• cümə axşamı, 25 aprel, 05:20
  • Baku Bakı 19°C

Qocanın uyuduğu təpə

26.11.14 09:15 2053
Qocanın uyuduğu təpə
Zaman öz aləmində idi və elə bil Qocanın ömrünü şıdırğı yağan yaz yağışının yarat¬dığı sel suları kimi axıdıb aparmışdı. Zamanı da ki, cilovlamaq, səmtini də-yişmək mümkünsüz idi. Qocanın üzündəki, alnındakı qırışlar sel-sularından sonra torpaqda yaranan cadarlar kimi həm artır, həm də dərinləşirdi. Zamanın yaratdığı bu qırışların hər biri bir nisgilin, bir həsrətin, bir ümidin, bir ayrılığın, vidanın izləri idi.
Qocanın alnındakı qırışların ən enlisi, ən dərini həsrətin, ayrılığın payına düşürdü.
Doğma torpağının, doğma ocağının, o ocağı ki, ulu ba¬ba¬ları yandırmışdılar, onun həsrətindən yaranmışdı bu qırış.
Onu yaşadan, ovunduran, inamını sındırmayan ümid idi. Nə vaxtsa dədə-baba yurduna, onların kimsəsiz qalan, murdar düşmənin dağıtdığı, hər tərəfini ot-ələf basmış məzarlarına qovuşacağı ümidi yaşadırdı onu.
İllər ötür, ümid isə hələ doğrulmaq, həsrətə son qoymaq gücündə deyildi. Son vaxtlar, heç olmasa, uzaqdan da olsa o yerləri, o dağları görmək, ordan axıb gələn havanı ciyərlərinə çəkmək, bununla bir az ovunmaq arzusu ilə yaşayırdı Qoca.
Və bir gün ən çox istədiyi, sevinc və kədərlərini bir-biri ilə bölüşdükləri, adını da özü qoyduğu son beşik nəvəsi Vüsala açdı ürəyində bəslədiyi arzusunu.
– Vüsal, qadan alım, deyirəm görəsən işğal olunmuş ra¬yon¬lara yaxın olan elə bir kəndimiz varmı ki, orda hansısa bir dağa, ya təpəyə çıxsan doğma torpaqlarımızı, dağlarımızı gör¬mək, ordan axıb gələn havanı udmaq mümkün olsun, o dağlarımızdan, sıldırım qayalarımızdan, yayda buz kimi sərin olan meşələrimizdən, əsrarəngiz güllərilə, çiçəklərilə insanlara həmişə gəl-gəl deyən çöllərimizdən süzülüb gələn buz bulaq¬la¬rımızın suyundan bircə qurtum içə biləsən?..
Vüsal dünyalar qə¬dər sevdiyi və son vaxtlar çox fikirli görünən, üz-gözündə bir həsrətin, nigarançılığın izi sezilən babasının boynunu qucaq¬la¬yıb üzündən öpdü.
– Mən elə bir kənd tanıyıram, baba, orda bir hündür təpə var, hə¬mən təpədən baxanda doğma yerlərimiz, dağlarımız lap aydın görünür. O kənddən şirkətimizdə Nadir adlı yaxın dostum işlə¬yir. Neçə dəfə onların kəndlərinə yaxın rayonlara ezamiy¬yə¬tə gedəndə onların kəndində qonaq olmuşam. Çox qonaq¬pər¬vər, səmimi valideynləri var. Hə, baba, o kənddən baxanda, da¬ha doğrusu kənddəki təpədən baxanda bizim kəndimizi, rayo¬nu¬muzu görmək olur.
– Sənə qurban olum, Vüsal balam, nə olar bir dəfə o kən¬də gedəndə məni də özünnən apar, heç olmasa uzaqdan da olsa, qibləm olan o yerlərə üz tutub baxım...
– Baba, sənə söz verirəm ki, lap bu yaxın günlərdə səni o kəndə aparacam, heç bilirsən may ayında oralar necə gözəl olur. Nadir təzəlikcə məzuniyyət götürüb kəndə gedib. İki gün¬dən sonra mən də məzuniyyət götürüb Nadirgilə gedəcəm, məni gözləyir. Söz vermişəm ki, birlikdə keçirəcəyik mə¬zuniyyətimizi. Ona görə də heç bir çətinlik yoxdur. Bir yerdə gedərik, həm istirahət edərsən, həm də doğma yurdu¬mu¬zun dağlarına tamaşa edərsən, baba. Maşallah olsun, sağlıqlarına qismət, Nadirgilin ikimər¬tə¬bəli çox böyük, geniş evləri var.
– Çox sağ ol, qadan alım, elə bil dünyanı mənə bağışla¬yarsan...
– Baba, əlacım olsa göydəki ulduzları da, dədə-baba yur¬dumuzu da sənə hədiyyə edərdim. Ancaq, baba, sən Allah çox fikir eləmə, özünü üzmə, əksinə səhhətini qoru ki, inşallah o yerləri, yurdumuzu bir də görəsən və o böyük sevinci sən də yaşayasan...
– Narahat olma, qadan ürəyimə, təki siz nəvələrimin canı sağ olsun. Mən bilirəm ki, o yerləri mən və mənim həm¬ya¬şıd¬la¬rım görməsə də siz o günü mütləq görəcəksiniz.
– Yox, baba, Allah qoysa, dədə-baba ocağımıza hamımız birlikdə gedəcəyik, orda hələ gör nə məclislər quracağıq...
... Söhbətdən iki gün sonra Vüsal və babası “Güllücə” kən¬dinə gedirdilər.
Sükanda bütün diqqəti yolda olsa da Vüsal yanında otu¬ran babasının son vaxtlar solğunlaşmış bənizinə, üzündə, gözü¬nün ətrafında, alnında şıramlanan qırışlarına baxdıqca ürə¬yi sıxılır, dünyaca sevdiyi babasının bunca qocalmasına çox təəs-süflənirdi.
– Baba, yaman fikrə getmisən, özünü necə hiss edirsən?..
– Qadan ürəyimə, adam gəlib ömrün bu zirvəsinə çatanda və bax beləcə istəkli nəvəsi ilə uzaq yol gedəndə ona elə gəlir ki, onun keçdiyi ömür yoludur bu yol və bu yolun hər döngəsini, hər çala-çuxurunu, hər bir eniş-yoxuşunu gözləri önündə canlan¬dı¬rır, sevincli anlara, illərə görə bir daha sevinir, kədərli anları isə ürək ağrısı və böyük kədər hissi ilə yenidən yaşayır...
– Çox fikir eləmə, baba, deyirəm qabaqda bir xudmani yeməkxana var, könlün istəyirsə, bir az çörək yeyək, çay içək, sonra yolumuza davam edək, hə, nə deyirsən, baba?
– Gözümün işığı, sən bəyəm babana pis şey təklif edər¬sən, nə deyirəm, təklifinə iki əlli razı...
Təxminən on dəqiqədən sonra Vüsal maşını “Ailəvi isti¬ra¬hət mərkəzi” yazılmış ala qapıdan içəri salıb, sağ tərəfdə, ağac¬ların kölgəsində saxladı.
Doğrudan da bura çox səfalı yer idi və ətrafda gözəl bir mənzərə açılırdı. Lap aşağıda Ağsuyun yaşıllıqlar içərisindən boylanan evləri görünürdü, sol tərəfdə yaşıllıqlara qərq olmuş dağlar, dərələr göz oxşayırdı.
– Deyirəm, Allah Təala ölkəmizi yaradanda səxa¬vətini bizdən heç əsirgəməyib, Vüsal bala. Maşallah olsun məmləkətimizin torpağının altı da qızıldır, üstü də...
– Elədir, baba, düz deyirsən. Özün həmişə deyirdin ki, Allah yer kürəsinə əta et-diyi on bir iqlim qurşağından doqquzunu bizə nəsib eləyib...
... Baba-nəvə şirin söhbət edə-edə axşam üstü gəlib “Güllücə”yə çatdılar. Onları Nadir, atası Həzi müəllim və anası Səltənət xanım çox mehriban və səmimi qarşıladılar. Gül-çiçəkli, abad həyətin gözəl bir guşəsində zövqlə tikilmiş talvar¬da onların gəlişi ilə əlaqədar xudmani çay süfrəsi hazır idi. Uzun, iri stolun baş tərəfində yekə bir samovar buğlanırdı. Stolun üstündə gözəl, göz oxşayan qab¬lar-da müx¬tə¬lif növ mürəbbələr, şirniyyatlar xüsusi bir zövqlə dü¬zülmüşdü. Güllərin, çiçəklərin ətri adamda xoş əhval-ruhiyyə yaradırdı. Belə çay süfrəsi arxasında söz-söhbət də şirin olur. Yusif kişi keşməkeşli həyatının müxtəlif dövrlərindən, rayon¬da işlədiyi vəzifələrdən, ailəsindən, övlad və nəvələrindən ürəkdolusu söhbət açır, axırda da söhbəti adəti üzrə, ev-eşik¬lə¬rinin, dədə-baba yurd¬larının, o əsrarəngiz torpaqlarının işğalına gəti¬rib çıxarır və elə o saatca da səsinin ahəngi, üzünün ciz¬gi¬ləri dəyişir, gözlə¬ri¬nə qəribə bir kölgə qonurdu.
Həzi müəllim Yusif kişinin keçirdiyi hiss və həyəcanı ba¬şa düşür və ona ürək-dirək verməyə çalışırdı.
– Yusif dayı, fikir eləmə, inşallah o gün də gəlib çatar, yenə o ocağa, o torpağa qayıdarsınız, dünya belə getməz. Allahın köməkliyi ilə haqq-ədalət öz yerini tutacaq, o al¬çaqlar torpaqlarımızdan it kimi suları süzülə-süzülə cəhən¬nəm olub gedəcəklər...
– Vüsal balam deyir ki, sizin bu kəndin kənarındakı o hündür tə¬pə¬dən bizim yerləri, dağları görmək mümkündür. Deyirəm, Həzi müəl¬lim, sabah bir o təpəyə qalxım, biz tərəflərə bir nəzər yetirim...
– Yusif dayı, Vüsal düz deyir, o təpədən sizin dağlar lap aydın görünür, sabah inşallah gedib baxarsan, yenə bir təsəllidir...
... Əlbəttə 85 yaşını haqlamış bir Qoca üçün, nə qədər sağlam olsa belə, təpənin hündür yerinə qalxmaq asan iş deyildi.
Ürəyində nasazlığı olan Qocanın belə bir niyyətindən onu müalicə edən həkimin xəbəri olsaydı, qəti surətdə ona belə bir təpəyə çıxmağa icazə verməzdi və onu fikrindən daşın¬dı¬rardı. Axı babasına bunca bağlı olan, onun hər an qulluğunda müntəzir dayanan son beşik nəvəsi onu fikrindən daşındı¬rar¬dı¬mı heç.
İndi Vüsal dostu Nadirlə onun qoluna girib diki qaldır¬ır¬dı¬lar. Ancaq Qoca bunu özünə sığışdırmaq istəmirdi.
– Hə, gəlin burda balaca nəfəsimizi dərək.
– Baba, bir cənub tərəfə bax, o görünən dağların bir tərəfi Şuşa, o biri tərəfi Laçındır. Dağın bəri tərəfinə gəldikcə Ağ¬da¬mın kəndləridir, şəhər də yəqin xeyli bəri tərəfdədir. Vüsalın dostu Nadir əlinin işarəsi ilə Qocaya istiqamətləri göstərirdi.
– İndi eşidin görün nə deyirəm, mənim balalarım. Bax o palazı sərin bura, mən bir-iki saat burda oturub sonra özüm ya¬vaş-yavaş evə gələcəm, qəti narahat olmayın. Qoyun bu hava¬dan doyunca ciyərlərimə çəkim...
