
də özüm universiteti qurtarıb qırmızı diplom alanda olmuşdu. Yadıma gəlir, bir
dəfə sənin riyaziyyat müəlliminlə rastlaşmışdım, əvvəl hal-əhval tutduq, sonra
keçmiş günləri xatırladıq. Bir vaxtlar o da mənimlə eyni universitetdə
oxumuşdu, amma fakültələrimiz ayrı idi. Səndən danışanda çox böyük razılıq
hissi ilə üz-gözü gülürdü. Deyirdi ki, oğlunuzun tayı-bərabəri yoxdu, nadir
uşaqlardandır. Riyaziyyatı çox gözəl bilir, yaxşı başı var. Mən də fürsət tapıb
gileyləndim ki, indi uşaqları əvvəlki kimi öyrətmirlər, biz məktəbdə oxuyanda
müəllimlərimiz dəridən-qabıqdan çıxırdılar. İndi isə çoxları testlərin cavabını
əzbərlədib yola salırlar. Hansı uşaqdan soruşuram ki, nəyə bərabərdir, onların
əksəriyyəti -nin qiymətini söyləyirlər, deyirlər ki, 3,14-dür. Bir də sual
verirəm ki, nəyi
bildirir, heç kəsdən cavab gəlmir. Ay balam, çevrənin uzunluğunun diametrə
nisbətini demək və bunu uşağa öyrətmək yəni o qədər çətindir? Bax, onda bilirəm
ki, müəllimlərin çox da dərinə getmək fikirləri yoxdur. Həə, riyaziyyat
müəllimin bir də onu dedi ki, oğlun savadına görə həyatda yaxşı yer tutacaq,
yaxşı mövqe qazanacaq. Kaş Allah bu sözləri həmin müəllimin ağzından eşidəydi.
Bu
vaxt onu möhkəm öskürək tutdu. Oğlu yerindən qalxıb su ilə dolu stəkanı ona
uzatdı ki, bir az içib rahatlansın. Amma nə qədər elədi, suyu içmədi. Elə bil
adət eləmişdi, bilirdi ki, bir azdan sakitləşəcək. Belə də oldu. Sakitləşəndən
sonra söhbətinə aram-aram davam elədi:
– Oğul bala, bilirsən, həyatda mövqe tutmaq çox
çətindir. Eşitmişdim, dayın oğlu deyirdi ki, mən İqtisad Universitetinin
qurtarıb biznesmen olacağam. İqtisad Universitetini qurtarmaqla adam elə o
dəqiqə biznesmen olmur ki!? Dayın oğlu fikirləşir ki, kimsə gətirib ona pul
verəcək, o da həmin pullarla həm özü üçün, həm də pulun sahibi üçün qazanacaq.
Ay-hay! Pulu olan onu gətirib sənə niyə verir? Elə öz puluyla özü qazanar da. Sənin yadına gəlməz,
onda sən uşaq idin. Türkiyədən ustalar gəlib Bakıda novostroyka tikirdilər. Özü
də ilk novostroykaların harada olduğunu bilməmiş olmazsan? Teleteatrın yanında
üzü yuxarı sırayla düzülən evləri deyirəm. Sonra bir neçəsini də 8-ci mikrorayonda
ucaltdılar. Özləri də xəyal eyləyirdilər ki, Bakıdakı bütün novostroykaları
bunlar tikəcək, yaxşıca qazanacaqlar. Bəs sonra nə oldu? Bizimkilər onlardan
öyrənən kimi türklərə "xudahafiz” dedilər. Özləri elə binalar tikdilər ki,
türkləri əməlli-başlı mat qoydular. Ona görə həmişə deyirəm ki, biz istedadlı
millətik. Bilirsən, nə fikirləşirəm? Fikirləşirəm ki, aldığın ixtisasdan o
qədər də gözüm su içmir. Gəl sənə şeir yazmağı öyrədim, bəlkə, onunla gələcəkdə
bir şey qazana bildin. Bilirsən, bir vaxtlar şeirlə nə pul qazanırdılar!?
Şeirin hər misrasına bir manatdan üç manata qədər qonorar verirdilər. Bu da
xeyli pul eyləyirdi. Əslində, sərbəst şeir də elə bunun hesabına yaranmışdı.
Hətta çap olunan bir kitabın pulu ilə gizlin-gizlin ya şəhərdə təzə ev almaq
olardı, ya da kənddə ikimərtəbəli mülk tikmək mümkün idi.
Həə, bu şeir yazmaq məsələsi ciddi məsələdir. Bax,
əvvəlcə səndən soruşum, Aşıq Ələsgərin şeirlərindən bilirsən? Heç bir-iki
misrası yadında qalıb? Məsələn:
Çərşənbə günündə çeşmə başında,
Gözüm bir alagöz xanıma düşdü.
Niyə çərşənbə günündə? Məgər başqa gün olmaz?
Götürək elə cümə gününü, müqəddəs gündür. Doğrudur, "çərşənbə” yerinə "cümə”
sözünü yazsaq bir heca çatışmayacaq. Onda elə "bir” sözünü də onun əvvəlinə
əlavə edirsən, əməlli-başlı misra alınar: "Bir cümə günündə çeşmə başında”.
Hecası da, bölgüsü də tam yerindədir. Həə, necədir? Allah sənə rəhmət eləsin,
ay Aşıq! Misralarını necə söküb-tökürük eey!
Amma məsələ burasındadır ki, "çeşmə” sözünə
"çərşənbə” sözü daha çox yaraşır, çünki hər ikisi eyni hərflə başlayır və
assosiasiya yaradır. Necə ki "Boyu uzun Burla xatun”, yaxud "Sarı donlu Selcan
xatun”. İndi Aşıq Ələsgərin məhəbbətinin sirrini başa düşdün? Yəqin bilirsən,
özün demirsən. Belə şeyləri səndən soruşanda, qorxma, ürəkli ol, utanmadan, çəkinmədən
de, danış! Bilirsən niyə? Ona görə ki, bizim əsas dərdimiz elə məhəbbət
dərdidir.
Söhrab Tahir isə belə yazır:
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölə bilmərəm.
Niyə çöpü? Niyə ağacı, budağı, yarpağı, kağızı
yox!? Əslində, bu sözləri də işlətmək olardı, amma şair "çöp” sözünə üstünlük
verib. Birincisi, çöp kiçik olduğuna görə onu seçib, yəni demək istəyir ki, ən
kiçik olanı da yarıya bölə bilmərəm. Şair bu kiçiklik anlamı ilə təzad yaradıb
dərdin böyüklüyünü ifadə etməyə nail olub. Amma ikinci bir cəhət də var, bu da
ondan ibarətdir ki, "çöpü” sözündəki saitlər incədir və həmin misrada olan
bütün saitlər incədir. Bununla da şair ciddi bir harmoniya yaradıb. Həə, necədi
sənin üçün? Oğul-bala onu da yadında saxla ki, hər adam bunları bilməz. Bunları
sənin gələcəyin üçün öyrədirəm, sonralar mənə rəhmət oxuyacaqsan.
Atanı bir dəli gülmək tutdu, öz-özünə gülməyə
başladı. Güldü-güldü və oğluna baxıb dilləndi:
– Allah, sənə rəhmət eləsin, a Söhrab Tahir! Bəlkə,
bu, heç onun ağlına da gəlməyib, amma
neynək, indi boynuna qoyarıq.
Qoy birini də deyim, sonra keçək məsələnin o biri
tərəfinə. Süleyman Rüstəmin müharibə dövründə yazdığı bir şeiri var: "Ana və
poçtalyon”. Öz aramızdır, əməlli-başlı şeirdi haa! Bizim ədəbiyyat müəllimimiz
onu əzbərdən söyləyərdi, hələ bizə də əzbərlətmişdi. Bilirsən, mənim ədəbiyyat
müəllimim necə savadlı idi? Allah rəhmət eləsin! Biz inşanı kitab-dəftərə
baxmadan özümüz yazardıq. Bir dəfə yoxlama işində bir sözü səhv yazmışdım,
cəzalandırmaq üçün məni yazı taxtasının qarşısına çıxartdı və yazı taxtası
dolana qədər həmin sözü təkrar-təkrar mənə yazdırdı. Çox əvvəllərin söhbətidi,
səhər-səhər televizorda jurnalist qız məndən müsahibə götürürdü və veriliş
canlı yayımlanırdı. Tamaşaçılardan biri mənə sual verdi ki, bəs sən orta məktəb
müəllimlərini necə qiymətləndirirsən? Mən də tərəddüd etmədən cavab verdim ki,
mənim orta məktəb müəllimlərim əsl kənd professorları idilər. Bir neçə gün
sonra mənimlə bir yerdə işləyən və onun qonşuluğunda yaşayan cavan oğlan mənə
xəbər gətirdi ki, sənin sözlərini eşidən ədəbiyyat müəllimi deyib ki, bundan
sonra ölsəm də, bu dünyadan heç bir umacağım yoxdur. Doğrudur, bir neçə ay
sonra ədəbiyyat müəllimim rəhmətə getdi. Amma rahat getdi. Həə, sözü çox
uzatmayıb yenə qayıdıram "Ana və poçtalyon” şeirinə. Şeirdə belə bir misra var:
Dörd ay vardı ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Niyə dörd ay? "Dörd” sözünün yerinə "bir”, "üç”,
"beş”, "on” sözlərini də yazmaq olardı və heç bir heca problemi də olmazdı.
