• çərşənbə axşamı, 19 mart, 17:58
  • Baku Bakı 8°C

Rekord göstərici ilə diqqət çəkən seçkilər

17.01.20 19:44 4356
Rekord göstərici ilə diqqət çəkən seçkilər
Ekspertlərin fikrincə, ölkədə həyata keçirilən islahatların nəticəsi olaraq siyasi proseslərə cəmiyyətin bütün təbəqələrində maraq artmaqdadır

Milli Məclisə keçiriləcək növbəti seçkilər ictimaiyyətin diqqət mərkəzindədir. Çünki cəmiyyətin bütün sferası parlament seçkilərində bu və ya digər dərəcədə maraqlıdır. Qeyd edək ki, parlament seçkiləri elan olunduğu gündən indiyədək bir çox mərhələlər həyata keçirilib. Artıq deputatlığa namizədlərin qeydə alınması prosesi də başa çatıb. Yanvarın 17-dən isə deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası start götürüb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yanvarın 16-da "Seçkinin mediada isiqlandırılması" mövzusunda keçirilən informasiya sessiyasında da bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ərəfəsində əldə olunan rəqəmlər indiyə qədər ölkəmizdə keçirilən seçkilərdə rekord göstəricidir. Onun sözlərinə görə, artıq 1534 namizəd qeydə alınıb.
M.Pənahov qeyd edib ki, seçkiqabağı proses müsbət mənada gərgin keçir. O, seçki prosesinin işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, mətbuat seçkilərin işıqlandırılmasında mühüm rol oynayır: "Belə bir tədbirin baş tutması Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir. Seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır. Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür. MSK da mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. MSK bütün seçkiləri Seçki Məcəlləsinin, beynəlxalq standartların tələblərinə uyğun keçirməyə səy göstərir”.
Bu açıqlamadan bəlli olur ki, ötən illərdə keçirilən parlament seçkilərindən fərqli olaraq, bu dəfə başqa məqamlar üstünlük təşkil edəcək. Bəs görəsən bu fərqlilik və diqqət çəkən məqamlar nədən ibarət olacaq?
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov bildirdi ki, növbədənkənar parlament seçkiləri Azərbaycanda başlanılmış islahatların tərkib hissəsidir: "Bütün istiqamətlərdə aparılan islahatlar nəticəsində yeni kadrların, xüsusilə ilə də gənclərin idarəçiliyə cəlb olunması prosesi başlanıb. Hesab edirəm ki, bu proses özünü tam doğruldur. Təbii ki, bu proses qanunvericilik orqanı olan Milli Məclisdən də yan ötməməli idi. Məhz bu səbəbdən də cənab Prezident parlamentdə üstünlük təşkil edən YAP tərəfindən verilən təklifi qəbul edərək yeni seçkilərin keçirilməsinə qərar verdi”.
A.Xəlilov qeyd etdi ki, dövlət başçısı fikirlərini ictimaiyyətlə bölüşərək gənc nəslin bu seçkilərdə iştirakını arzulayıb: "Hesab edirəm ki, bu amil də gənclərimizi, xüsusilə tanınmış ziyalılarımızı ruhlandırdı və seçki prosesində namizədlərin kütləviliyi qeydə alındı. Bu çox təqdirəlayiq haldır, 1600-ə yaxın namizəd Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb. Bu da ilk növbədə Azərbaycanda demokratik, şəffaf seçki mühitinin tam formalaşmasından irəli gəlir.
Namizədlərə gəlincə isə, onların sırasında çoxlu sayda qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, o cümlədən elm camieəsinin və s. sahələrin nümayəndələrini görürük. Bütün bunlar da seçkinin yüksək rəqabət şəraitində keçiriləcəyini proqnozlaşdırmağa əsas verir. Eyni zamanda, xalqın seçkilərdə fəallıq göstərməsinin də əsas amillərindən biri namizədlərin kimliyi və müasir səviyyədə biliklərə malik olmasıdır. Məhz bu baxımdan, biz bu dəfə tamamilə fərqli bir seçki mühiti ilə qarşılaşacağıq. Əlbəttə ki, bu seçkilərdə yüksək intellekt və peşəkarlıq qalib gələcək. Lakin vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq, bu dəfə namizədlərin çoxundan yeni seçki texnologiyalarının tətbiqini gözləyirəm. Çünki namizədlər bilməlidirlər ki, sosial şəbəkələrdə özünü reklam, plakat yapışdırmaq, bir neçə adamı yığıb görüşlər keçirmək kimi metodlar artıq arxada qalıb”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, 2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkilərinə maraq əvvəlki seçkilərdən tam olaraq fərqlənir: "Bu da onunla bağlıdır ki, Azərbaycanda son zamanlar başladılan islahatların nəticəsi olaraq siyasi proseslərə cəmiyyətin ayrı-ayrı təbəqələrində maraq artmaqdadır. Təkcə elə sosial şəbəkələri monitorinq edərkən orada nə qədər insanın seçkidə namizəd olduğunu görmüş oluruq”.
Z.Məmmədov vurğuladı ki, hər bir halda, seçkilər ərəfəsində cəmiyyətin əksər hissəsinin fəallaşması çox vacib məsələlərdən biridir: "Buna da ancaq sevinmək lazımdır. Onu da qeyd edim ki, bu dəfə keçirilən parlament seçkilərinə gənclərin marağının artması və eyni zamanda onların da millət vəkili olmaq arzuları, istəkləri ancaq müsbət şəkildə dəyərləndirilməlidir. Ümumiyyətlə isə, Azərbaycan yeni dövlətçilik mərhələsinə qədəm qoymaqdadır. Kifayət qədər məsuliyyətli və tarix üçün vacib olan anların formalaşdırılması prosesinin getdiyinin şahidi olmaqdayıq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər