• cümə, 29 Mart, 19:38
  • Baku Bakı 14°C

Pandemiya qadağaları yeni davranış normalarına çevrilir

08.07.20 19:42 859
Pandemiya qadağaları yeni davranış normalarına çevrilir
Sosioloq bildirir ki, normaları öhdəlik kimi qəbul etmək deyil, insanların psixoloji durumunu nəzərə alaraq tətbiq etmək lazımdır

Koronavirus pandemiyası yeni etik normalar diqtə edir. Virus ictimai məkanda davranış normalarının kütləvi qəbulunu sürətlə dəyişdi. Hər şeydən əvvəl xəstəlik şəxsi məsələ olmaqdan çıxdı. Maska və əlcək taxmaq – bu artıq təkcə sanitariya qaydalarına riayət etmək anlamı daşımır, həm də ictimai reseptə çevrilib. Əlbəttə, bu heç də hamının xoşuna gəlmir. Çünki maska geymək profilaktik əhəmiyyət daşımasından əlavə, "dress kod”a çevrilib. Artıq burada davranış norması profilaktikadan qabaqdadır.
Bu baxımdan karantin qaydaları insanları əks fikirli düşərgələrə ayırıb: virus təhlükəsinə nihilist (heçlik) yanaşanlar var. Onlar yayılan informasiyalara, xəstəliyin qarşısının alınması ilə bağlı səslənən fikirlərə tam laqeyd yanaşırlar. İkinci qrup COVİD-19 haqqında yazılan və göstərilən hər şeyə inanan və ətrafına şübhə ilə yanaşanlardır. Üçüncü qrup içində tərəddüdü olan, amma vəziyyətə uyğunlaşan COVİD konformistlərdir.
Marketdə hər hansı bir "maskasız” alıcı və ya ictimai nəqliyyatda belə sərnişin görəndə, eləcə də sosial məsafəni pozanlarla rastlaşanda, dərhal acılamağa hazır olan adamlar da ətrafda çoxdur. Bu baxımdan, pandemiya yeni ictimai normalar yaradır. Virus ətrafında artıq mifologiya formalaşıb. Bir neçə aydır ki, insanlar və dövlətlər tərəfindən görülən tədbirlər xəstələrin təcrid olunmasına və onların müayinə və müalicəsinə yönəldilir. Koronavirus təhlükəsindən qorunmaq üçün lazımi səviyyədə sosial müdafiənin əldə olunması və buna daim əməl edilməsi isə bəzi dəyişikliklər tələb edir ki, bunlar əsasən yeni davranış normalarıdır. Təəssüf ki, üstündən aylar keçməsinə baxmayaraq, yeni normalara hamı tərəfindən eyni səviyyədə əməl olunmaması faktları ilə rastlaşır və bu üzdən xoşa gəlməyən səhnələrin tez-tez şahidi oluruq. Məsələn, mağazada müştərilərdən birinin digər bir müştəridən sosial məsafə tələb etməsi, nəqliyyatda sərnişinlərdən kiminsə maska taxmaması başqaları tərəfindən narazılıqla qarşılanır, hətta bəzən dava-dalaşa gətirib çıxarır.
İnsanların vəziyyətə uyğun olaraq diqtə olunan normaları asanlıqla qəbul etməsi, adi davranış normalarına çevrilməsi üçün necə təbliğat aparılmalıdır? Əksər dünya ölkələrində insanların heç bir tələb və göstəriş olmadan əməl etdikləri, az qala həyat tərzinə çevirdikləri - maska taxmaq, əlcək geyinmək, sosial məsafəni gözləmək, əllə görüşməmək, öpüşməmək və s. qaydaları necə normaya çevirmək olar?
Sosioloqlar hesab edir ki, bu məsələdə ictimai qınaq güclü olmalı və maarifləndirmə işləri aparılmalıdır.
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, bu mövzuda sosioloqların müəyyən elmi əsaslarla tövsiyələri ola bilər. Belə ki, ilk növbədə ictimai qınağı gücləndirməliyik: "İctimai qınaq qanunlardan da güclüdür. Biz də bu faktora qiymət verməliyik. Karantin dövrü başlayanda, biz ictimai qınaq faktoruna ciddi diqqət versəydik, yumşalmadan sonra yoluxma sayı bu qədər çoxalmazdı. Biz elə bildik ki, hər şeyi tibbi cəhətdən həll etsək, vəziyyət düzələcək. Əhalinin davranışı düzəlmədən, biz bu xəstəliyə qalib gələ bilmərik. İstəyir nə qədər pul xərclənsin, nə qədər tibbi avadanlıq alınsın, son nəticədə əhalinin davranışı əsasdır”.
