• şənbə, 27 Aprel, 05:20
  • Baku Bakı 14°C

Savaş açmalıyıq həqarətlərə

03.11.14 18:23 1921
Savaş açmalıyıq həqarətlərə
“Hüseyn anasının əlini öpdü. Zavallı ana ciyərparasını bir daha öpüb-oxşadı. Və dedi:
-Hüseyn, dayın Şirmalda, atan Düməkədə, fəxr ediləcək qohumların da Çanaqqalada yatırlar. Bax, son ümidim sənsən. Minarədən azan səsi kəsiləcəksə, camenin çıl-çırağı korlanacaqsa südüm sənə haram olsun! Qorxsan, oğul demərəm sənə... Öl, ancaq kəndə üzüqara dönmə.
Yolun Şirmaya düşsə dayının ruhuna fatihə verməyi unutma!
Get, oğlum! Allah yolunu açıq etsin...”
Bir ana, xanıməfəndi xeyir-duasıdı bu...
Türkiyəli yazıçı Vehbi Vakkasoğlunun “Çanaqqalada yüksələnlər” sənədli romanının fəsilləri boyunca məhz bu cür cənnətlik, xeyir-duası ilə tarix yazan türk analarının “get, oğlum!” səslənişi sərgilənir: Vətəni qorumaq üçün “get” deyir, dini-imanı, müqəddəs dəyərləri qorumaq üçün “get” deyir, “üstümə üzüqara dönərsənsə südüm sənə haram olsun!” qərarını hərfbəhərif bəyan edib də durur. Bu, o günlərin xeyir-duasıdır ki, Mehmet Akif Ersoy dədəmizin gözündən yaş, könlündən kədər, hüzn əskik olmurdu. Çünki ağlı-fikri ancaq Çanaqqala idi. Ruhən o qədər Çanaqqala ilə dolu idi ki, almanların onu xüsusi və önəmli bir rəsmi qonaq olaraq qarşılayacaqları lüks bir oteldə qalmağı belə qəbul etmir. Bütün Avropanın ən dəbdəbəli oteli olan Adlonda müsafir olmaq təklifi belə onu çox rahatsız etmişdi. Daha sadə bir yerə götürmələrini rica etmişdi. Bütün israrlar nəticəsiz qalanda səbəbini soruşmuşdular. Cavab tam, bütöv bir əxlaqi xarakterə malik adama yaraşacaq gözəllikdəydi: - Mənim burada təmsil etdiyim millətin övladı olan əsgərlər indi Çanaqqalada qan və can savaşında ac, çılpaq, pərişan halda vətənin müdafiəsində durublar. Onlar hər cür pərişanlığın və mərhumiyyətlərin içində çırpınarkən bu lüks otelin rahatlığı məni rahatsız edər. Buradakı rahatlıq tikan olub canıma batar.
O unudulmaz, tarixi gündə israrlar nəticə verməyəndə Akif Ersoyu daha sadə bir otelə götürmüşdülər. Fəqət, o sadə olanın özü də dəbdəbəli gəlmişdi böyük şairə. Nəhayət, daha bəsit, rahatsız, sıradan biri olan otelə yerləşməyə razılıq vermişdi.
Bu, o Akif dədə idi ki, Çanaqqala onun şerilə könüllərə dolmuşdu. Çünki Mehmet Akif Ersoy “Çanaqqala dastanı”nın sadəcə şairi, yazanı deyil, gözü yaşlı bir sevdalısı idi. Və elə bu səbəbdən də onun adı Çanaqqalanın mənəvi qəhrəmanlarından biri olaraq əziz tutulmaqdadır.
Vehbi Vakkasoğlunun “Çanaqqalada yüksələnlər...” kitabının hər səhifəsi demək olar ki, bu cür əxlaqi-mənəvi qürur, vüqar, mənbəyi olan həyat faktları, örnəkləri ilə süslənib. Bu dəyərli kitab ilk növbədə böyük vətəndaşlıq dərsi verir. Heç bir halda söhbət ondan getmir ki, “biz qəhrəman, yenilməz millətik, məğlubedilməzik”. Quru nəsihətçilik, pafos, bəlağət bu gözəl kitabın ruhuna yaddan da yaddı. Vehbi Vakkasoğlu sadəcə olaraq həyati hadisələri, yaşanmışları, vətən uğrundakı can savaşlarını dərin bir sayğı və heyanlıqla sərgiləyir, nəticə çıxarmaq, barınmaq isə artıq hər bir oxucunum öz baxış ucalığının, münasibət mərtəbəsinin ucalığı hesabında qalır. Əslində “Çanaqqalada yüksələnlər...” kitabına daxil edilən həyat epizodları silsilə qəhrəmanlıq, vətəndaşlıq tabloları kimidi, həyat, vətən savaşı, yurd istəyi tablolarıdı. Və elə bu yüksək məziyyətlərinə görədir ki, fransız müxbiri öz təəssüratlarını bu qədər heyranlıqla qələmə alır: “7-8 yaşlarında üç türk cocuğu baş verənlərdən və öz səfalətlərindən xəbərsiz halda hədsiz bir sevinc içində şənlənməkdə idilər. Ayaqları yalındı. Libas-paltar deyə geyindikləri isə başı və qol yerləri kəsilmiş bir çuval idi. Diqqətimi çəkdilər. Yaxnlaşdım. Qarşımda dayanan ilk uşaqdan soruşdum:
-Balacan, atan haradadı?
-Mənim atam Çanaqqalada din yolunda həlak oldu - deyə qürurla üzümə baxdı.
