• çərşənbə axşamı, 19 mart, 12:03
  • Baku Bakı 8°C

Rusiya XİN rəhbərinin səfəri Azərbaycana nə vəd edir?

29.11.19 19:13 1973
Rusiya XİN rəhbərinin səfəri Azərbaycana nə vəd edir?
Politoloqlar hesab edir ki, səfər çərçivəsində regional və qlobal, xüsusilə də Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər müzakirə olunacaq

Azərbaycan apardığı çoxvektrolu siyasət nəticəsində həm dünyada, həm də regionda özünəməxsus xarici siyasət kursuna malik olduğunu təsdiqləyir. Xüsusilə region ölkələri ilə əməkdaşlıq rəsmi Bakının prioritet istiqamətlərini təşkil edir. Bu xüsusda Azərbaycanın Rusiya ilə əlaqələri hər zaman diqqət mərkəzində olub. Noyabrın 20-25-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Rusiyaya səfər edib.
İki ölkə rəsmiləri arasında əlaqələr artıq intensiv xarakter alıb. Belə ki, Rusiyanın xarici siyasət idarəsinin rəisi Sergey Lavrov Azərbaycana səfər edəcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, əldə edilmiş razılaşmaya əsasən, Rusiyanın xarici İşlər naziri Sergey Lavrov dekabrın 2-3-də Bakıya rəsmi səfər edəcək: "Rusiya xarici siyasət idarəsi başçısının səfər proqramında Azərbaycanın Xarici İşlər naziri ilə görüşlər nəzərdə tutulub. Siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli münasibətlərin inkişafının əsas məsələlərinə dair dialoq davam etdiriləcək. 2020-ci il üçün iki ölkənin xarici siyasət idarələri arasında məsləhətləşmələr planının imzalanması da nəzərdə tutulur. Xarici işlər nazirlərinin danışıqlarında MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində və digər beynəlxalq məkanlarda qarşılıqlı fəaliyyət məsələlərini kompleks şəkildə nəzərdən keçirəcəklər. Regional təhlükəsizlik problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri də tərəflərin diqqət mərkəzində olacaq”.
Rusiya XİN rəhbərinin səfəri çərçivəsində qeyd edilən məsələlər, xüsusilə Qarabağ münaqişəsinə dair müzakirələrin nəticələri Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Bəs görəsən hansı razılaşmalar olacaq?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun səfəri ənənəvidir: "Ümumiyyətlə, ənənəvi səfərlər qarşılıqlıdır. Misal üçün, Azərbaycan xarici işlər naziri ildə bir dəfə gedib qarşıdan gələn ildə hansı işlərin aparılacağı ilə bağlı müzakirələr aparır. Bundan sonra isə həmin ölkədən Azərbaycana səfər olur və bu baxımdan Rusiya xarici işlər nazirinin gəlişi ilə heç də fövqəladə nə isə baş vermir. Nəzərə almaq lazımdır ki, Rusiya bizim böyük qonşumuzdur. Azərbaycanın bir çox, o cümlədən iqtisadi, siyasi, mədəni və humanitar əlaqələri Rusiya ilə bağlıdır. Düşünürəm ki, bunu nəzərdən keçirmək faydalıdır. Bilirik ki, geosiyasi vəziyyət o qədər də ürəkaçan deyil. Düşünürəm ki, səfər zamanı İran, İraq, Yaxın Şərq və sair məsələlər nəzərdən keçiriləcək. Şübhəsiz ki, Rusiyanın baxışlarının nədən ibarət olmasını bilməliyik. O cümlədən baxışlarımızın, düşüncələrimizin onunla uyğun gəlib-gəlməməsinə diqqət yetirilməlidir. Biz Rusiya ilə hansı məsələlərdə birgə addımlar ata bilərik? Təbii ki, əsas müzakirə mövzusu Azərbaycanın yaralı yeri olan Qarabağ məsələsidir. Bu məsələdə Rusiyanın rolu çox vacibdir. Düşünürəm ki, düyünə düşmüş Qarabağ məsələsini açmaq və irəli aparmaqla bağlı fikir mübadiləsi də aparılacaq”.
R.Musabəyov Lavrovun səfəri ərəfəsində Qarabağ probleminin həllində icmalararası təmasların reallaşmasına da toxundu.
Qeyd etdi ki, jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də deputatların səfərləri, görüşləri planlaşdırılır: "Bunlar müəyyən bir kontekstdə vacibdir. Yəni, ya onlara hansısa qərarların verilməsi üçün əlverişli mühit yaratmaq lazımdır, ya da o qərarlar gözlənilir və buna uyğun mühit yaratmağa ehtiyac yaranıb. Bir sözlə, danışıqlarda irəliləyiş olmayacaqsa, bu səfərlərin heç bir əhəmiyyəti yoxdur. Çünki əvvəllər də belə səfərlər var idi, sonra bitdi. İndi də həmin səfərlərin davamı olmaya da bilər”.
Politoloq Nəzakət Məmmədova bildirdi ki, Rusiya Federasiyası kimi böyük dövlətin əsas diplomatının Azərbaycana səfəri əhəmiyyətli hadisədir: "Bu səfəri həm regional və qlobal proseslərin Azərbaycana aid məsələlərin müzakirəsi baxımından, xüsusilə, Dağlıq Qarabağ məsələsi ilə bağlı olduğunu ehtimal etmək olar. Cənubi Qafqaz və ümumilikdə keçmiş sovetlər birliyinə daxil olan məkan həlledici bir dövrə qədəm qoyur. Burada iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi və siyasi xəttin uzlaşdırılması mühüm əhəmiyyət kəsb edir”.
N.Məmmədova vurğuladı ki, Lavrovun səfəri çərçivəsində Rusiya və Azərbaycan xarici siyasət idarələrinin 2020-ci ilə dair məsləhətləşmə planını imzalanması gözlənilir: "Onu da qeyd edək ki, bundan qısa bir müddət əvvəl Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfəri çərçivəsində Rusiya və Azərbaycanın Təhlükəsizlik Şuraları arasında 2020-2021-ci illər əməkdaşlıq planına dair razılaşma imzalanmışdı. Bu, qarşıdakı mürəkkəb dövrdə Azərbaycan və Rusiya arasındakı Təhlükəsizlik Şuralarının səlahiyyətlərinə daxil olan məsələlərdə ümumi yanaşmanın, əlaqələndirilmiş fəaliyyətin təminatçısıdır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər