Nifaq ağacı

Qırğız yazıçısı, dramaturq,
jurnalist və tərcüməçi Aydarbek Sarmanbetov 1953-cü ildə indiki Bişkekdə
doğulub. Otuza qədər kitabın müəllifi, yüzdən çox kitabın redaktoru, "Türk
dünyası ədəbiyyatı” jurnalının baş redaktorudu. Əsərləri Cin, Azərbaycan, türk,
qazax, uyğur, türkmən, qaqauz, rus və digər dillərə çevrilib. Çağdaş nəsrimizin
usta qələmlərindən sayılan Əlabbasın bir neçə hekayəsi onun tərcüməsində qırğız
oxucularına çatdırılıb. "Nifaq ağacı” da onun dilimizə çevrilən ilk əsəri
deyil, daha əvvəl yazıçı Eyvaz Zeynalov tanınmış nasirin bir neçə hekayəsini
dilimizdə səsləndirib.
– Baba,
ağacımızı kəsirlər! Orda... Əhməd! – özünü itirmiş halda qaçıb gələn kiçik nəvə
birdən evi çaxnaşdırdı. Quzu dərisi sərilmiş dəhlizin uzaq küncündə böyrü üstə
uzanıb sakitcə kitab oxuyan ağsaqqal Bektur uşağın anlaşılmaz danışığından heç
nə başa düşmədi və gözlərini təəccüblə nəvəsinə zillədi.
– Nə
danışırsan? Kim?... Hansı ağacı deyirsən? – narahatlıqla başını qaldırdı.
– O...
ortadakını...
Nəsə pis bir
hadisə olacağını duyan Bektur kitabı kənara qoydu, bir təhər qalxdı və
uzunboğazlarını geyib çölə çıxdı.
Həə, elədi
ki, var. O elə indicə evdə uzandığı vaxt küçədən balta səsi gəldiyini eşitmiş
və bir müddət hətta bunun nə ola biləcəyini anlamadan qulaq kəsilmişdi. Sən
demə, qonşu Əhməd uzun illərdən bəri iki həyətin arasında sərhəd rolu oynayan qoca,
quru ağacı şaqqıltı ilə kəsib aşırıbmış. Aha, özündən razı halda qollarını
çırmalayıb, bircə köynəkdə ciddi-cəhdlə işə girişmişdi. Hələ bu vicdansıza bir
bax, yaxınlıqdakı alma ağacının budağından da təklifsiz-filansız köhnə papağını
asmışdı. Necə də gümrah görünür, elə bil? öz ağacını kəsir!
– Bir buna
bax! Neynirsən? – Bektur iri addımlarla qonşusuna tərəf gedə-gedə qəzəblə
dilləndi. Ancaq qonşu heç vecinə almayıb, ona tərəf baxmadı da. Yəqin
eşitməyib, bir qulağı mayıfdı axı, həm də həyətə bitişik böyük yolla
bir-birinin dalınca gurultu ilə iki-üç ağır yük maşını keçirdi.
– Ey, kar
şoğərib! Soruşuram, bu ağacı niyə kəsirsən? Olmaya ağac əkmisən?
Əhmədin arvadı Zuura idi. Kök, kösöv kimi qara və qılıqsızdı. Ailədə azğınlığına görə onunla ayaqlaşa bilən bir qadın belə yox idi. İndi budur, ətəkləri yellənən rəngbərəng don əynində qaz kimi fısıldayaraq haldan-hala düşüb kişilərə tərəf qaçırdı.
– Vay sizi, ake, bu nə həngamədi? – Əhmədin arvadı qır-saqqız olub qopmurdu, – az qala onu öldürmüşdünüz. Biz axı nə günahın yiyəsiyik? Axı sizə həmişə hörmət eləmişik. Bunu ki özünüz də bilirsiniz.
Qızışmış qocalar Zuuraya əhəmiyyət vermirdilər. Əhməd Bekturdan dörd-beş yaş kiçik idi, bundan başqa, ata tərəfdən bir-birinə qohum idilər. Buna görə qadın qonşunu "ake” çağırırdı.
-Soruşuram, bu ağacı niyə kəsirsən?-Bektur şəhadət barmağını Əhmədin alnına toxundurmaq istədi, ancaq o özünü yayındıra bildi. Bektur yöndəmsiz, ancaq güclü idi, şəhadət barmağını qonşunun alnına dirədi. Bu onu ağrıtdı. Əhməd özünü saxlaya bilmədi:
–Axmaq, – o ufuldayaraq zarıdı. Belə söyüşlər adətən onun sevimli söz yığını idi və o sanki belə də lazımmış kimi söyürdü. Ancaq bu dəfə təhqir Bektura möhkəm toxundu, ona elə gəldi ki, canına yaba soxdular.
– Ə, nə danışdığını bilirsən? Allah cəzanı versin! – Bektur çovuyan gülləni tuturmuş kimi sıçradı, – Belə qələt qırarlar, ə? Sən ki anamın əllərindən yemək yeyə-yeyə böyüyübsən. Gözündən gəlsin! – deyib Bektur şahin kimi Əhmədin peysərindən yapışıb kəskin hərəkətlə itələdi.
– Kömək eləyin, öldürürlər – İkiqat olub zarıyan və torpağa düşüb qalımış Əhmədin qarşısında dayanan arvadı ciyiltili səslə qışqırdı, – ay ca...ma...at! Kömək eləyin, öldürürlər!
– Bir buna bax, söyüş söyməyinə bax, yaramaz! Sənin özünü necə, ana doğub, ya başqası, heyvanın biri heyvan?!
Bektur mərhum anasının təhqir edilmiş, şərəfinə görə heç vaxt olmadığı dərəcədə kədərli halda Əhmədin sinəsinə təpik vurmaq niyyətilə ayağını möhkəmcə irəli uzatdı. O isə hələ də yarıqat halda köməksizcəsinə yerdə uzanıb qalmışdı və əgər arxadan özünü yetirən arvadı olmasaydı, o, havası çıxmış top kimi zərbədən yastılanıb qalacaqdı. Bəs necə, əgər boyu iki metrə çatan iri sümüklü, ölçüsü qırx beş də olmasa, yüz faiz qırx dörd olan çəkmə geymiş üzü üzlər görən, iri uzunboğazı ilə hədəfə vursaydı, hər şey alt-üst olacaqdı. Qabırğaları xurd-xəşil olmasaydı, yaxşıydı.
Bekturun özünü yetirən arvadı bəs qədər möhkəm qadın idi. O, öz ərinin qoluna girib, onu evə tərəf çəkdi:
– Bəsdi, qoca, yetər! Böyük-kiçik qarşısında ləyaqətini itirmə! Camaat nə deyər?
Ancaq onun məyus olmuş əri arvadı ilə razılaşmayaraq qızışdı:
– Məgər onun əməllərinə dözmək olar? Ağacımı kəsdiyi bəs deyil, hələ söyür də...
– Evdə gəlinin, oğlun nə deyər sənə, bir utan! Elə elə ki, sabah söz-söhbət mövzusu olmayasan!
– Nə olub? Siz artıq az vaxt deyil qızışıbsız. Bu nə xoşagəlməz haldı? – qəfil gələn səsə tərəf çəpərin dalından at belində görünən ağsaqqal Toktomambetə hamı birdən nəzər saldı. Artan mərəkədən heç kim ağsaqqalı və öz yiyəsinin dalınca kölgə kimi gəzən kürən iti görməmişdi. Qaşqabaqlı adamlardan qorxsa da, it bir müddət uzunboğaz çəkmələri və şalvarları iyləyə-iyləyə onların arasında vurnuxurdu.
– Səsiniz aləmi başına alıb. Nə məsələdi? Nə bədbəxtlik üz verib?
Adətən, Bektur möhkəm söymək istəyən zaman axırıncı sözlərini udurdu, ancaq bu dəfə qətiyyətlə "necə lazımsa yağladım” deyə əlavə elədi. Əməlli-başlı hirslənmişdi. Ağappaq olmuş Əhməd bir kəlmə də demədi. Əvəzində arvadı qızışdı:
– Bu nə sözdü, deyirsiz, ake? Mən hər şeyi öz gözlərimlə gördüm. Siz qaçıb gəldiniz, qolaylanıb yazığı vurub yıxdınız. Birdən başı daşa dəysəydi, onda nə olardı, hə? Partlayardı... Allah bilir, nə olardı? Birdən iti budaq sinəsinə keçərdi, onda necə?
– Heç nə partlamayıb ki? O heç Allaha da lazım deyil. Belə küt kəllə kərəminə qurban olduğumun nəyinə gərəkdi? Partlasaydı, bundan yaxşı idi...
– Hım... Həə, deməli, yaxşı iş olmayıb, – Toktomambet ani hökm sürən sakitlikdən istifadə edərək fikirli halda dilləndi. O, əlində qamçı-qırmanc, azacıq yana sarı əyilib sanki hamını sakitləşdirməkdən ötrü münasib qərarı tapa bilmirdi. Hər necə olsa da, o, köhnə sovet fəallarından idi, vəzifəsinə görə nəsə deməli idi. İşə bax ki, bu üzüntülü məqamda ağlına bir dənə də olsun münasib söz gəlmirdi.
– Mənsə fikirləşirdim, sədd bu arxdır... Həm də ağac bizə daha yaxındır, – Əhməd dodağı altda mızıldandı, dili birdən açılmışdı, – elə belə də deyə bilməzdin? Vurub yıxmadan! – onun hirsinin, hikkəsinin sonu yox idi. Əhmədin nəsə demək istədiyini görən Bektur onu qabaqladı:
– Mən bir dəfə, iki dəfə yox, çox dedim, ancaq sən məni eşitmədin. Bəs onda neyləyəydim? Necə, durub baxardım ki, ağac haçan aşacaq? Bu arxı da mən qazmışam. Onda istəyirdim ağacın arxasından çəkim, ancaq sənin quruyub qaxac olan atan etiraz elədi, onun bir azca torpağa heyfi gəldi.
Görünür, Bekturun məhvedici tonda dediyi sözlər ona pis təsir elədi.
– Bəsdir! Atam haqqında belə danışma, qaxac özünsən, – Əhməd çımxırdı, hətta üzündəki tüklər belə qabardı, – Atamın ruhunu rahat burax!
– Sən özün başladın, atamı...
– "Sən”ə keçdin, həə? Elə bil beşiyimi bu yelləyib... Mən müharibə vaxtı səni xilas eləmişəm, onda qoturdan öləcəkdin, səni yudum, təmizlədim, yedizdirdim. Bəlkə, belə deyil?! Sonra qoyun kəsdim, bu qadınla kəbininizi kəsdirdim. Onda sənin qotur arvadın da yox idi. İndi yadından çıxardıbsan hə? Piydən gözün ayağının altını görmür.
Qışqırıq yenidən başladı. İki kişi bir-birini eşitmədən bağırır, yəqin ki, qəbirlərində o üz-bu üzə çevrilən çoxdankı ölülərini də söyürdülər. Lap ağını çıxartmışdılar. Qohum-qonşular ağıllarını itirib bir-birinin üstünə dartınır, bir-birinin üstünə atılmağa hazır idilər. Bu arada onların arvadı ucadan qışqırıb ağlayaraq ərlərini geri çəkirdilər. Necə deyərlər, baş qarışanda tədricən kiminsə qucağına düşürsən, nəticədə daha böyük qalmaqal yaranır.
Cavabında Bektur qışqırdı:
– Yaxşısı budur tabutu arvadına düzəlt! Qoy bu mənim sizə dilənçi payım olsun! – hirsindən o özünü saxlaya bilmir, xırıltılı səslə ağzına gələni deməkdə davam eləyirdi. Onun keçmiş gəlini, Əhmədin özünü abırlı aparmağa çalışan arvadı da artıq indi kənarda qalmışdı.
– Boyunu yerə soxum! Çürük, yöndəmsiz uzundraz! Mənim bambılılığımı harda görübsən? – qadın əməlli-başlı özündən çıxmışdı.
Bircə Bekturun hövsələli qarısı hələ də onları sakitləşməyə çağırırdı. Əgər o da latayıra başlasaydı, ərinin tərəfini saxlasaydı, onda kişilərin davası qaçılmaz olacaqdı, qadınlar özləri də saçyoldusuna çıxacaqdılar. Bu isə yaxşı heç nədən xəbər vermirdi.
Qışqırıq və səs-küy eşidən qonşular, küçəni keçən veyillər, hardasa on-on iki qadın-kişi artıq həyətdə vurnuxurdular. Yaxında tükləri tərpənmədən sakitcə dayanmış qohumlar özlərini elə aparırdılar ki, guya, onları sakitləşdirməyə çalışırlar, ancaq bununla belə etirazların qızışması dərəcəsindən asılı olaraq hər biri bu və ya digər tərəfə qahmar çıxır, sonda – nəticədə adamlar özləri də bilmədən bu ayırd eləmədə iştirakçı olduqlarını görürdülər.
– Bəsdi, Zukeş, nə oldu ki? Bəsdi, qurtar!...