Əvvəl Vüsal razı olmasa da, babasının sözünü yerə sal¬maq da istəmədi.
– Baba, nə vaxt gələk, səni aparmağa?
– Saatına bax, qadan ürəyimə, üçcə saatdan sonra gəlin gedək...
... Vüsalla Nadir gedəndən sonra Qoca ayağa qalxdı, pa¬lazı da götürüb üz tutdu təpənin zirvəsinə. Düzdür, palaz elə də iri və ağır deyildi, ancaq hər halda səksən beş yaşlı Qocaya bir yük idi.
On-on beş addım qalxdı. Bərk tövşüdüyündən ayaq sax¬ladı, ayaqları əsirdi, elə bil dizlərində taqət qalmamışdı. Bir xeyli dincini alıb yenə ayağa qalxdı və yenə on-on beş addım irəlilədi və yenə tövşüməyə başladı. Elə bil ürəyi indi mərmi kimi partlayıb ətrafı qırmızı rəngə boyayacaqdı. Zirvəyə xeyli məsafə qalsa da o, bu məsafəni mütləq ram etməli və təpənin başına çatmalı idi.
Qoca aramla, körpə uşaq kövrək addımlar atan tək, ad¬dımlayır, yıxılır, xeyli uzanmış vəziyyətdə qalır, üz-gözünü nəmli torpağa, otlara sürtür, torpaqdan sanki güc alır və beləcə gah addımlayır, gah da sürünürdü. “Sən gəl mənə bunca əziy¬yət vermə, insafa gəl, ürəyim. Axı sən məni heç vaxt yarı yolda qoymamısan, mənə xəyanət etməmisən. İndi səndən çox şey istəmirəm ki, bir az da döz, məni xəcil eləmə, arzumu özünlə o dünyaya aparma, mənim sadiq, etibarlı ürəyim!”
Artıq sürünürdü, ayağa qalxmağa dizlərində təpər qalma¬mışdı.
Qoca barmaqları ilə, dırnaqları ilə yeri eşir, bütün gücü¬nü, taqətini toplayıb irəliləyir və təpənin ən hündür nöqtəsinə yaxınlaşdıqca daxilində bir sevinc hissi var¬lı¬ğına hakim kəsilirdi.
Bu da can atdığı, dırnaqları ilə torpaqda şıram aça-aça gəlib çatdığı zirvə.
Qoca arxası üstə çevrilib, nəzərlərini səmaya zillədi. Son¬ra böyrü üstə çevrilib üzünü qibləyə tutdu. Elə bil doğma ocaq¬larının istisi yayıldı vücuduna. Burnuna kəndlərinin gül-çi¬çək¬lərinin ətri doldu. O tərəfdən əsib gələn xəffif meh saçla¬rı¬na sı¬ğal çəkdi, üz-gözünü yaladı Qocanın. Bir az bu vəziyyətdə uza¬nıb yenə arxası üstə çevrildi.
Qiblə tərəfdən, işğal altında olan doğma dağlarının zirvə¬sindən təpəyə tərəf, sıralanmış canlı varlıq kimi görünən qara buludlar axışırdı. Qara buludlar günəşin şüalarını görün¬məz etdiyindən ətrafa bir andaca qaranlıq çökdü.
Qocada lap gənclik illərindən belə bir fikir yaranmışdı ki, səmadakı buludlar ruhlardır. Vaxtaşırı insanları, doğmalarını görməyə gəlir, onlardan ayrı düşdüklərinə və vətənin, el-obanın hansı bir ağır günündəsə göz yaşı axıdıb sakitləşirlər. Bəlkə də nə vaxtsa bunu mütaliə etdiyi hansısa kitabdan oxumuşdu. Də¬qiq yadında deyildi. Buludlar təpənin üstünə çatanda səmada cəm olub asılı qaldılar.
