Niyə qısa hekayələr daha aktualdır?

Əgər
Fitzcerald bu gün sağ olsaydı və yenə də ədəbiyyatı seçsəydi, yəqin ki, illik
gəliri yarım milyon dollardan çox olardı. Halbuki onun yaşadığı dövrdə dəb halını
almamış qısa hekayə janrı müasirləri tərəfindən gündəlik çörək pulu – elə
yerindəcə 3-5 dollar qazanmağın yolu hesab olunurdu. Məsələn, tanınmış ədib
kimi Fitzceraldın qısa hekayə yazmaq və hər gün bir hekayə nəşrindən əldə
etdiyi gəlir illik on min dolları keçmirdi. 1920-ci ildə qazanılan 10 min
dollar isə bu günün 120 min dollarına ekvivalentdir. "Möhtəşəm Qetsbi” kimi
nəhəng bir şah əsər yazmış olmasına baxmayaraq, Fitzcerald məhz çağdaş dövrün
sevilən janrı qısa hekayənin ustası idi. 44 illik ömründə zəmanəsinə görə,
böyük pullar qazanmış Fitzceraldın əsl uğurlu dövrü məhz 2010-cu illərdir –
qısa hekayənin sərvət gətirdiyi dövr. Düzdür, XX əsrdə də ədəbi janr kimi qısa
hekayənin kifayət qədər nüfuzu olub. Həmin dövrdə də ədəbi dərgilər sanballı
hekayələri yüksək qiymətləndirir və yaxşı qonorarla fərqləndirirdilər.
Bəs,
bu gün necə? Bug ün bir qısa hekayə ilə 50 min dollar qazanmaq mümkündürmü?
Əlbəttə ki, yox. Hətta sadəcə bəhs olunan janr üzərində mərkəzləşmiş yazarlar
arasında belə sadəcə qısa hekayə yazmaqla 50 min dollar qazananı tapmaq çətindir.
Qısa hekayə istehsalına ömrünü həsr etmiş müəlliflər böyük bir yazarlıq
karyerası boyu bu pulu ancaq qazanırlar. Amma qısa hekayə müəlliflərinin nüfuzu
indi əvvəlkindən qat-qat çoxdur. Nəsrin "balaca sərçə”sinə könül verənlər
xüsusi rəğbətlə qarşılanırlar. Bir zamanlar yalnız "The New Yorker”-in
səhifələrində görünən hekayələrin indi olduqca geniş oxucu auditoriyası var.
Cəmi bir nümunə ilə sizə reallığı göstərək – indi Amerikada roman çap etdirmək
nüfuzlu mətbu orqanlarda qısa hekayə dərc etdirməkdən daha asandır. Təsəvvür
edin ki, qısa hekayə toplusu təqdim edən yazarlar nəşriyyatlar üçün ələdüşməz
incidir. Hətta "The New-Yorker” kimi dərgilərə istənmədən, məcburi şəkildə
təqdim edilmiş qısa-hekayələr ədəbi agentlərin işgüzarlığı hesabına sevilən hekayələr
siyahısına daxil olub. Yəni, artıq başlanğıc üçün yazdığınız qısa hekayələrin
dərgilərdə asanlıqla işıq üzü görməsi şansı heçə enib.