Sosioloq hesab edir ki, bütün diqqəti insanların davranışına yönəltmək lazımdır: "Bunun üçün Avropada 150 ildir ki, ciddi elm sahələri fəaliyyət göstərir. Sosiologiya, sosial iş, sosial psixologiya, sosial idarəetmə kimi onlarla elm sahələri formalaşır. Avropada bir adam maskasız küçəyə çıxsa, ona başqaları elə qınayıcı nəzərlə baxar ki, o dərhal səhvini başa düşər. Bizdə isə yanaşma fərqlidir. Məsələn, rayonlarda yaşayan tələbələrimə "maska taxırsınız” - deyə sual verəndə, "burda adama birtəhər baxırlar, hamı adama gülür” - deyə cavab verirlər. Bizdə ictimai qınaq tərsinə işləyir”. Son vaxtlar xəstələnənlərin çoxunun yas və ya digər mərasim məclislərində virusa yoluxduğunu deyən sosioloq hesab edir ki, bu cür problemlər də ictimai qınaq məsələsini gündəmə gətirə bilmədiyimizdən ortaya çıxır: "Tələbələrim deyir ki, rayon və kənd yerlərində yasa getməyənlərə də birmənalı yanaşmırlar. Bu o deməkdir ki, biz ictimai qınaq məsələsini gündəmə gətirə bilmirik. Mən təklif etmişdim ki, icra hakimiyyətləri strukturları ətrafında mobil təşviqat qrupları yaradılsın. Çünki hər kənddə bir neçə adam var ki, onları hamı eşidir. Mən o adamlara "rəy liderləri” deyirəm. O liderləri ki, camaatı maarifləndirmək üçün icra strukturlarının ətrafına toplamaq olar. İnanın ki, bir gündən sonra münasibət dəyişər. Amma bu təklifimə qulaq asan olmadı. Hesab edirəm ki ictimai qınağı gücləndirsək, biz də pandemiya dövründə tövsiyə olunan qaydaları davranış normalarına çevirə bilərik”.
Sosioloq Nigar Şahhüseynbəyova hesab edir ki, bizim mentalitetimizə uyğun xüsusiyyətlər bəzən yeni normaları qəbul etməyimizə mane olur: "Biz də italyanlar kimi istiqanlı millətik. Bir-birimizlə görüşəndə öpüşməyi, qucaqlaşmağı xoşlayırıq. Ancaq yaşadığımız dövrün öz reallığı var. Artıq yeni iqtisadi normalar tətbiq olunur. Bu, ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bir məsələ də var ki, insanlar pandemiyanın yaratdığı problemləri qəbul etmək istəmirlər. Bu baxımdan, bu normaları da qəbul etməkdə çətinlik çəkirlər. Hesab edirəm ki, bunu yalnız maarifləndirmə yolu ilə, şəxsi nümunə ilə etmək lazımdır. Biz artıq cərimələrin tətbiq olunduğunun şahidi oluruq. Bu da insanlarda əks reaksiya doğurur. Buna görə avtoritet olan, xalq arasında tanınmış şəxslər bu normaları nə qədər çox nümayiş etdirsələr, nə qədər maarifləndirici tədbirlər aparılsa, o qədər bunun bəhrəsini görərik və bu, cəmiyyət tərəfindən də normal qəbul olunar. Həmçinin insanlar arasında da normaya çevrilər”.
Sosioloq hesab edir ki, ümumən cəmiyyətdə hər bir normanın oturuşması üçün bir neçə mərhələ keçilməlidir. Belə ki, bir çox yeniliklər tətbiq olunanda biz əvvəlcə şok yaşayır, sonra onu rədd, daha sonra qəbul edə bilirik. Yəni bütün bu mərhələləri tədricən keçməliyik: "Artıq son mənimsəmə mərhələsinə gəldikdə, yeni normaların cəmiyyət tərəfindən qəbul edilməsini demək olar. Bunun üçün ictimaiyyətin, elm adamlarının, ziyalıların üzərinə yük düşür. Onlar normaları əhaliyə lazımi səviyyədə çatdırmalıdırlar. Sosial çarxlar hazırlanmalıdır. TV-lər, mətbuat bu işi həyata keçirməlidir”. Sosioloqun fikrincə, insanların hazırda psixoloji durumları da yaxşı səviyyədə olmadığından, təbliğatı pozitiv notlarla aparmaq lazımdır: "Normaları öhdəlik kimi qəbul etmək deyil, insanların psixoloji durumunu nəzərə alaraq tətbiq etmək lazımdır. Qoy insanlar söylənənləri şüurlu şəkildə qəbul edib həyatlarında tətbiq etsinlər Onlar xəstəliyin təhlükəsini anladıqca, qaydaları da dərk edərək qəbul edəcək və ona uyğun davranacaqlar”.
Pandemiyanın nə qədər davam edəcəyini heç kəs proqnozlaşdıra bilmir. İnfeksiyadan qorunmaq, yoluxmanın qarşısının alınması üçün diqtə olunan normaları isə, görünür, həyat tərzimizə çevirməyə məhkumuq. Onda bir-birimizə qarşı nə aqressiya olar, nə də yoluxma sayı artar.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər