Qərbdən atılan xəyanət gülləsi - TƏHLİL
Ermənistanla şərti sərhədin Zəngilan istiqamətində erməni hərbi birləşmələri tərəfindən atəşkəsin pozulması göstərdi ki, iki ölkə arasında möhkəm sülhü və bunun təminatçısı olacaq yekun sülh müqaviləsini əngəlləmək istəyən qüvvələr var.
Ermənistanla şərti sərhədin Zəngilan istiqamətində erməni hərbi birləşmələri tərəfindən atəşkəsin pozulması və sərhədçimizin yaralanması sıradan təxribat deyil. Bu hadisə bir daha göstərdi ki, iki ölkə arasında möhkəm sülhü və bunun təminatçısı olacaq yekun sülh müqaviləsini əngəlləmək istəyən qüvvələr var. Son 3 ilin gedişatı bu qüvvələrin hansı mərkəzlərdən idarə edildiyinin sirr olmadığını göstərir. Sülhün hansı dövlətlərin və beynəlxalq təşkilatların planlarını pozduğunu həm biz bilirik, həm ermənilər. Zəngəzur dəhlizinin açılması önündə yaradılmış maneələr, “mülki monitorinq” adı altında həyata keçirilən və “binokl diplomatiyası” adını almış casusluq missiyası, ən sonda isə sərhədçimizə açılmış bu xain atəş bir zəncirin sıx əlaqəli bəndləridir.
Təxribata qocalar gedir
Atəşkəsin pozulmasından dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında özünü baş vermiş hadisədən faktiki olaraq kənarda tutması qənaətimizi təsdiqləyən çoxsaylı amillərdən biridir. Azərbaycanın həyata keçirdiyi qisas əməliyyatı ilə atəş açılmış postun məhv edilməsi bu ehtimalı sübut etdi: ölən erməni hərbçilərinin hamısı hərbi çağırış yaşından, belə demək mümkündürsə, xeyli qocadırlar. Onlardan biri hətta 1957-ci il təvəllüdlüdür. Bu fakt ilk olaraq erməni mediası tərəfindən işıqlandırıldı. Güman ki, elə rəsmi İrəvanın təşəbbüsü ilə. İctimailəşən məlumata görə, məhv edilən quldurlar Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” veteranlar birliyinin üzvləri olublar. Bu könüllülər ittifaqında I Qarabağ müharibəsinin iştirakçıları toplaşıb və onların revanş ideyasının daşıyıcısı olduqları sirr deyil.
Ermənistan hakimiyyətinin dərhal atəşkəsi pozanlardan xəbəri olmadığı görüntüsünü yaratmaq istəyi bir sığorta cəhdi olsa da, rəsmi İrəvanı məsuliyyətdən qurtara bilməz. Birincisi, mediada və kütləvi aksiyalarda revanş çıxışları edən keçmiş döyüşçülərə hansı əsasla hərbi postlar həvalə edilir? Əgər edilirsə, bunun məsuliyyətini niyə hakimiyyət daşımamalıdır? İkincisi, bu təxribat avropalı “binokl-diplomatlar”ın məsul olduqları ərazidə baş verib. “Müşahidə missiyası”nı ölkəyə dəvət edən Paşinyan hakimiyyətidirsə, deməli, orada hökm sürən özbaşınalığa cavabdeh də onun özüdür. Üçüncüsü, Fransa və Hindistandan alınan silahlar, Qərb mətbuatına Paşinyanın verdiyi müsahibələrdə sülh prosesinə qarşı yönəlmiş pozucu və ziddiyyətli fikriləri elə həmin revanşistləri hərbçimizə atəş açmağa həvəsləndirən dövlət səviyyəli təxribatdır. Odur ki, Ermənistan Müdafiə Nazirliyinin yaxasını kənara çəkmək cəhdi bizdə maksimum sarkastik gülüşə səbəb ola bilər.
Revanşistlər əsasən xaricdən maliyyələşdirilir
Ermənistanda fəaliyyət göstərən hərbi-siyasi təmayüllü birliklər, revanşist ideologiyanın daşıyıcısı olan qurumlar əsas etibarilə xaricdən maliyyələşdirilir. Məsələn, “Voma”. Onun lideri, keçmiş döyüşçü Vova Vartanov açıq və maneəsiz şəkildə müharibəyə hazırlıq təlimləri təşkil edir. Maliyyə mənbəyi qismində əsas etibarilə erməni diaspor təşkilatları çıxış edirlər. Onların fəaliyyət göstərdikləri ölkələrdə dövlət orqanları ilə sıx işbirliyində olmadıqlarına yalnız sadəlövhlər inana bilər. Məsələn, Fransada erməni diasporu az qala hökumət ortağı, Makron hakimiyyəti ilə bir koalisiyanın üzvləridirlər. Əlbəttə, söhbət tək Fransadan getmir, bu qənaəti bir çox Avropa və Qərb dövlətlərinə münasibətdə də söyləyə bilərik. Xüsusilə Avropadakı strukturlar, qitədaxili parlamentar qurumlarda Azərbaycana qarşı atılan çamurlar, ayrı-ayrı ölkələri təmsil edən parlamentarilərin bizə münasibətdə qərəzli yanaşmaları da bu qəbildən olan təzahürlərdir. Hədəf sülhə yol açacaq istənilən başlanğıcı bloka salmaq, iki dövlət arasında sülhün imzalanmasına əngəllər yaratmaq, Ermənistanın daxilindəki revanşist qüvvələri yemləməklə cəmiyyəti daimi təlaşda saxlamaq və bu yolla da regional prosesləri idarə etməkdir. Son 3 ildə bu istiqamətdə kimlər dəridən-qabıqdan çıxır, məlumdur. Atəşkəsin məhz Zəngəzur dəhlizi ərazisində baş verməsi “burada sülh olmayacaq” məzmunlu mesajdır, sülh prosesinə təhdiddir.
Ukrayna, Yaxın Şərq, Cənubi Qafqaz
Azərbaycan Prezidenti İlham Əliyevin son 4-5 ay ərzində sərhəddə sakitliyin hökm sürməsini deməsindən dərhal sonra atəşkəsin pozulması bu təxribatın arxasında duranların başlıca hədəfinin sülhə maneə yaratmaq olduğunu sübut edir. Gündə Qərbin bir hərbi məmurunun, yaxud dövlət rəsmisinin gəlib sərhəddə durub binoklla Azərbaycan ərazisini müşahidə etməsi, Çexiya vətəndaşı olan diversantın sərhədçilərimiz tərəfindən saxlanılması, Ermənistan rəsmiləri tərəfindən sülh məqsədi güdməyən bəyanatların səsləndirilməsi bəzi dairələrin Ukrayna və Yaxın Şərqdəki kimi bizim bölgəmizdə də sabitliyi pozmaq niyyətlərindən xəbər verir. Regionda həyata keçirilən iri iqtisadi və logistik layihələrin kimlərə sərf etmədiyi, kimlərin kənarda qalması bu niyyətlərin haradan qaynaqlandığına bir ipucudur. Regional vasitə Ermənistandır, onun daxilindəki alətlər isə guya hakimiyyətə tabe olmayan, ona müxalif qüvvələri.
Aydın şəkildə görünür ki, Qərb və ona inanmış, yaxud bəlkə də tabe olub çıxılmaz vəziyyətdə qalmış Ermənistan bu kimi təxribatlarla vaxt uzadıb yekun sülhdən yayınmaq niyyəti güdürlər. Məqsəd zamanla silahlanmaq, revanşist qüvvələrin öncüllüyü ilə cəmiyyəti yenidən Azərbaycana qarşı konsolidasiya edib ərazi iddialarını davam etdirməkdir. Erməni cəmiyyəti tarixi fiaskolarından nəticə çıxarmaq istəmir. Bilmir deyil, istəmir. İstəsə, çıxara bilər. Bu, erməni xalqının karmasıdır. Tarix göstərir ki, bu xalqı öz bəlasından, bədxassəli şişindən xilas etmək üçün ciddi “cərrahi əməliyyat”sız ötüşmək mümkün deyil. Sərhəddəki erməni hərbi postunun dərhal məhv edilməsi bu əməliyyatın hər an baş verə biləcəyinə işarədir.
Rüstəm Qaraxanlı