Əvvələn, "dörd” sözü ikinci misrada olan və bir neçə dəfə təkrar edilən "dərd”
sözü ilə həmahəng səslənir. İkincisi, daha mühümdür. Belə ki, şeirin başqa bir
yerində "anamın gözləri dörd oldu” sözləri işlənib. "Dörd” sözü ilə "gözün dörd
olması” başqa-başqa məzmundadır, amma birgə poetik harmoniya yaradır. Gorun
çatdamasın, ay Süleyman Rüstəm, gör səni necə əzizləyirik.
Yenə fasilə yarandı. Amma çox çəkmədi:
– Həə, gördün necə maraqlıdır? Bax, şeirin ləzzəti
də elə bunlardadır. Amma, düzü, şeir yazmaq çox çətindir. Onun bəzi sirlərini
sənə öyrətdim, bəzilərini də indi öyrədəcəyəm və bu barədə heç kəsə demə,
ömürlük sirr saxla. Gördün ki, öz ixtisasınla dolana bilmirsən, taksi-zad sürüb
eləmə. Şeir yaz, pul qazan. Baxma ki, şeirə indi qiymət vermirlər, bir azdan
sonra verəcəklər. Həə, başlayaq ondan ki, şeir yazmaq üçün birinci mövzudur.
Mövzu deyəndə ki, bu, o qədər çətin deyil. Hər şeydən şeir yazmaq olar:
ağacdan, dağdan, bağdan, aydan, çəməndən, çaydan, bahardan, yaydan, qonşudan,
soydan və sair və ilaxır. Görmürsən, şairlərin hamısı belə-belə şeylərdən
yazır. Sənə deyim ki, taksidən, avtobusdan, metrodan, tramvaydan da yazmaq
olar. Yox-yox, tramvaydan yazma, deyərlər ki, olmayan şeydən nə yazırsan? Sonra
da vedrə qoşacaqlar ki, bu adam olmayan şeylərdən yazır, ha özünü öldür ki,
vaxtilə bizim küçədə tramvay xətti var idi və tramvaylar gəlib-gedirdi, ona
görə yazıram. Dəxli yoxdu, yenə də səni hoydu-hoyduya götürəcəklər. Əşi, başqa
mövzu başına qəhətdir, olan şeydən yaz da. Qoy sənə vedrə bağlamasınlar. Həm də
yadında saxla ki, bir mövzuda bir neçə şeir yaza bilərsən. Bu, yaxşı olar,
deyərlər ki, kişinin oğlu serial şeirlər yazır, potensialı çox güclüdür.
Həə, birinci məsələ bitdi. İkinci əsas məsələ
qafiyə tapmaq məsələsidir. Yəni ki, qafiyələri mövzuya uyğun
müəyyənləşdirməlisən. Bu da çox asandır, belə ki, qafiyə tapmaq məsələsində lüğətdən istifadə
edirsən. Mənim sözümə gülmə, çoxları bu üsuldan istifadə edirlər, yəni əvvəlcə
bəndlərin qafiyələrini düzürlər, sonra başlayırlar quraşdırmağa. Odu eey, bir
tanışımız var, yazdıqları elə belə şeirlərdir. Amma di gəl ki, bunu ona başa
salmaq olmur. Həmişə də deyir ki, mənim şeirlərimdən bir məqalə yaz, mən də
deyə bilmirəm ki, axı, sənin şeirlərindən necə yazım, hamısı elə bil
inkubatordan çıxıb. Xülasə, sözü çox uzatmayaq, qafiyə mühüm şərtdir. Həə,
qaldı üçüncü, üçüncü ondan ibarətdir ki, gərək sənin bir misran lap güclü ola.
Yəni ki, axırıncı bənddə güclü bir fikir deyəsən. Bu da asandır, onun fikrini
çox çəkmə. Şeiri yazıb qurtarandan sonra gördün ki, güclü misra hansı
bənddədirsə, həmin bəndi axıra salarsan. Vəssalam-şüttamam.
Yenə fasilə yarandı. Heç biri dinib danışmadı. Hərə
öz ürəyində nəsə düşünürdü. O, birdən yenə qızışdı:
– Həə, gəl indi mövzunu müəyyənləşdirək. Elə
payızdan yazaq. Yadımdan çıxmamış bir şey də deyim ki, şeir yazanda həmişə
siyasətdən uzaq ol. Ədəbiyyatı siyasətə qarışdırmaq olmaz. Yazıçıdan da
siyasətçi çıxmaz. Biri var idi eey, həmişə kəndlərindən yazırdı, siyasətçi
olmaq istəyəndə bütün qazandıqlarını itirdi. Ona bir deyən olmadı ki, a bala,
siyasət sənin işin deyil, get, yazını yaz.
Həə, payızdan yazmaq üçün əvvəlcə payızın
əlamətlərinə uyğun sözləri seçib onların qafiyələrini tapmaq lazımdır. Yaxşı
bilirsən ki, payızın birinci əlaməti yarpaqların saralmasıdır. Onda "yarpaq”
sözünə qafiyələr tapılmalıdır. Yarpaq, yaraq, qıraq, araq, yox-yox "araq” lazım
deyil, quraq, qalaq!..
Ağır nəfəs alır saralmış yarpaq,
Yerdəki xəzəllər qalaqbaqalaq,
Heç
yerə getməyək, gəl burda qalaq,
Payızın xətrinə, sənin xətrinə.
Görürsən, şeirdə "qalaq” sözünü həm isim kimi, həm
də feil kimi işlətdik. Əslində, bayaq onu isim kimi nəzərdə tutmuşduq. Üçüncü
misrada "qalaq” sözünün feil kimi işlənməsi artıq istedadın nəticəsidir və yazı
onunla xeyli tanınacaqdır.
Payızın başqa bir əlaməti havaların soyumasıdır.
Onda "soyuq” sözünə qafiyə tapmalıyıq. Soyuq, oyuq, ayıq, qayıq, sayıq, dayaq.
Buradan üç sözü götürək: soyuq, oyuq, dayaq.
Gizlicə-gizlicə dolaşır soyuq,
Quşlara
yuvadır hər kiçik oyuq,
Üşüyən otlara gəl duraq dayaq,
Payızın xətrinə, sənin xətrinə.
Görürsən, nə gözəl alındı. Şeirdə payız təbiəti
əməlli-başlı hiss edilir.
İndi məsələ burasındadır ki, bu bəndlərdə payız bir
soyuq fəsil kimi yaddaşlara köçür. Ona görə də çalışmaq lazımdır ki, şeirə bir
az hərarət gəlsin və şeiri oxuyan oxucu üşüməsin. Həm də həmin bənddə soyuqla
istinin təzadı yaranacaq ki, belə bir məqam poeziya baxımından xeyli cəlbedici
olacaqdır. Bu məsələlər üçün də yeni qafiyələr tapmaq lazımdır. Şeiri
doğmalaşdırmaqdan ötrü "nəfəs” sözündən istifadə etmək olar. Nəfəs, həvəs, bəs,
səs, əs – yox-yox, "əs” olmaz, o, soyuqluq gətirir.
Uzaqdan kükrəyir alovlu bir səs,
Qəlbimi bürüyür isti bir nəfəs.
İçimdə göyərir təzə bir həvəs,
Payızın xətrinə, sənin xətrinə.
Bəh-bəh-bəh! Məktəbdə
öyrəndiyin şeirlərin hansından pisdir? Onların birini əzbər deyə bilərsənmi?
Hər-halda sənin əzbər bildiyin şeir olmaz, onda elə bunu əzbərləsən bəsindir.
Məclislərdə sənə danışmaq üçün söz versələr, bu şeiri ucadan de, qoy əl
çalsınlar.
Bir də yadıma düşdü,
sən özünə bir təxəllüs də götürməlisən, təxəllüssüz şair olmaz. Dağla bağlı
yaxşı təxəllüslər var. Məsələn, Dağbəyi, Dağdələn, Dağyunus. Amma bizim kənddə
dağ yoxdu, ona görə də çayla bağlı təxəllüs götür. Arazçaylı, Kürçaylı, Qudyalçaylı
kimi təxəllüslər bizdə moddur. Həm də hər kənddə çay olduğu üçün oxucular çaya öyrəşiblər, ona görə də sənin
şeirlərini görən kimi oxuyacaqlar və sən də məşhurlaşacaqsan. Bizim kəndin
aşağısında sısqa bir çay axır, adı da Dərəçaydır. Nə olar ki, suyu azdı,
vaxtilə çox gur axıb. Qorxma, elə onu özünə təxəllüs götür: Dərəçaylı.
Ha-ha-ha! Necə də yaraşır!
Onu yenə də öskürək
tutdu...
Kamran İMRANOĞLU (ƏLİYEV)
12.08.2018