-Bəs səninki? – deyə ikinci uşaqdan sordum.
O da:
-Mənim atam da Yəməndə din yolunda şəhid oldu-cavabını verdi.
Bax elə bu zaman o vüqarlı, imanlı və inamlı uşaqları alicənablıq abidəsi kimi başını daxmadan çıxaran bir xanıməfəndi səslədi:
-Qəzənfər, Müzəffər, Mücahid, şörba bişirdim, gəlin şorbanızı için.
Çaşıb qaldım... Fəqirdilər, ac idilər, paltar yerinə də çuval cırıqları geymişdilər. Ancaq adları “aslan”, “zəfər qazanmış olan” və “cihad edən” mənası verirdi. Bu adı daşıyanlara məğlubiyyət yoxdur... Ola bilməz!”
“Çanaqqalada yüksələnlər” bütövlükdə bu böyük heyrətin və əxlaqın dərsini verir. Müəllif haqlıdı ki, Çanaqqalada yaşananlar sadəcə olaraq quru bir “Savaş” kəlməsi ilə açıqlana bilməz. “Orda yaşananlara ancaq bir millətin yüksəlişi deyilə bilər. Türk övladı olan igid əsgərlər ürklərindəki iman gücüylə dünyanın super güclərinə meydan oxumuşdular. Çanaqqalada Həzrəti Əlinin Xəybər qalasının qapısını fəth edərkən yüksəldiyi kimi yüksəlmişdi Seyid Onbaşının qalxınması, yüksəlişi. O qalxınışla 276 kiloluq mərmini təkbaşına kürəyinə qaldırmışdı. Ühiddə oxu dəf edən Sadın (r.a.) yüksəlişi kimidi Müstəcib Onbaşının yüksəlişi... şəhid anaları oğullarını “ya şəhid ol, ya qazi: təki bu vətənə düşmən ayağı dəyməsin!” – deyə öz ciyərparalarını cəbhəyə yola salmışdılar... Zəfər qazanan igidlər kimi analar da dastan yazmışdılar Çanaqqalada. Və bu dastanın çox önəmli bölümlərini göz yaşları ilə həkk etmişdilər tarixə...”
Belə yazır, tarixin unudulmazlığını belə həkk edir yaddaşlara Vehbi bəy-Türk ruhunun, türk hünərvərliyinin gerçək heykəltaraşı olaraq, söz heykəli yapa-yapa...
Bir hekayət, unudulmaz bir səhnə daha var; müəllif heç nəyi artırıb-əskilətmədən, şərh vermədən şahidi olğuğu olayı təqdim edir diqqətə: “Bir neçə il öncə dostlarımdan birinin xalasının yas yerinə getmişdim. Cəsədlə bərabər məzara mərhumun torbaya qoyulmuş dişlərini və saçlarını basdırdılar. Səbəbini soruşdum. Sən demə nişanlısı Çanaqqalada şəhid olmuş, özü də bir daha ailə qurmayıbmış. Bütün tökülən dişlərini, kəsilən və darağın dişində gələn saçlarını torbalara yığıbmış.
Deyirmiş: - Sabah axirət dünyasında onunla qarşılaşsam “Səndən başqasına yar demədim; bu dişlər şahiddir. Saçlarıma səndən başqa bir kəsin əli dəymədi – bu saçlar şahiddi” – deyəcək.
Çanaqqala igidləri arxalarında bu cür sağlam düşüncəli qadınlar, analar, bacılar, nişanlılar qoyub getdilər. Buna görə də heç vaxt gözləri arxada qalmadı. O qəhrəman qadınlar Çanaqqalanın görünməyən gücləridir və zəfərimizdə fədakarlıqları hesab etdiyimizdən, bildiklərimizdən daha böyükdü, çoxdu...
Şuşa, Laçın, Xankəndi, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan itkilərimiz var. Zəfərlə sonuclanacaq bir öc, savaş, son döyüş məqamı qan yaddaşımızı coşdırmaqda, ruhumuzu diri saxlamaqdadı. Bütün bu durum içində, yaşam gerçəkliyində Çanaqqala savaşının verdiyi dərsdən keçib gəlməli olduğumuzun gerçək və önəmli xeyir-duası, təlqininin bir sədası da “Çanaqqalada yüksələnlər”dən gəlməkdədi. Bu sədaya könül açmaq, bu sədanı qulaqlarımızda sırğa etmək boynumuzun borcudu. Boynumuzda əbədi haqqı olan vətənin parlaq vəsfini təkcə kitablara, qayalara, daşlara yox, ilk növbədə bayrağımıza, yaddaşımıza, ruhumuza həkk etməyi bacarmalıyıq. Vehbi bəyin ”Çanaqqalada yüksələn” kitabının növbəti, davamlı səhifələrini yaza bilməyimiz üçün öncə Çanaqqala əxlaqından, fədakarlığından keçə bilməliyik. Arxamız, qalamız, bürcümüz olan mənəvi istinadgahlarımıza güvənə-güvənə savaş açmalıyıq həqarətlərə.
Bu sətirləri yazdıqca o gözəlim türk anasının döyüşə yola saldığı övladına olan öyüd-nəsihəti bir daha canlanır yaddaşımda: “Ya şəhid ol, ya qazi, təki bu vətənə düşmən ayağı dəyməsin...”

Gülayə
banner

Oxşar Xəbərlər