– Vicdansız belə sözü necə dilinə gətirdi?! – Zuuranın tərəfində duranlar onu müdafiə eləyərək cidd-cəhdlə Bektura hücum çəkdilər.
– Səni görüm, biabır olasan!
– Haramızda yüngüllük görübsən?!
– Eje, əzizim, qabağını alın, yoxsa...

– Ağzını yum, yoxsa...
– Məgər Bektur yaxşı hərəkət elədi? Belədirsə, onu sakitləşdirin!
– Çıx get, burdan!
– Niyə itələyirsən?
– Aşağısından tutma, adətən o, çürük olur, – kimsə hələ də dayanmış hündür ağacın kəsilməsilə bağlı məsləhət verdi.
– Həə, aşağıdan kəsməyə sənin gücün çatmaz.
– Gərək ehtiyatla kəsəydin. Birdən başqa tərəfə, düz evin üstünə yıxılsaydı, nə olardı?
– Gərək yuxarıdan kranla saxlayaydıq...
– Lənətə gəlmiş.
– Yöndəmsiz əclaf, keçən dəfə quzumuz onun həyətinə keçmişdi, heyvancığazın ayağını qırdı. Yadınızdadı? – bunu Bekturdan bir ev aralı yaşayan Kaçkın ucadan dedi. O keçən incikliyi xatırlayıb, şəraitdən istifadə edərək qınayıcı tərzdə danışır, ürəyində yığışıb qalanların hamısını açıb tökürdü. Əyri Asan onun sözlərinə qüvvət verdi:
– Keçən il mənim oğlumla suvarma suyu üstündə mübahisə eləyib, kətməni uşaqdan almışdı. Heç sonra da qaytarmadı. İndi qaytar kətməni.
Adamların sayı hiss olunmadan artırdı. Bekturun qonşularının qonşuları, onların da qonşuları, küçənin axırında yaşayan Amanay və Beyşebay isə burun-buruna bir-birinə xoruzlanmağa başladılar:
– Mənə neyləyəcəksiz, hə?
– Əhmədnən birlikdə mənim eşşəyimin pulunu verin!
– Allah bəlanızı versin, kiriyin! İndiyəcən sakitləşməyibsiniz hələ? – Ağsaqqal Toktomambetin kütlə üzərində qəfildən uca səsi eşidilməsəydi, kim bilir, bütün bunlar nə vaxt, nə ilə qurtaracaqdı? Ağsaqqal işlərini çoxdan qurtarıb geri, evinə qayıdırdı. Onun gündüz necə çıxıb getməsini heç kim sezməmişdi.
– Sən burda nə itiribsən, axmaq qadın? Get evinə! – Toktomambet özünün dişsiz qarısını görüb, onu qamçı ilə hədələdi, qarı isə duruxub qorxa-qorxa evə tərəf üz tutdu, – bircə sən çatmırdın. Ay səni...
Hələ də canısululuğunu itirməyən Toktomambet amiranə tərzdə boğazını yırtırdı. Axı bir vaxtlar briqadir olmuşdu.
– Bir qurumuş ağacdan ötrü qohumluq münasibətlərinin ikitirəliyini istəyirsiniz? – Toktomambet sözünə davam etdi, – yerli-dibli vicdanınızı itiribsiniz, utanıb qızarmırsınız!
O fikirləşirdi ki, indiyəcən qalmaqal həmin o ağaca görə sakitləşməyib, hardan biləydi ki, indi səbəb artıq çoxdankı incikliklərdi.
– Cəhənnəm ol e! Mənim başbilənimə bax! – kimsə dilləndi.
Bu kimsə, görünür, o, Toktomombetdən yanıqlı idi. Ola bilsin çoxdankı inciklik üzə çıxırdı. Üzünə heç nə deməyə cürəti çatmasa da, belə məqamları da fövtə vermirdi.
– Siz mənim arvadıma sataşırsınız? – Taştan adamları bir-birindən ayıra bilməyərək sağa-sola, kim gəldi qamçılamağa başladı, – Al! Al! Bu da sənin! Mənim arvadıma nə sözün ola bilər, hə?...
Qamçı yeyənlər də, hələlik ondan yayınanlar da – bütün kişilər və qadınlar qızışıb hücum eləyən çalağandan qaçan toyuqlar kimi hərə bir tərəfə dağılışdı.
– Kömək edin!
– Öldürəcək!
– Bu ki qudurub, lül-qənbərdi!
– A-aa...