Çap
dərgilərə əsər qəbul prosesi isə dözülməzdir. Artıq çox sərt şərtlər irəli sürən
redaktor heyəti dərcə "yaraşmayan” hekayəni jurnalın onlayn səhifələrinə
yönləndirməkdə maraqlıdır. Onlayn dərgilərdə nəşr olunan hekayələr üçün kiçik
məbləğdə qonorar ödənir, bəzən isə heç nə verilmir. Çünki bu tip dərgilər daha
çox qıs -hekayələrini kolleksiya şəklində dərc etdirməyə hazırlaşan
peşəkarların əlyazmalarına yer verməkdə maraqlıdırlar. İşin paradoksal tərəfi
isə ondadır ki, nəşriyyatlar da nüfuzlu dərgilərdə hekayələri dərc olunmuş
yazarların kitablarına üstünlük verir. Buna görə də yola yeni başlayanlar işini
yaxşı bilən ədəbi agentlər axtarır. Qısa hekayə toplusunun nəşrə qəbul edilməsi
özlüyündə çətindir. Bəs, bu əziyyətli mərhələnin nəticəsi necədir? Satış
göstəriciləri nəşriyyatları qane edirmi? Ümumilikdə qiraətlə məşğul olanların
sayındakı azalma qısa hekayə toplularının satış göstəricisinə daha çox təsir
edib. Çünki bu janrla maraqlanan oxucu auditoriyası onsuz da xüsusi bir
qrupdur. Topluların baha başa gəlməsi onların satış qiymətini də artırır. Bu
isə öz növbəsində satış göstəricilərinin aşağı düşməsinə səbəb olur.
Yazarlar
özləri də etiraf edir ki, qısa hekayəyə yönəlməyin, əslində, naşirlərin və
oxucuların bilmədiyi bir səbəbi də var. Məsələn, romanlıq məkan, hadisə,
qəhrəman, mövzu var. Amma yazarın saysız-hesabsız işləri – müsahibələr,
müqaviləli məqalələr, planlaşdırılmış təqdimatlar, imza günləri, hazırda
üzərində iş gedən bir roman və s.- həmin an əvəzsiz fürsəti dəyərləndirməyə
imkan vermir. Ədəbiyyat isə bütün bu lazım olan vasitələrin tez-tez bir yerdə
tapıldığı bir sahə deyil. Ona görə də yazar əlinə düşmüş, daha doğrusu, beyninə
dolmuş bu ələdüşməz, əvəzsiz xammalı dərhal məhsula çevirmək və yaradıcı
imkanın ani hədiyyəsindən yararlanmaq istəyir, qısa hekayə yazır. Digər bir
səbəb isə yaradıcı yazarlıq qruplarında həvəskar yazarların şüuruna yeridilən
məsləhətdir – yazmağa qısa hekayə ilə başlayın. Geniş yayılmış düşüncə olsa da,
əslində, ədəbi karyeraya qısa hekayə ilə başlayıb, o yolla da davam edən
yazarların sayı azdır. Çünki qısa hekayə yazmaqla şöhrətə, beynəlxalq nüfuza
sahib olmaq bir xeyli çətindir. Bunun üçün müəllifdən üstün dərəcədə istedad,
ədəbi səriştə tələb olunur. Ədəbi mükafatların qaliblərini gözdən keçirək.
Nüfuzlu
"Pulitzer” ədəbi mükafatı sonuncu dəfə 2000-ci ildə müsabiqəyə hekayə toplusu
ilə qatılmış Cumpa Lahiriyə verilib. Müasir dövrdə hekayə toplularının
romanlarla yarışdığı müsabiqələrdən həmişə məğlub ayrılması bu janrda
məftunedici ədəbi imzaların olmadığına işarədir. Lahirinin "Xəstəliklərin
tərcüməçisi” ("İnterpreter of maladies”) toplusunun satış göstəriciləri də
auditoriyanın belə bir ədəbi həzzə aclığının sübutu idi. Üstəlik Lahiri bu
uğuru debüt əsəri ilə qazanmışdı. Devid Foster Vallas "Sonsuz jest” ("İnfinite
jest”) adlı romanı ilə dünya şöhrəti, "Çarəsiz Kral” ("The pale King”) adlı
romanı ilə "Pulitzer” mükafatı qazansa da, hekayə toplusu dərc etdirməklə
istedadını şübhə altına saldı. Yazıçı Stiven Milhauser də eyni taleyi yaşadı.
1997-ci ildə "Pulitzer” mükafatı alaraq tarixə düşən Milhauser böyük təntənə
ilə ən mükəmməl hekayələrini toplayaraq, "Gecənin səsləri” ("Voices in the
night”) adı altında nəşr etdirdi. Toplu nəinki gözlənilən uğuru qazanmadı,
müəllifin karyerasında "qara pişik” oldu.
Nobel mükafatının qısa hekayə tarixi isə XXI
əsrdə Elis Munronun adı ilə başladı. "Müasir qısa hekayənin ustası” 2013-cü
ildə Nobel Ədəbiyyat mükafatı alarkən, naşirlər və oxuculardan bu janrla məşğul
olanlara dəstək verilməsini xahiş etmişdi. Lakin hələ ki, Nobeldən qısa
hekayəyə işıq izi görünmür.
Bəs,
çağdaş qısa hekayənin Saunders və başqa qüdrətli imzaları formada innovasiyalar
yaratmaq üçün nə ediblər? Qısa hekayə janrını daxil olması getdikcə çətinləşən
bir bölməyə necə çeviriblər? Mütləq mənada yüzlərlə səhifə boyu səpilən bir
ideyanın 15-20 səhifəlik nəsr nümunəsində birləşdirilməsi prosesi müəyyən bir
yol qət edib. Müəlliflər nə baş verdiyini sistem şəklində bilmədiklərini iddia
edirlər. Məsələn, Saundersi Nobel almış roman müəlliflərindən bir neçə addım
irəlidə saxlayan nədir? Yazdığı hər qısa hekayədə nəhəng bir romana çevrilməsi
mümkün olan mövzu, hadisələr və qəhrəmanları birləşdirməsidir. Bəzən isə onun
bircə hekayəsində 10-a yaxın ana fikir, ideya tapırsan.
Qısa
hekayənin bu qədər dəyər qazanması müəllifləri əlavə tələblərə cavab vermək
məcburiyyətində qoyub. Belə ki, artıq qısa hekayə şeirin cavab verdiyi
standartlarla işləyir. Hər bir paraqraf, cümlə və söz artıq böyük bir romanda
daşıdığından daha dərin məna daşımalı, ədəbi çəkisi daha ağır olmalıdır.
Bununla yanaşı, qısa hekayənin həcmi oxunarkən yarım saatdan çox vaxt aparmamalı,
oxucu ədəbi zövq üçün zaman sərf etmiş kimi hiss etməməlidir. Nəzərdə tutulan
mövzu hekayənin sonuna kimi tamamlanmalı, əsas fikir aydınlaşdırılmalıdır.
Düzdür, etiraf etmək lazımdır ki, bəlkə də qısa hekayə heç vaxt roman qədər
geniş yayılmış bir janr olmayacaq. Amma bu janrın müasir nümunələrinin
müəllifləri məhz qısa hekayəyə maraq göstərənlərin yüksək standartlarına tam
cavab verməyə çalışır. Artıq qısa hekayə ədəbiyyatla məşğul olmağa başlamağın
ilkin mərhələsi deyil. İndi qısa hekayə ilə məşğul olmaq ədəbi güc göstərməkdir,
meydanın cəngavəri kimi tanınmaqdır. Qısa hekayənin uğurlu müəllifi kimi
tanınmaq, sözün əsl mənasında, hər iki ağzı kəsən qılıncın sahibi olmaqdır.
Hər
şeyin sürətlə sıradan çıxdığı, insanların az zamanda daha çox şeyə yiyələnmək
istədiyi, zaman məfhumunun insan ömrü qədər böyük əhəmiyyət daşıdığı bir dövrdə
milyonlarla oxucunu qələmindən asılı vəziyyətə salmaq üçün yazarın aylara,
illərə ehtiyac yoxdur. İndi bunun üçün sadəcə bədii ifadə üsullarının
sərhədlərini zorlamaq kifayətdir. Çünki qısa hekayənin daimi izləyiciləri və
oxucuları artıq ən az onu yazanlar qədər peşəkar, diqqətcil və zövqlüdürlər.
Steven Petite
Mənbə:
Huffington Post
İngilis
dilindən tərcümə edən: Elcan Salmanqızı
