AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paşinyanın Münxen fiakosu Türkiyə mediasında

Paşinyanın Münxen fiakosu Türkiyə mediasında

Siyasət
19 Fevral 2020, 17:54 1076
Hürriyet qəzeti: "Əliyev Paşinyandan daha effektiv təsir bağışlayırdı”

Münxendə Azərbaycan və Ermənistan liderləri – İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən debat qonşu dövlətlərin siyasi dairələrində, mediasında da ciddi rezonans doğurub. Əksəriyyət ekspert və media nümayəndələrinin gəldiyi qənaət budur ki, bu diskussiya erməni liderin tam fiaskosu ilə nəticələndi. Yeri gəlmişkən, Rusiya ilə yanaşı, qardaş Türkiyənin də əksər media vasitələri, köşə yazarları bu debata öz səhifələrində yer ayırıblar. "Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer "Əliyev Paşinyandan daha effektiv təsir bağışlayırdı” başlıqlı məqaləsində yazır ki, müzakirələrin əsas mövzusu Dağlıq Qarabağ məsələsi idi və debat böyük təsirlə müşayiət olunur: "Daha məntiqli olan Əliyev yüksək səviyyədə ingilis dilində danışırdı. Digər tərəfdən, Paşinyan "həvəskar” siyasətçi kimi görünürdü. İngilis dili çox pis olsa da bu dildə danışmağa çalışırdı. Ümumiyyətlə, vurğulamaq lazımdır: Azərbaycan prezidenti ilk dəfə olaraq ölkənin belə geniş platformada haqlı olduğunu əyani şəkildə göstərə bildi. Ancaq Paşinyan yeni bir şey söyləmədi və hətta Ermənistan, erməni şərhçiləri və ekspertlərinin fikrincə, Ermənistan bu görüşdə kifayət qədər adekvat olmamış halda pis görüntü yaratdı. Paşinyan populist siyasətçi təsiri bağışlayırdı. Erməni baş nazir ölkəsində "kobud siyasətçi” kimi xarakterizə olunur. Əliyevlə Paşinyan arasında siyasi anlayışların təbliğində də böyük fərqin olduğu qeyd edildi. Biri beynəlxalq hüquqa müraciət edərkən, digəri qəribə bir şəkildə "zarafat” kimi tarixi hadisələrə istinad etdi. Beynəlxalq müşahidəçilərin, xüsusən də erməni şərhçilərinin fikrincə, Əliyevin bu debatdakı uğurları Dağlıq Qarabağ danışıqlarına yeni forma verəcək və problemin həllinə bir ümid yaradacaqdır”.
Qəzetdə daha sonra erməni jurnalistin Paşinyan barəsində səsləndirdiyi fikirlər yer alıb. Onun tarixi, müzakirə mövzusu olan münaqişəni bilmədiyi vurğulanır: "Son iki ildə baş nazir olub, ancaq yenə də üçüncü dərəcəli küçə siyasətçisi, populist kimi fəaliyyət göstərir. Onun bütün məlumatları çox səthidir”. "Oda TV”də isə "3. sınıf bir sokak siyasetçisi gibi davranıyor” başlıqlı məqalədə də liderlərin Münxen debatı diqqət mərkəzinə düşüb. "Türkiyə” qəzetində dərc edilən "Aliyev’den Ermenistan’a ince ayar!” başlıqlı məqalədə köşə yazarı Meryem Aybike Sinan yazır ki, İlham Əliyev çıxışında Azərbaycan həqiqətlərini effektiv şəkildə dünyanın diqqətinə çatdırdı. Müəllif təəssüflə qeyd edir ki, Türkiyədə televiziya proqramlarında bu məsələ müzakirə edilməyib: "Cəmiyyətin böyük əksəriyyəti Qarabağın harada olduğunu bilmir!
