• çərşənbə axşamı, 16 aprel, 23:23
  • Baku Bakı 18°C

Qorxu

21.01.20 14:30 20110
Qorxu
(Hekayə)
Qərara gəlmişdi ki, özünü öldürsün. Daha yaşaya bilmirdi. Aldığı maaş nəinki ailəsinə, papiros puluna belə çatmırdı. Neçə illərdi ki, elmi işçi işləyirdi. Bütün günü kağızların içində eşələnirdi. Namizədlik dissertasiyası da müdafiə etmişdi. Amma nə faydası? Quru məvacibə baxırdı. Əyninə geyməyə fərli paltarı da yoxdu. İşə köhnə, nimdaş paltarlarda gedirdi. Pal-paltara pul qalmırdı, evdə tələbə uşaqları vardı. Onların yol pulu, geyimi, evin bazarlığı var idi. Hələ xəstə arvadının dərmanları bir aləm xərc istəyirdi. Axşamlar işdən sonra meyvə bazarında yük daşıyaraq fəhləlik edirdi. Əlbəttə ki, utana-utana, çəkinə-çəkinə. Düşünürdü ki, ölsə, nişanlı qızının cehiz məsələsi də düzələr. Yasda yığılan pullara arvadı əməllicə cehiz ala bilər. Sonra hər şey yoluna düşər. Qızı köçər, oğlu isə yəqin ki, atasının ölümündən sonra işləyib anasını və özünü dolandırar. Acından ölməyəcəklər ki, bir çarə tapılar.
Əvvəlcə fikirləşdi ki, özünü göydələn binanın ən yüksək yerindən atsın. Sonra fikrindən vaz keçdi. Düşündü ki, cəsədi tikə-tikə olar. Yerdən yığışdıra bilməzlər. Ən yaxşısı maşın altına atılmaqdı. Bəlkə heç ölmədi. Qolu-qıçı sındı, maşın yiyəsi onu polisə verməsin, şikayət etməsin deyə, istədiyi qədər pul verər. Amma yenə də qorxurdu. Birdən ölsə, necə olacaq? Ailəsi başsız qalacaq. Kasıb ailə birdən-birə dilənçi halına düşəcək. Tərəddüd içərisində bir xeyli yolun kənarında dayandı. Sürətlə keçən maşınlara baxdı. Gözlərini yumdu. Nə qədər istəsə də, addım ata bilmədi. Gözlərindən yaş gəldi. "Can nə şirin imiş” deyə düşündü. Deyəsən, havanın soyuq mehi onu acdırdı. Ürəyindən yemək keçdi. Bəlkə də? ac qarına ölmək istəmədi. Fikrindən daşındı.
Evə gələndə ailə süfrə başına yığışmışdı. Hamı onu gözləyirdi. Arvadı sulu yemək bişirmişdi. Havanın bu soyuğunda canı isinəcəkdi. Dinməzcə oturub yemək yedilər. Hərdən başını qaldırıb gözucu arvadının və uşaqlarının üzünə baxırdı. Haradan tapsın bu qədər pulu? Uşaqlarının və arvadının üzünü necə güldürsün? Yemək yeyə-yeyə beyni də işləyirdi. Süfrə yığışdırıldı. Hər kəs öz otağına çəkildi. Evdəki biganəlik və susqunluq onu incidirdi. Ayağa qalxıb balkona çıxdı. Papiros yandırıb fikrə daldı...
Səhəri gün tezdən ac-susuz evdən çıxdı. Yol kənarına çatanda yenə başında intihar havası dolaşmağa başladı. Amma canındakı qorxu hissi "bir az gözlə”, dedi. "Yaxşı ki, insanın qorxan yeri var, yoxsa çox qələtlər edər” deyə, ürəyində düşündü.
Axşam evə qayıdanda hiss etdi ki, arxasıycan kimsə gəlir. Çevrilib baxanda gözləri itin gözlərinə sataşdı. Çox qorxdu. Amma özünü ələ alıb, ”rədd ol”deyə bildi. Amma it onu, deyəsən, yiyəsinə oxşatmışdı ki, əl çəkmirdi. Onu düz evinin qapısına kimi ötürdü. Kişi çevrilib itə baxdı. "Bircə sən çatmırdın”, deyib evinə girdi.
Gecə səhərə kimi yata bilmədi. O tərəfə, bu tərəfə çox çevrildi. Hətta "a kişi qoy yataq da, üzündən nə gecəmiz var, nə gündüzümüz” deyib deyinən arvadının tənbehini də eşitdi. Ayağa durub qonaq otağına keçdi. Otaqda var-gəl etdi. It gözlərinin qabağına gəldi. "Burada nə isə bir sirr var”, deyib yatağına girdi.
Qapını açıb bayıra çıxanda gözlərinə inanmadı. İt qapının ağzında yatmışdı. İt onun səsinə gözlərini açdı. Dünən qaranlıq olduğundan itə fikir verməmişdi. Deyəsən, cins it idi. "Görəsən, bunun qiyməti neçə olar, bəlkə onu satım? Özü öz ayağı ilə gəlib. Allah yetirib. Bahalı itə oxşayır”, deyə düşündü. Aşağı əyilib onun başını sığalladı. İt xoşallandı. Birdən ona elə gəldi ki, it acdır. Heç vaxt it saxlamadığından itin nə yediyini bilmirdi. Düşünündü ki? it ət yeyər. Evə qayıdıb mətbəxə keçdi. İt açıq qapını görüb içəri girdi və yerində şöngüdü, kişinin qayıtmasını gözlədi. Əlində kasaya çəkilmiş bozbaş və nəlbəkidə su geri qayıdanda gözlərinə inanmadı. Suyu və yeməyi onun qarşısına qoydu. İt yeməyə baxmadı, yalnız əyilib sudan bir qurtum içdi. Sonra qabaq ayaqlarını yuxarı qaldırıb ev yiyəsinə nəsə göstərmək istədi. O, əvvəlcə itin bu hərəkətini başa düşmədi. Sonra diqqətlə baxanda itin sinəsində balaca bir medalyon və çanta asıldığını gördü. Tez itə yaxınlaşıb onun sinəsindən asılan medalyona və çantaya baxdı. Aman Allah, çantanın içərisində məktub vardı. Məktubu açıb oxumağa başladı. Itin yiyəsindən idi. Hər ehtimala qarşı evin ünvanını qoymuşdu. Məktubda iti sahibinə çatdıran kəsə mükafat veriləcəyi yazılmışdı. "Itin yiyəsi yəqin varlı adamdı”, deyə düşündü. İt məktubu oxuduğunu görüb səs çıxarmağa başladı, deyəsən sevinirdi. Yiyəsinə qovuşacaqdı. Onun itə yazığı gəldi. Onu satmaq fikrindən daşındı. İtin başını sığallayıb gülümsədi. "Narahat olma, səni evinizə aparacamğam”, dedi. Elə bil it kişinin dediklərini başa düşdü. O da kişinin üzünə baxıb zingildədi. Yaxınlaşıb başını onun ayaqlarına sürtdü.
Bu əməlli-başlı möcüzəydi. Nə baş verirdi? Özü də bilmirdi. Görəsən, bu kimin itidi? ”Kasıbın belə iti olmaz”, deyə fikirli-fikirli aşağı düşüb yol kənarına gəldi. İt də onun arxasınca gəlirdi. Bir taksi saxladıb maşına mindi. Açıq qapıdan əli ilə qucağını göstərdi. İt açıq qapıdan onun qucağına tullandı. Kişinin gözləri bərələ qalmışdı. İtin hərəkətləri onu tamamilə çaşdırmışdı. İt əsl mənada insan dili bilirdi və hər şeyi başa düşürdü. Maşının qapısını bağlayıb sürücüyə ünvanı dedi.
– Ooo... – deyə sürücü mənalı-mənalı ilə gülümsədi. - Hansı milyonerin evinə gedirsiniz? Ora quş quşluğu ilə uça bilmir. Sonra onun üst-başına baxıb əlavə etdi: - Yəqin iş üçün ora gedirsiniz. Amma nahaq. Getməyə dəyməz. Ora gedənlər əlləri ətəklərindən uzun qayıdırlar. Heç kimi qəbul etmirlər. Özünüz indi görəcəksiniz.
Sürücünün bu sözlərindən sonra iti bərk-bərk qucaqladı. Deyəsən, hara getdiyini, onu sürpriz gözlədiyini indi başa düşdü. Gözləri yaşardı. Yol boyu bahalı villaların yanından keçib böyük bir qəsrin qabağında dayandılar. Sürücü əyləci basıb: "Düşün!” deyəndə xəyaldan ayıldı. Maşından düşəndə it onun qucağından yerə tullanıb qapıya qaçıb hürməyə başladı. Darvazanın arxasından evin möhtəşəm günbəzi görünürdü. Donub qalmışdı.
- Get qapını döy, nə dayanmısan? - deyib sürücü onu düşüncələrdən ayıltdı.
Qapıya yaxınlaşıb qapının zəngini basdı. Qapı sorğu-sualsız onun üzünə açıldı. İt qapının açıldığını görüb içəri qaçdı. Kişi ağır addımlarla içəri daxil oldu. Elə bil nağıllar dünyasına düşmüşdü. Günün günorta çağı hər tərəfdə işıqlar yanırdı. Həyət o qədər gözəl bəzədilmişdi ki, beləsini yalnız filmlərdə görmüşdü. Həyətdə cavanlar hovuz başında musiqi səsinə oynayır, içki içib əylənirdilər. Bir xeyli dayanıb onlara baxdı. Nə edəcəyini bilmədi. Ona yaxınlaşan da yox idi. Birdən çox böyük və əzəmətli evin bayır qapısı açıldı. Qırx-qırx beş yaşlarında bir gözəl bir qadın göründü. Qadının qucağında balaca it vardı. O gülə-gülə dedi:
- Mənim sevgilimi haradan tapmısınız?
İti qadına sarı qaçdı, Qadın qucağındakı iti yerə qoyub o biri iti qucaqladı.
- Salam, deyib kişi susdu. Boğazı qurumuşdu. Belə bir mənzərə ilə qarşılaşacağını gözləmirdi. Özünü itirdiyindən nə danışdığını belə bilmirdi. - Eeeee... küçədən. Məndən əl çəkmədi.
Onun nə danışdığı itin yiyəsinə maraqlı deyildi. Dayanmadan iti bağrına basıb oxşayır, öpürdü.
- Mənim itim ağıllıdır, yaxşı insanları tanıyır. Ona hər şeyi öyrətmişəm. Bircə evdə oturmaqdan başqa. Ərim kimi tez-tez evdən qaçır. Ərimi içəndən sonra dostları gətirir, itimi isə yaxşı insanlar, - deyib qadın şaqqanaq çəkib gülməyə başladı. - Keçin içəri, bir stəkan çay için .
- Yox sağ olun. Mən gedim.
-Dayanın, sürücü sizi aparar. Nömrənizi qoyun zəhmət olmasa. Yoldaşım axşam gələndə sizinlə danışacaq.
- Təşəkkür edirəm. Heç nə lazım deyil. Bunu kim olsa edərdi. İnsanlıqdı, etdim. Sağ olun, - deyib qapıdan çıxdı.
Onu gətirən sürücü getmişdi. Əlini cibinə saldı. Pulu çox az idi. Metroya isə xeyli yol vardı. Birdən arxadan səs eşitdi:
- Buyurun əyləşin .- Sürücü mehribanlıqla təklif etdi. Kişinin başqa yolu yox idi. Əyləşməli idi. Qapını açıb maşına əyləşdi. - Xətrinizə dəyməsin, üst-başınızdan hiss olunur ki, zəhmətkeş adamsız. Nə işləyirsiniz?
Sürücününn sözlərindən kişi pərt oldu. Əvvəlcə sürücünün parıltılı kostyumuna, sonra isə özünün nimdaş, köhnə geyiminə baxdı. Əlini üstünə çəkib, özünü sındırmadı:
- Üstümü unlu görməyin. İndi ev paltarındayam. Elmi işçiyəm. Şükür Allaha, maaş alıram. – deyib gülümsədi.
- Bəs edirmi? - sürücü maraqlandı.
- Şükür Allaha, çalışırıq ki, bəs eləsin. İşdən sonra evimizin yanındakı meyvə bazarında da işləyirəm. Uşaqlar universitetdə oxuyurlar. Qızım nişanlıdı. Onları oxutmalıyam. Toylarını etməliyəm. Əlbəttə ki, çətinlik var. Amma müvəqqətidir.
Sürücü başını yelləyib qımışdı:
- Nə əcəb iti satmadınız? Onun qiymətini bilirsiniz? Pulunu özüm aparıb vermişəm. Düz 20 min.
- Siz nə danışırsız, ola bilməz? Düzü, əvvəlcə satmaq istədim. Sonra boynunda çanta gördüm. Məktub vardı. Oxudum. Vicdanım yol vermədi. İt də çox ağıllı itdi.
Satmağa ürəyim gəlmədi. Birdə ki, hər şeyi pul həll etmir. İti yiyəsinə qaytardım. Necə xoşbəxt idi. Bu mənə bəsdi. Əvəzini, inşallah, Allah verər. Ev yiyəsi nə işlə məşğul olur?
Sürücü elə bil bu sualı gözləyirdi.
- Əlbəttə, əvəzini verəcək, - deyə sürücü gülümsədi. - Harada işlədiyini deyə bilmərəm. Amma bircə onu deyə bilərəm ki, ev yiyəsinin xanımı, yəni itin yiyəsi xeyriyyəçiliklə məşğuldur. İnsanlara yardım edir, işlə təmin edir. Amma bunu hamı kimi etmir.
- Nə edir ki? - deyə kişi maraqla sürücüyə baxdı.
- Onu da deyə bilmərəm - deyib gülümsədi.
Maşın evlərinin qarşısında dayananda kişi sanki yuxudan ayıldı. Bu gün işə də getməmişdi. Amma bazara gedəcəkdi.
Kişi maşının qapısını açıb düşməyə hazırlaşdı.
- Çox sağ olun, qardaş.
- Siz də sağ olun. Hansı bazarda işləyirsiniz, bu yaxındakında? - deyə sürücü sual verdi.
- Hə, - kişi köks ötürüb cavab verdi.
- Allah köməyiniz olsun! - deyib sürücü maşını sürüb getdi.
Kişi bir xeyli onun arxasınca baxdı. Dərindən ah çəkdi. Ev yiyəsinin yaşayışı, evi, eşiyi, sürücünün eyhamlı danışığı gözünün qabağından getmirdi. Bir azda ruhdan düşdü. Ölüm haqqında bir də fikirləşdi. Gözləri doldu. Evə qalxmaq istəmədi. Gördüklərindən sonra həyatından, yaşayışından, güzəranından utandı. Düşündü ki, gecə hamı yatandan sonra dərman içib həmişəlik yuxuya gedəcək. Daha dözməyəcək bu rəzalətə. İtin qiymətini yadına saldı. Onu soyuq tər basdı. Ürəyindən bərk ağrı tutdu. Dərindən nəfəs aldı. Özünə ölüm arzuladı...
Bazarda axşam düşənə qədər işlədi. Arabaya ərzaqları yükləyib çölə daşıdı. Çox yoruldu. Bir xeyli pul qazanmışdı. Evə getmək istəyirdi ki, birdən bir qadın ona yaxınlaşıb aldıqlarını maşına qədər daşımağı xahiş etdi. Qadının aldığı ərzağı bir-bir arabaya qoyub yola çıxardı. Xanım taksi saxladıb, aldıqlarını maşına yığmağa başladı. Arabada olan sonuncu meyvə qutusunu isə kişiyə verib dedi.
- Siz Allah bağışlayın. Pulumu son qəpiyinəcən xərcləmişəm, sizə verməyə pulum qalmadı. Əvəzində bir qutu meyvə verirəm.
- Xanım, heç nə lazım deyil. Bu gün yetərincə qazanmışam. Halal xoşunuz olsun.
- Yox, nə danışırsınız? Ürəyim götürməz. Zəhmət çəkmisiniz. Daha pul verib meyvə almayın. Götürün, xahiş edirəm. Allah cibinizdəki pulun min qatını sizə yetirsin.
- Yaxşı. Nə deyirəm? Sağ olun, - deyib qutunu yerə qoydu. Qadın maşına oturub oradan uzaqlaşdı.
Kişi qadına bildirməsə də, pərt olmuşdu. Bir xeyli maşının arxasınca baxdı. Əvvəlcə istədi qutuya bir təpik vursun. Bu gün onunla yetərincə məzələnmişdilər.
Səhər itə görə, indi isə daşıdığı yükə görə zəhmət haqqı almamışdı, heç olmasa it sahibi taksinin pulunu verə bilərdi. Bu qadın da dünyanı alıb yığıb arabaya, nə olardı bir hambal pulu da saxlasaydı?
Qapını həyat yoldaşı açdı. Kişi içəri keçər-keçməz arvadı sabah qudalarının toyu danışmağa gələcəklərini bildirdi. Ayaqqabısını soyunub içəri keçdi. Hamama keçib əl-üzünü yudu. Sonra stol arxasına keçib cibindəki pulları saydı. Cəmi iyirmi manatdı. Stolun üstünə qoydu. Sabah qudalarına nə cavab verəcəyini düşündü. Ac qarına dərman içib yatmağı qərara aldı. Birdən mətbəxdən həyat yoldaşının həyəcanlı səsini eşitdi.
- Ay kişi, bu nədi?
Kişi diksinib mətbəxə qaçdı. Arvadının əlində bir dəstə pul vardı. Kişi heyrətlə arvadına baxdı.
- Bunlar haradandı?
- Alma qutusunun içindən çıxdı.
Tez arvadının əlindən pulları alıb saymağa başladı. İyirmi min idi. Bir anlıq səhər sürücünün söhbəti, ev yiyəsinin fərqli surətdə xeyriyyəçiliklə məşğul olması barədə dedikləri yadına düşdü. Bazardakı qadın da təsadüfən qarşısına çıxmamışdı. Kişi gülümsədi. Arvadı hələ də heyrət içində idi.
- Çay gətir, xanım. Allah mübarək eləsin! Toy olacaq! - deyib kişi dərindən nəfəs aldı.
Məlahət Hümmətqızı








banner

Oxşar Xəbərlər