Qısa hekayələr

MƏKTUB
Məktubu
çoxdan yazıb tamamlamaq istəmişdim. Ancaq qələmi əlimə alan kimi gözlərimin
yaşı yazdıqlarımı pozur.
O
göz yaşları axa-axa yaxamı çürüdüb.
RAHATLIQ
Bəxtəvərliklə
dövranını sürmüş qarı can üstdə idi. Oğul-uşaq, nəvə-nəticə yastığının dibini
kəsdirmişdilər. Belə ölməyə nə var idi ki? Ayrılıq nə qədər ağır olsa da,
qarını axirət dünyasına az qala deyə-gülə yola salırdılar.
Böyük
oğul göz vurub anasına sataşdı:
–
Yəqin ki, dədəmizlə görüşə tələsirsən?
Böyük
qız da söhbətə qoşuldu:
–
Əlbəttə, bəs necə, – deyib astadan güldü
də, – neçə il bir yastığa baş qoyublar.
Sonbeşik
oğul anasını "muştuluqladı”:
–
Arxayın ol, səni kişinlə qonşu edəcəyik. Neçə ildən bəri ayrı düşdüyün qocanla
yenə bir yerdə olacaqsan...
Oğul-uşağın
atmacalarına sakit-səmirsiz qulaq asan huşu başında olan xəstə birdən-birə dirçəlib
şivən qopardı:
–
Amandı, məni dədənizdən uzaq eləyin! Qonşu olsaq, gorda da günümü qara edər.
Oğul-uşaq
uğundu. Elə qarının da öz zarafatına dodaqları qaçdı. Solğun çöhrəsinə təbəssümə
oxşar bir şey qondu. Sonra da yüngülcə bir köks ötürüb yavaşca gözlərini yumdu.
NİGARANLIQ
Xadimə
qadın hər gün sübh erkən süpürüb yır-yığış etdiyi dalanda axşamdan qalan zibil
qutularını boş görəndə nədənsə halı dəyişir, narahat olurdu.
Qapıların
ağzındakı zibil qutularını qabaqdan qalan atılmış artıq tör-töküntülərlə dolu
görəndəsə, işinin ağırlaşdığını vecinə almır, elə bil yüngülləşir, sevinirdi.
SƏNSİZ
KEÇƏN FƏSİLLƏR
Yaz
Yazın
da, demə, mənə rəhmi gəlir. Gül-çiçəklərinin rayihəsi ilə sənin ətrini
xatırladıb toxtaqlıq, təsəlli verir...
Yay
Yayda da adam üşüyərmiş...
Payız
Bəlkə
də, bu payız mənim əvəzimə beləcə ağlayıb göz yaşı tökür...
Yoxsa
gözlərimdə yaş qalmazdı...
Qış
Niyə bəs mənim xəbərim
yoxmuş? Sən demə, qış fəsli soyuq olurmuş...
Aqibət
Quyunu
elə dərin qazımışdı ki, heç özü də ordan çıxa bilməyib boğuldu.
Peşmanlıq
Hamını öz arşını ilə ölçmüşdü. Fikirləşirdi
ki, indi də heç kimdən inciməyə haqqı yoxdur. Eləcə özünü qınayırdı; görünür,
arşını uzun imiş...
Yaddaş
Nə vaxtsa özünə qarşı edilən adi bir
soyuqluğu pislik hesab edərək, aradan uzun müddət keçsə də, hələ də unuda
bilmirdi. Min yaxşılığı isə bir andaca yaddan çıxartdı.