Yeri gəlmişkən, erməni siyasi dairələrində "Münxen” qalmaqalı səngimir. "Bağlı qapılar arxasında müzakirə bir şeydir, lakin faktiki olaraq mətbuat konfransı baş verirsə və bu konfrans zamanı iki dövlət rəhbəri mübarizə aparırsa, bu, tamamilə başqa bir şeydir. Birinci halda konkret nəyin müzakirə olunduğu bəlli deyil, lakin təxmin etmək olar, mətbuat konfransı isə mitinqə bənzərdir. Lakin bu, Yerevanda baş verən mitinq deyil və buna düzgün qaydada hazırlaşmaq zəruridir”. Bunu erməni politoloq Aleksandr Manasyan deyib. Onun sözlərinə görə, erməni tərəfinin bəyanatları Paşinyanın timsalında o qədər də inandırıcı deyildi. "Paşinyan tərəfindən Tiqran və Ermənistandakı inqilab barədə irəli sürülmüş tarixi arqumentlər zəif idi”, - deyə erməni ekspert bildirib. "Məsələ burasındadır ki, Nikol Paşinyan qorxur. Başa düşür ki, bəlkə də cəmiyyət onun sahib olduğu ssenariyə hazır deyil, Ermənistan cəmiyyəti partlaya bilər”. Bunu isə rus siyasi analitik Stanislav Tarasov Münxendəki Əliyev-Paşinyan ictimai debatına toxunarkən bildirib. Tarasov qeyd edib ki, hazırda nəsə bir şey qarşılığında iki rayonu təhvil verirlərsə, ermənilər ayağa qalxacaqlar. Ermənistanlı politoloq Aleksandr Manasyan hesab edir ki, Paşinyan Münxendə İlham Əliyevlə açıq müzakirə üçün ciddi hazırlaşmamışdı. "Bu, Yerevan mitinqi deyil, belə tədbirlərə ciddi hazırlaşmaq lazımdır”, - Yerevanda mətbuat konfransı zamanı politoloq, professor Aleksandr Manasyan deyib. Onun sözlərinə görə, baş nazirin bəyanatları, xüsusilə Böyük Tiqran haqqında tarixi dəlillər və Ermənistanda inqilab haqqında dedikləri çox da inandırıcı deyildi. Eyni zamanda, A.Manasyan qeyd edir ki, bu qəbildən olan dəlillər ABŞ, Rusiya və Avropa İttifaqı kimi "böyük oyunçuların xoşuma gəlmir”, çünki bu ölkələrin bir çoxu tarixin o dövründə mövcud olmayıb və belə bəyanatlar onların heysiyyətinə, şərəfinə toxuna bilər.
Və əgər hökumət başçısı olaraq bu istiqaməti seçmisənsə, mənfi reaksiya doğurmamaq üçün dəlilləri "daha səliqəli və ağıllı" təqdim etmək lazımdır. A.Manasyan hesab edir ki, Paşinyanın gətirdiyi dəlillər inandırıcı deyildi. "Ümumiyyətlə, bu qədər tarixi dərinliklərə varmağın mənası yox idi. Bir halda ki, hüquqi aspektlər heç də tarixi aspektlərdən az əhəmiyyət kəsb etmir", - politoloq Manasyan deyib.
"Ermənistan baş naziri beynəlxalq səviyyədə müzakirə zamanı pərt olmamalıdır”. Bunu isə müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan Facebook səhifəsində yazıb. O, baş nazirin çıxışından məyus olduğunu bildirir. Keçmiş müdafiə nazirinin müavini Paşinyanın aparıcının "Ermənistan beynəlxalq birlikdən nə gözləyir?" sualına cavabını da mənasız hesab edir. Politoloq Andranik Tevanyan hesab edir ki, "beynəlxalq auditoriya qarşısında" Münxen debatları kimi tədbirdə iştirak etmək üçün Paşinyanın bilik və təcrübəsi çatışmır. Onun sözlərinə görə, bunu Münxendə Əliyevlə "Xalqların sülhə hazırlaşdırılması proqramı çərçivəsində şou zamanı Paşinyan öz davranışı ilə sübut etdi".

Azər