Elə bu an qorxunc, ətrafı lərzəyə salan göyün kişnərtisi, bayaqdan hökm sürən sakitliyi pozdu. Dalınca çaxan ildırımın şaqqıltısı və onun səmada sayrışan işığı sanki ətrafda nə varsa, hamısını alova bürüyəcəkdi.
Şıdırğı başlayan yağış bir anda ətrafı sel-suya qərq etdi.
Qoca palazın altına girdi. Göyün kişnərtisi, ildırımın şaqqıltısı, göydəki ruhların yağı düşmənə qəzəbi və nifrəti idi. Qocanın gözlərindən axan yaş, dünyalarını dəyişmiş, doğma¬larının, dostlarının, soydaşlarının və o torpaqların azad¬lı¬ğı uğurunda şəhid olmuş igid oğullarımızın həsrətdən tökülən göz yaşlarına qarışmışdı.
Göyün kişnərtisi, ildırımın şaqqıltısı və şıdırğı yağan yaz yağışı necə başlamışdısa, eləcə də bir anda çəkilib yox oldu. Ətrafa ölü bir sakitlik çökdü.
Döş qəfəsindən qalxan qəfil ağrıdan gözlərinə qaranlıq çökdü.
“Çox sağ ol mənim qeyrətli, sədaqətli, dəyanətli ürəyim. Bilirəm ki, sənə çox əziyyət vermişəm, səni çox incitmişəm. Təşəkkür edirəm ki, arzumu içində özünlə o dünyaya apar¬ma¬dın, yoxsa o dünyaya səndən incik gedərdim...”
Qoca da palazın altında təbiətin özü kimi sakitcə üzü doğma kəndlərinə tərəf uzanılı vəziyyətdə uyumuşdu.
... Nadirin atası qoyun kəsib kababa hazırlıq görürdü.
Vüsalla Nadir rayon mərkəzindən alış-veriş edib qayı¬danda babasının hələ gəlmədiyini görən Vüsal cəld bir hərə¬kət¬lə həyətdən çıxıb təpəyə tərəf tələsdi.
Nadir də Vüsala qoşuldu.
Onlar Qocanı qoyub getdikləri yerdə görmədilər. Çəmən¬lik yaş və sürüşkən olduğundan yuxarı qalxmaq çətin idi. Lakin onlar əllərini yerə dayaq verə-verə xeyli qalxa bildilər. Vüsal təpənin başında qaraltı gördü. O, “baba, baba!” çağıra-çağıra var gücünü toplayıb təpənin başına yetişdi.
Vüsal cəld yaş palazı qaldırıb yenə babasını çağırdı. Qo¬cadan səs çıxmadığını görüb əyilib onun başını dizləri üstə qoydu və elə indi onun artıq həyatda olmadığını gördü və “ba¬ba!!!” deyib necə qıy çəkdisə səsi Cıdır düzünün sərt qaya¬la¬rın¬da Dəli dağın dumanlı-çiskinli zirvəsində əks-səda verib Həkə¬rinin, Qarqarın, ana Kürün, xan Arazın ilin bu vaxtlarında kü¬kürəyərək aşıb-daşan sularına qarışdı.
Vüsal babasını qucaqlayıb hönkürürdü. Nadir də dostuna qoşulub ağlayırdı.
... Nadirin valideynləri, kəndin ağsaqqalları təklif elədilər ki, Qocanı elə burda, təpənin başında dəfn eləsinlər.
Bu təklifə Qocanın doğmaları da razı oldular.
İndi “Güllücə” kəndinin kənarındakı təpənin zirvəsində tək bir məzar var. Bu məzarda dədə-baba torpaqlarının, doğma yurdlarının həsrəti ilə alışıb-yanan, indi isə qara mərmər altında sakitcə uyuyan bir Qoca yatır.
Nisgilini, həsrətini, düşmənə sonsuz nifrətini özü ilə o dünyaya aparmış aqil bir Qoca.
Rafiq ŞAMİLOĞLU
banner

Oxşar Xəbərlər