Çoxvektorlu müstəqil xarici siyasət - ŞƏRH
Ekspert
deyir ki, Azərbaycanın hər hansı bir ölkə ilə xoş münasibətləri digərlərində
qıcıq doğurmur. Çünki Azərbaycan dövləti və Prezidenti haqqında oturuşmuş qəti
fikir ondan ibarətdir ki, bir ölkə ilə müxtəlif xarakterli konstruktiv münasibətlər
heç bir halda digərinə qarşı yönəlməyib.
Dünyada
geosiyasi və geoiqtisadi vəziyyət gərginləşdikcə, bəzi ölkələr tərəf axtarışına
çıxdı, bəziləri də müstəqil siyasət yürütməkdə davam etdi. Təbii ki, qlobal məkanın
bir hissəsi olan Cənubi Qafqaz regionu da diqqətdən kənarda deyil. Bölgədəki
dövlətlərdən fərqli olaraq, Azərbaycan özünün çoxvektorlu xarici siyasətinə
sadiqliyini nümayiş etdirir və dünya ölkələri ilə münasibətləri bərabərhüquqlu
tərəfdaş kimi tənzimləyir. Azərbaycan,
istər keçmiş sovet respublikaları, istər NATO ölkələri, istərsə də Qoşulmama Hərəkatına
üzv dövlətlərlə əlaqələri sabit şəkildə qorumağı bacarıb. Məhz belə müstəqil
xarici siyasətin nəticəsi olaraq Azərbaycan böyük etimad qazanıb və dünya dövlətləri
ölkəmizlə əlaqələrin genişləndirilməsinə maraq göstərir. Təbii ki, etimad
mühitinin olduğu yerdə isə müxtəlif sahələr üzrə perspektiv imkanlar yaranır.
Azərbaycan
heç vaxt tərəf kimi çıxış etməyib, sadəcə...
Yanvarın
14-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri də iki ölkə
arasında yeni imkanların qiymətləndirilməsi baxımından mühüm önəm kəsb edir. Azərbaycan-Ukrayna
əlaqələrinin daha da inkişaf etdirilməsi üçün belə bir səfərin reallaşması diqqətdən
kənarda qalmadı. Azərbaycanın yaratdığı yeni reallıqlar və onun getdikcə böyüyən
iqtisadiyyatı, idxal-ixrac imkanları ilə yanaşı, həm də dünyada baş verən
qlobal çağırışlar iki ölkə arasında əlaqələrin genişləndirilməsini şərtləndirir.
O cümlədən Prezident İlham Əliyev hər zaman Ukraynanın ərazi bütövlüyünə hörmətlə
yanaşıb. Çünki 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərinin bir hissəsi
Ermənistanın işğalı altında olub. Lakin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan
öz torpaqlarını işğaldan azad edərək bölgədə yeni reallıq yaratmış oldu. Eləcə
də, bu gün Ukrayna separatizmlə üz-üzə qalıb və Azərbaycan haqlı olaraq bu ölkənin
ərazi bütövlüyünü dəstəkləyir. Bu məsələdə digər dövlətlərdən fərqli olaraq Azərbaycan
heç vaxt tərəf kimi çıxış etməyib, sadəcə haqqın, ədalətin carçısı olub.
"Münasibətlər
strateji xarakter daşıyır”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər
doktoru Elşad Mirbəşir bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın
14-də Ukraynaya işgüzar səfəri iki ölkə arasındakı münasibətlərə ciddi təsir
göstərəcək: "Çünki Azərbaycan - Ukrayna münasibətləri daim dinamik inkişaf edib
və iki ölkə arasında ən müxtəlif istiqamətlərdə əməkdaşlıq mövcuddur. Nəzərə
almaq lazımdır ki, liderlər səviyyəsində isti münasibətlərin olması dövlətlərarası
münasibətlərin xarakterinə təsir göstərir. Azərbaycan və Ukrayna prezidentləri
davamlı olaraq qarşılıqlı səfərlər həyata keçirib. İki ölkə arasındakı münasibətlər
strateji xarakter daşıyır. Belə ki, 2008-ci ildə Azərbaycanla Ukrayna arasında əməkdaşlıq
və strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb”.
"Azərbaycan
digər ölkələrlə koalisiya qurmur”
Siyasi
elmlər doktoru vurğuladı ki, Azərbaycanın xarici siyasətinin başlıca prinsipindən
biri ondan ibarətdir ki, dünya dövlətləri ilə xoş münasibətlər qursun: "Eləcə də,
müxtəlif istiqamətlərdə sıx əməkdaşlıq etsin. Təcavüzkar Ermənistan istisna
olmaqla, Azərbaycan, demək olar ki, dünyanın bütün ölkələri ilə konstruktiv əməkdaşlıq
münasibətləri qurmağı bacarıb. Azərbaycanla əməkdaşlığı, o cümlədən siyasi,
diplomatik münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin arealı hər gün
genişlənməkdədir.Ölkəmizin
xarici siyasətdə dəstəklədiyi vacib xətt həm də ondan ibarətdir ki, heç vaxt heç bir halda hansısa dövlətə qarşı qurulan
koalisiyaya qoşulmur. Azərbaycan xarici siyasətində tam müstəqilliyini dəfələrlə
nümayiş etdirib. Milli maraqlarımıza uyğun olan bütün addımlar dövlət başçımız
tərəfindən hər zaman atılıb və bu gün də atılır. Azərbaycanın hər hansı bir ölkə
ilə xoş münasibətləri digərlərində qıcıq doğurmur. Çünki Azərbaycana, Prezident
cənab İlham Əliyevə çox böyük etimad mövcuddur. Azərbaycan dövləti və Prezidenti
haqqında oturuşmuş qəti fikir ondan ibarətdir ki, hər hansı bir ölkə ilə müxtəlif
xarakterli konstruktiv münasibətlər heç bir halda digər bir ölkəyə qarşı yönəlməyib”.
"Ukrayna
ilə münasibətlər inkişaf etməkdədir”
E.Mirbəşir
qeyd etdi ki, Azərbaycan beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində öz
milli maraqlarına söykənərək addımlar atmaqdadır: "O cümlədən, Azərbaycan hər
zaman tərəfdaş olduğu ölkələrin maraqlarının da qorunması üçün şərait yaratmağa
hazır olduğunu nümayiş etdirir. Bu baxımdan düşünürəm ki, Azərbaycan Prezidenti
İlham Əliyevin Ukraynaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni
dinamiklik qatacaq”.
Bəxtiyar Məmmədli