• cümə, 26 Aprel, 21:59
  • Baku Bakı 22°C

Prezident əsas prioritetləri açıqladı - FOTOLAR

21.08.21 12:00 712
Prezident əsas prioritetləri açıqladı - FOTOLAR
Qarşıda duran yeni hədəflər qələbəni möhkəmləndirmək, təhlükəsizliyi təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və Ermənistanda revanşist qüvvələrin baş qaldırmasına imkan verməməkdir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 30 ilə yaxın danışıqlar aparılıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə dünyanın bir çox şəhərlərində keçirilən görüşlərdə Prezident İlham Əliyev milli-dövlətçilik maraqlarını qətiyyətlə müdafiə edib, ərazi bütövlüyü məsələsində prinsipiallıq nümayiş etdirib. Xalqın iradəsinə söykənən ölkə rəhbəri Azərbaycan ərazisində, tarixi torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç bir halda yol verilməyəcəyini bəyan edib.


"Dəmir Yumruq”dan nəticə çıxarmayan düşmən

44 günlük Vətən Müharibəsində işğal altındakı ərazilərimiz Ermənistan silahlı birləşmələrindən təmizləndikdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı, şəxsi nəzarəti altında Dövlət Sərhəd Xidmətinin əsgərləri Azərbaycan-Ermənistan sərhədi boyu xidmətlərini qurmağa başlayıblar. Hazırda İran-Azərbaycan sərhədi bütünlüklə, Ermənistan-Azərbaycan sərhədinin isə böyük bir qismi sərhəd qoşunlarının nəzarəti altındadır. Lakin işğalçı xislətindən əl çəkməyən düşmən sərhədboyu ərazilərdə yeni təxribatlar törədir, delimitasiya və demarkasiya prosesini əngəlləməyə çalışır. Təəssüf doğuran haldır ki, 30 ilə yaxın müddətdə işğal prosesinə seyrçi qalan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, böyük güc mərkəzləri bu dəfə də Ermənistan tərəfdən beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına susqunluqla yanaşırlar. Bu susqunluğu özünə dəstək hesab edən Nikol Paşinyan hökuməti isə başlarına dəyən "Dəmir Yumruq”dan nəticə çıxarmayıb yenidən həyasızlaşır, yeni xülyalara qapılır, yeni iddialarla çıxış edirlər.


Revanşist qüvvələrin baş qaldırmasına imkan verilməyəcək

Prezident İlham Əliyev "CNN Türk” televiziya kanalına müsahibəsində bütün bu məsələlərə bir daha toxunaraq işğalçı Ermənistana, eləcə də bu dövlətə hamilik edənlərə, ədalətin deyil, şərin yanında yer alanlara mesajını çatdırıb. O, Azərbaycan xalqının, Silahlı Qüvvələrimizin qarşısında dayanan bir nömrəli hədəfin, tarixi missiyanın Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi olduğunu xatırladıb. Bütün güclərin buna səfərbər edildiyini xatırladan ölkə başçısı gecə-gündüz bu hədəfə doğru gedildiyini, sonda hədəfə çatdığımızı vurğulayıb. Qeyd edib ki, hazırda qarşıda duran yeni hədəflər qələbəni, zəfəri möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir.


Yeni hədəflərə doğru atılan addımlar

Hər zaman verdiyi vədə sadiq olan, "sözümüz imzamızdır” deyərək səsləndirdiyi fikirlərin sahibi olan, irəli sürdüyü təşəbbüslərin reallaşmasında qətiyyət və siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyev sözügedən müsahibədən iki gün sonra Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəlbəcər və Laçın rayonlarına səfər edib. Dövlət başçısı qarşıya qoyulan yeni hədəflərə doğru atılan addımlarla, o cümlədən işğaldan azad olunan ərazilərdə başladılan genişmiqyaslı quruculuq prosesinin hazırkı vəziyyəti ilə yerindəcə tanış olub. Eyni zamanda Prezident və Birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometrlik tunellərin təməlinin qoyulması mərasimində iştirak ediblər. "Kəlbəcər” yarımstansiyasının açılışında iştirak edən, Lev çayı üzərindəki "Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olan dövlətimizin başçısı Kəlbəcər şəhərində bayrağımızı da ucaldıb. Bundan başqa, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Laçın rayonunun Qorçu kəndinin ərazisində də Beynəlxalq Hava Limanının təməlini qoyublar.


Zəngəzur və Göyçə mahallarına qayıdış

Kəlbəcərdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan xalqının iradəsinə söykənən qətiyyətli mövqeyini bir daha bütün dünyaya bəyan edib. Sərhədlərin möhkəmlənməsi istiqamətində görülən işlərə, işğaldan azad olunan ərazilərdəki quruculuq proseslərinə toxunan prezident həm Qarabağ, həm də Zəngəzurun bizim tarixi dədə-baba torpaqlarımız olduğunu növbəti dəfə xatırladıb. Qeyd edib ki, Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar, Şərqi Zəngəzur iqtisadi rayonunda isə Şərqi Zəngəzura aid olan rayonlar birləşib. O, Qərbi Zəngəzurun hazırda Ermənistanın nəzarəti altında olduğunu söyləyərək Zəngəzur dəhlizinin çəkilişi nəticəsində sözügedən ərazidən də istifadə edə biləcəyimizi, vətəndaşlarımızı dədə-baba torpaqlarına qaytaracağımızı vurğulayıb. Deyib ki, belə planlar var və bu da təbiidir. Prezidentin sözlərinə görə, azərbaycanlılar indiki Ermənistan ərazisindən, o cümlədən Zəngəzur və Göyçə mahallarından zorla qovulublar, onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Prezident İlham Əliyev bu prosesin sonrakı mərhələyə saxlandığını deyib.


İstəyimizə nail olacağıq

Prezident İlham Əliyev Ermənistan ərazisində olan tarixi torpaqlarımızın öz adı ilə çağırılmasının zəruriliyinə də toxunub. Bildirib ki, Göyçə mahalının Basarkeçər rayonuna Ermənistanda "Vardenis” deyilir. O, vaxtilə Basarkeçər rayonunda yaşayanların mütləq əksəriyyətinin azərbaycanlılar olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək "Vardenis” qoyub. Prezident Azərbaycan ictimaiyyətinə müraciət edərək bizim ümumi leksikonumuzda "Vardenis” yox, Basarkeçər adının bərpa edilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Deyib ki, bütün qədim, tarixi adlar bərpa edilməlidir. Prezident İlham Əliyev Şərqi Zəngəzurun gələcək inkişafı ilə bağlı bütün işlərin plan üzrə gedəcəyini, istəyimizə nail olacağımızı ifadə edib, "Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır” şüarını səsləndirib. Bununla da, əzəli Azərbaycan torpaqlarına xalqımızın sahiblik etdiyini növbəti dəfə həm Ermənistanın, həm də işğalçı dövlətin havadarlarının diqqətinə çatdırıb.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər